Ana səhifə / Siyasət / Mehman Hüseynov: «Bircə görüntü ortaya qoysalar, 200 il həbsə də razıyam»

Mehman Hüseynov: «Bircə görüntü ortaya qoysalar, 200 il həbsə də razıyam»

Mehman Hüseynovun özü və vəkilləri məhkəmədə çıxış edib 

 

Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində bloqçu Mehman Hüseynovun barəsində Suraxanı rayon məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Vaqif Mursaqulov bildirib ki, ötən məhkəmə iclasında müdafiə tərəfinin hakimlər kollegiyasının tərkibinə verdiyi etiraza Bakı Apellyasiya Məhkəməsinin sədri tərəfindən baxılıb və əsassız olduğu üçün təmin edilməyib.

“Bizimyol.info” saytının yayığı xəbərə görə, prosesdə çıxış edən vəkil Elçin Sadıqov bildirib ki, M.Hüseynov barəsində məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayət prosessual qanunvericiyin tələblərinə uyğun hazırlanmayıb, həmçinin məhkəmə aidiyyatı pozulub. “Hazırlıq iclasının qərarı və müvafiq sənədlər hələ də mənə və Mehman Hüseynova təqdim edilməyib. Baxış zamanı çəkişmə pronsipi pozulub. Bizə xüsusi ittihamçını dindirməyə imkan verilməyib. Məhkəmə onu heç məhkəməyə gəlməyə də dəvət erməyib. Həmçinin müdafiə çıxışının hazırlanlanması üçün vaxt verilməyib, şərait yaradılmayıb. Qısa vaxt ərzində tələm-tələsik hökm çıxarılıb”.

Elçin Sadıqov qeyd edib ki, qanunla ifadə azadlığına görə sübuetmə vəzifəsi cavabdehdə olsa da, real vəziyyətdə sübuetmə imkanına baxılmalıdır. “Əgər polis saxlayana qədər Mehmanın səhhəti normal olubsa və polis idarəsinə gətirildikdən sonra vəziyyəti pisləşibsə, bu halda işgəncə faktının sübuta yetirilməsi vəzifəsi artıq dövlətin üzərinə düşür”.

Vəkil Şəhla Hümbətova bildirib ki, M.Hüseynovun polisə qarşı qərəz nəticəsində böhtan atdığı barədə iddia həqiqəti əks etdirmir. “Mehman dəfələrlə «ASAN xidmət»ə müraciət edərək şəxsiyyət vəsiqəsi almaq istəsə də hər dəfə polis onu saxlayaraq bir müddətdən sonra sərbəst buraxılıb. Amma heç birində də təzyiqə və işgəncəyə məruz qalması barədə açıqlama verməyib. Son saxlamada isə məhkəmənin qarşısındakı çıxışına baxan hər kəs şahid oldu ki, o hansı vəziyyətddədir. Psixoloji cəhətdən sağlam, təbiətcə sakit insan olan Mehmanın hansı psixoloji durumda olduğunu öyrənmək üçün sadəcə o videonu psixoloqa göstərmək lazım idi. Psixoloq onun işgəncəyə məruz qalması barədə rəy verə bilərdi. Ancaq DİN məsələni araşdırmadan dərhal açıqlama verdi ki, Mehman Hüseynov qərəzlidir və yalan danışır, hüquq mühafizə orqanları isə sırf DİN-in açıqlaması istiqamətində fəaliyyət göstərdilər və nəticədə Mehman həbs olundu”.

