Şənbə , May 25 2019
Ana səhifə / Siyasət / “Media mənim ən yaxın dəstəkçilərimdən biridir” – İlham Əliyev

“Media mənim ən yaxın dəstəkçilərimdən biridir” – İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə çıxış edən dövlət başçısı Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Prezident Azərbaycanda 1998-ci ildə senzuranın ləğv olunmasının müstəqil medianının yaranması və inkişafı üçün təkan olduğunu deyib. O bundan sonrakı mərhələdə isə özünü tənzimləmə strukturu kimi Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Prezident İlham Əliyev eyni zamanda mediada olan qeyri-peşəkarlıq meyllərinə də toxunaraq deyib ki, Azərbaycan mediası illər keçdikcə özünü daha da peşəkarlaşdırır, əvvəlki illərdə mövcud olan qeyri-etik yazılar, təhqiramiz materiallar yavaş-yavaş azalır, media daha çox milli mövqedən çıxış edir.

Dövlət başçısı MŞ-nin jurnalistlərin hüquqlarını qoruduğunu, iqtidarla mətbuat arasında körpü rolunu oynadığını xüsusi vurğulayıb.

Prezident İlham Əliyev mediada yer alan tənqidlər barədə danışaraq bildirib ki, o, medianın müxtəlif sahələri tənqid etməsini təqdir edir, bəzən özü də müxtəlif tənqidi məqamlar, çatışmazlıqlarla bağlı məsələləri mediadan öyrənir, bununla bağlı müxtəlif göstərişlər verir: “Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir”.

Prezident medianın beynəlxalq əlaqələrinə də toxunub. Qeyd edib ki, medianın maddi-texniki bazasının gücləndirilməsi, peşəkarlığı ilə yanaşı, beynəlxalq əlaqələrinin genişləndirilməsi də vacibdir.

Dövlət başçısı xüsusi olaraq internet medianın fəaliyyətinə toxunub. O, Azərbaycanda internetin azad olduğunu deyib, internet medianın daha çox dildə fəaliyyət göstərməsi, daha çox ölkədə müxbir məntəqələrinin olmasını təqdirəlayiq hal sayıb.

Prezident bildirib ki, medianın beynəlxalq əlaqələrinin gücləndirilməsi, transmilli, digər ölkələrin media orqanları ilə əlaqələrinin qurulması, həmçinin erməni diasporunun Azərbaycana qarşı apardığı mübarizənin qarşısının alınması üçün Azərbaycan mətbuatı öz fəaliyyətini daha da gücləndirməlidir. Bunun media ilə bağlı prioritet sayılan məqamlardan biri olduğu qeyd edilib.

Dövlət başçısı media orqanlarının dünya mediası ilə əməkdaşlıq formatlarının tapılması, bu cür əməkdaşlıqların qurulmasının arzuedilən olduğunu vurğulayıb.

Daha sonra tədbirdə MŞ sədri Əflatun Amaşov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu müxtəlif təkliflərlə çıxış ediblər.

Ə. Amaşov Azərbaycan milli maraqlarının qorunmasında xidmətlərinə görə MŞ-nin xüsusi diplomunu prezident İlham Əliyevə təqdim edib.

Daha sonra dövlət başçısı Əflatun Amaşovu, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlini 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, MŞ İdarə Heyətinin üzvləri Rauf Arifoğlu və Azər Həsrəti isə “Əməkdar jurnalist” adı ilə təltif edib.

Sonda xatirə şəkli çəkdirilib

Həmçinin oxuyun

“1990-cı illərdəki xəyanətlərin üstü açılmayacaq hələlik…”

Bu yaxınlarda keçmiş müdafiə naziri Rəhim Qazıyev verdiyi müsahibədə eks-prezident Ayaz Mütəllibov, eks-spikerlər Yaqub Məmmədov, İsa …

Bir cavab yazın