Tanınmış jurnalist Mehman Cavadoğlu Azərbaycan Demokratiya və Rifah Partiyasından (ADR) istefa verib.
Bu barədə Pravda.az-a ADR sədrinin keçmiş müavini Əlövsət Talışxanlı məlumat verib.
Partiya sıralarından İbrahim İbrahimli və Etibar Bayramlı da istefa verib.
İ.İbrahimli istefasının səbəbini belə izah edib: “Separatçılıq, reputasiyası şübhəli fərdlərin şirnikləndirilərək təşkilata doldurulması vicdanlı üzvlər tərəfindən narazılıqla qarşılanmağa başlamışdı. Üzvlərə təlqin olunurdu ki, tezliklə ölkə rəhbərliyi dəyişdiriləcək, Qubad İbadoğlu ABŞ tərəfindən ölkəyə rəhbər gətiriləcək, onun arxasında 50-dən çox konqresmen dayanır və s. Bu məqsədlə Qubad bəyin təsir altına düşmək kimi zəif xarakterindən istifadə edən qaragüruh çevrə təşkilatı tamamilə marginallaşdırdı və sədr də bu xətti dəstəkləməyə başladı. Qubad İbadoğlunun ölkədaxili proseslərə münasibətindəki istiqamət məhz bu şəxslərin ritorikası ilə İdarə Heyətinin toplantılarından qaynaqlanırdı. Bununla razılaşmayan insanlar, partiyadan istefa verməyə başladılar. Bu istefalara öyrədilmiş partiya üzvlərinin göstərdiyi qeyri-etik münasibət, şər kapmaniyası, partiyadaxili mühitin nə qədər murdar, eybəcər və artıq geridönməz olduğunu göstərdi. Son proseslər bunların məntiqi nəticəsi kimi bir daha göstərdi ki, istefa verənlər nə qədər haqlı imiş. Bütün bunları nəzərə alaraq, ADR Hərəkatından istefa verdiyimi bildirirəm”.
Hər üç şəxs “Milli Düşüncə və İnkişaf” İctimai Birliyində təmsil olunacaqlar.