Ş.Hümbətovanın sözlərinə görə 1-ci instansiya məhkəməsi ümumiyyətlə məsələni araşdırmayıb. “Bütün vəsatətlər əsassız olaraq rədd edilib. Sübutların toplanması, şahidlərin dindirilməsi həyata keçirilməyib. Nəinki lehinə olan, hətta əleyhinə ifadə verən şahidlər də məhkəməyə çağırılmayıb. Onun barəsində hökmə qədər “başqa yerə getməmə” barədə qətimkan tədbiri seçilib. Məhkəmə müşavirəyə gedən zaman isə ona məhkəmədən çıxmağa icazə verməyiblər. Bu isə onu göstərir ki, hələ müşavirəyə gedən hakimlər artıq hökmün nə olacağını əvvəlcədən bilirdilər. Bu səbəbdən də heç bir araşdırma aparmağa lüzum görməyiblər. Çünki araşdırılsaydı, Mehmanın günahsız olduğu ortaya çıxacaqdı. Məqsəd onu cəzalandırmaq və bloqçu kimi yaydığı “lazımsız məlumatlar”ın qarşısını almaq idi. Buna görə də M.Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm” – deyə vəkil bildirib.

Daha sonra M.Hüseynovun özü çıxış edib. “Dünən hakimlər “doğru” qərar verdilər ki, şikayətə məhkəmə istintaqı olmadan baxılsın. Çünki burada istintaq aparılsaydı, mənim günahkar olmadığım ortaya çıxacaqdı. Mən isə günahsız olduğumu bilirəm, siz istintaq aparmadınız, amma mən öz istintaqımı çıxışımla edəcəm və günahsızlığımı sübut edəcəyəm. Son illər polis insanları məcbur edir ki, qatığa qara desinlər. Deməyənə işgəncə verirlər, sınıdırırlar. Amma mən o vətəndaşlardan deyiləm. 8 ildir jurnalsitika fəaliyyəti ilə məşğulam. Bu işə başlayanda bilirdim ki, əziyyətlər, təzyiqlər olacaq, bu iş mənə çox baha başa gələcək. Çünki Azərbaycanda söz azadlığının qiyməti çox bahadır. İnternetə axtarış versəniz, 100-lər məlumat var ki, Mehman oğurlanıb, Mehman sərbəst buraxılıb. Nəsimi polisi ikinci dəfə idi ki, məni oğurlayırdı. Birinci dəfə oğurlayanda çıxıb idarənin düz qarşısında demişdim ki, polis məni oğurlayıb idarəyə aparıb. Bu da bir çox saytlarda var. Nəyə görə o vaxt çıxıb demədilər ki, biz oğurlamamışıq. Hətta olub ki, polisdə sillə də vurublar. Bu barədə heç yerdə məlumat verməmişəm. Demişəm ki, vurublar, vurublar da.

2016-cı il sentyabrın 12-i, ya da 13-də Məmməd Araz küçəsində Bakı Şəhər Baş Polis İdarəsinin işçiləri yenə məni oğurlayıb aparmışdılar. Cinayət axtarış idarəsinin rəis müavini mənə alçaldıcı sözlər dedi və xəbərdarlıq etdi ki, polis haqqında mənfi məlumatlar yaymayım. Onu da tapşırdı ki, bu barədə heç kimə məlumat verməyim. Vəkilim bununla bağlı şikayət vermək isəyəndə onu məcbur etdim ki, lazım deyil. Yəni mənim polisə qarşı qərəzim yoxdur ki, böhtan atım. Başıma nə gəlibsə onu demişəm. Məni xüsusi ittiham qaydasında məhkəməyə verib tutduran Musa Musayevi isə ümumiyyətlə tanlmıram”.

M.Hüseynov bildirib ki, ona qarşı təxribata 2016-cı ilin dekabr ayında da cəhd ediblər. Ancaq baş tutmadığına görə, yanvarın 9-da yenidən əməliyyat qurulub. O qeyd edib ki, 7-8 nəfər mülki geyimli şəxs başına torba keçirərək, onu polis idarəsinə aparıblar. İdarədə ona qarşı işgəncə faktları olub. “Açıq damar olan ayağıma elektroşok verdiklərinə görə «sudurğa» tutmuşdu. İndi xüsusi ittihamçının nümayəndəsi deyir ki, guya polis humanistlik göstərərək mənə təcili yardım çağırıb. Amma onlar gördülər ki, ölürəm, həkim çağırdılar. Mən neçə ildir ki, açıq damardan əziyyət çəkirəm. Şəxsiyyət vəsiqəm olmadığına görə də əməliyyat oluna bilmirəm. Heç bir xəstəxana qəbul etmir. Hətta polisdən xahiş etmişdim ki, bir günlük vəsiqə versinlər, lap polis də yanımda otursun, əməliyyat olunum, sonra yenə alsınlar əlimdən. Yenə razılaşmamışdılar”.

Mehman çıxışına davam edib: «Təcili yardım həkimi polisə dedi ki, bu adam xəstəxanaya getməlidir. Dedilər ki, yox, sən ona iynə vur sakitləşsin, səhərə kimi burada qalmalıdır. Mənə nə olduğunu bilmədiyim iynə vurdular. O vəziyyətdə, huşsuz olduğum halda mənə hansısa sənədlərə qol çəkdirdilər. Səhər məni PPX avtomobili ilə apardılar məhkəməyə. Məni aparan polislər dedilər ki, Mehman biz səni tanıyırıq, izləyirik, səni niyə tutublar. Dedim siz bilmirsinizsə, mən də bilmirəm. Orada uşaqlar mənə yemək gətirmişdilər, həmin yeməyi də onlarla böldüm. Sonra proses başladı. Dedilər ki, guya mən Təhməzov adlı şəxslə dalaşmışam. Hal şahidi kimi gətirilən şəxsləri də tanıdım. Mən reportyor olduğum üçün çox yaxşı vizual yaddaşım var. Mən onları müxalifətin mitinqində camaatı sürüyərkən görmüşdüm. Özlərinə də dedim, dedilər ki, hə, olmuşuq, amma polis yox, müxalifətçi kimi. Sonra bizi guya dalaşandan sonra aparan polisləri çağırdılar. Bayaqdan mənimlə bir yerdə olan, yeməyimi böldüyüm polislər də dedilər ki, hə biz aparmışıq bölməyə. Bu işin nə qədər saxta olduğunu hamı gördü. Hakim də bildi ki, məni şərləyiblər. Bəlkə də mənə 30 sutka həbs verəcəkdilər, amma hakim işin nə qədər saxta olduğunu görüb məni 200 manat cərimə ilə sərbəst buraxdı. Çıxandan sonra isə bunların hamısını KİV nümayəndələrinə danışdım”.

Mehman Hüseynov vurğulayıb ki, əgər onun dalaşması, PPX maşınında aparılması, polis bölməsinə Təhməzovla birgə daxil olması barədə bircə dənə görüntü ortaya qoysalar, 2 il deyil, 200 il də həbs cəzasına razıdır.

Çıxış edən vəkil Fuad Ağayev bildirib ki, M.Hüseynova qarşı qeyri-insani rəftar əslində 2012-ci ildən başlayıb. “Ona şəxsiyyət vəsiqəsi verilməməsi, əməliyyat oluna bilməməsi əslində işgəncədir. Onun sözlərinə görə, M.Hüseynovun işi həm prosessual, həm də maddi hüquq pozuntuları ilə müşahidə edilib. O vurğulayıb ki, Mehmanın günahsızlığını isbat edən sübutlar xüsusi ittihamçının – polisin öz əlindədir” – deyən vəkil məhkəmədə ədalətli qərar şıxarmasını istəyib.

Xüsusi ittihamçının nümayəndəsi Ə.Həbilov isə apellyasiya şikayətinin əsasssız olduğunu deyərək, təmin edilməməsini xahiş edib.

Məhkəmə müşavirəyə çıxıb. Aprelin 12-da saat 10.00-da keçiriləcək prosesdə qərar elan ediləcək.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

O, işgəncə faktının araşdırılması və cinayət işi başlanması üçün prokurorluğa müraciət etsə də, prokurorluq cinayət işinini başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

DİN də onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın