Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Manatın devalvasiyası ən çox lombardların işinə yarayıb – REPORTAJ, FOTOLAR

Manatın devalvasiyası ən çox lombardların işinə yarayıb – REPORTAJ, FOTOLAR

Manatın devalvasiyasından sonra kommersiya banklarının kredit siyasətini dəyişərək, manatla kredit verməkdən imtina etməsi və dollarla kreditlərin həcmini artırması banklara üz tutan vətəndaşların sayını azaldıb. Dolların yaxın gələcəkdə də bahalaşması gözlənildiyindən insanlar bu riski göz almaq istəməyərək, gözləmə mövqeyinə keçiblər.
Digər tərəfdən, problemli kreditlərin həcminin artması bankları kredit şərtlərini də ağırlaşdırmağa məcbur edib. Bankların müştərilərini itirməsi ilə paytaxtda fəaliyyət göstərən lombardlara üz tutanların sayı artıb. Burada kredit şərtlərinin daha sadə olması, iş yerindən arayış, zamin və sair tələb olunmaması vətəndaşları lombardlara üstünlük verməyə vadar edib.
Bəs, görəsən devalvasiyadan sonra lombardlarda vəziyyət necədir? Müştərilərin sayında artma yoxsa, azalma müşahidə olunur? Lombardlarda kredit manat yoxsa, dollarla təklif olunur?
Bu suallara aydınlıq gətirmək məqsədilə musavat.com-un müxbiri paytaxt Bakının mərkəzində fəaliyyət  göstərən lombardlara üz tutub.
Lombardda çalışanlar da bildirirlər ki, son zamanlar müştərilərin sayı artıb. Buna səbəb isə lombardların hələ də manatla kredit verməsidir. Bir neçə ildir ki, lombardda işlədiyini deyən Fərahim Abbasovun sözlərinə görə, artıq onlar da manatla borc vermək istəmirlər: “Biz də tədricən dollarla kreditə keçmək istəyirik. Çünki, bu cür sərf eləmir. Banklar bizə pulu dollarla verir, biz isə müştəriyə manatla veririk. Əgər bir müddət sonra dollar yenidən bahalaşsa, biz ziyana işləyəcəyik. Ancaq dolların adı çəkən kimi müştəri ofisi tərk edir. İndi heç kim dollarla borc almağa risk eləmək istəmir”.
Başqa bir lombard işçisi də qeyd edir ki, lombardlarda şərtlər daha sadədir: “Sadəcə, girov qoyacağın qızılı və şəxsiyyət vəsiqəsini gətirmək kifayət edir. Burada qızılın və digər qiymətli əşyaların dəyəri ölçülür və ona uyğun borc verilir. Məsələn, 250 qram 750 əyarlı qızıl girov qoymaqla, 5000  manat pul götürmək mümkündür. Müştəri ilə girov müqaviləsi bağlanır. Borca görə hər ay faizin ödənəcəyi gün müəyyən olunur və müştərinin istəyindən asılı olaraq, borcun ödənilmə tarixi göstərilir. Borc müddəti 1 aydan 1 ilə kimi uzadıla bilər. Əgər borc vaxtında ödənilməzsə, bizim girov qoyulan qızılı satmaq hüququmuz var. Adətən, borcunu ödəyə bilməyən müştəriyə 1 ay 10 gün əlavə vaxt tanınır. Ancaq biz bəzən 2-3 ay da gözləyirik”.
Lombard işçilərinin sözlərinə görə, onlara əsasən əhalinin kasıb təbəqəsi müraciət edir. Borc olaraq götürülən kreditlərin həcmi isə 1000 manatdan yuxarı deyil. Lombard işçisi Fərahim Abbasov deyir ki, bəzən müştərilər gəlib, 30-40 manat borc istəyirlər, ancaq lombardlarda borc məbləği 50 manatdan başlayır. Aylıq faiz dərəcəsi isə 8 faiz təşkil edir.
Lombard sahibləri indi manatın yenidən ucuzlaşmasından ehtiyat edirlər. Onlar banklardan dollarla pul götürdüyündən bu valyutanın bahalaşması ilə itki verəcəklərini deyirlər. Ancaq bir məqam da var ki, lombardlar əsasən girov kimi qızıla üstünlük verir. Bu isə o deməkdir ki, dolların bahalaşması qızılın da bahalaşması ilə nəticələnir. Bu baxımdan, banklardan fərqli olaraq, lombardlar elə də risk daşımır.
İqtisadçı ekspert Vüqar Bayramov da musavat.com-a açıqlamasında bildirdi ki, lombardlara tələbatın artması gözlənilən idi: “Manatın məzənnəsinin ucuzlaşmasından sonra lombardlara tələbatın artacağı gözlənilirdi. Çünki, kommersiya bankları istehlak kreditlərinin həcmini azaldıblar. Əgər banklar manatın devalvasiyasından əvvəl orta hesabla 6-80 min manat arası istehlak krediti təklif edirdisə, indi istehlak kreditlərinin məbləği 2-4 min manat arasında dəyişir. Praktik olaraq istehlak kreditlərinin məbləği azalıb. Məbləğin azalması ilə yanaşı, kreditlərin alınması prosedurları da çətinləşdirilib, faiz dərəcələri artırılıb. Bu baxımdan, kommersiya banklarından kredit ala bilməyənlər lombardlara üz tuturlar. Lombardların faizi daha yüksəkdir. Çünki onlar faizi aylıq, kommersiya bankları isə illik hesablayırlar”.
Ekspertin fikrincə, məhz kredit şərtlərinin sadə olması və kredit məbləğini razılaşdırmaqda sərbəstliyin verilməsi səbəbindən vətəndaşların lombardlara marağı artıb: “Digər bir səbəb isə odur ki, lombardlar banklardan fərqli olaraq, hələ də krediti manatla təklif edirlər. Ancaq bəzi lombardlar da dollarla kredit təklif  etməyə başlayıb. Lombardlarda borc verilməsi prosedurlarının sadə olması tələbatı daha da artırır. Bankların əksəriyyəti qızılı girov kimi götürmürlər. Ancaq lombardlarda qızılı girov kimi qəbul edirlər. Ailələrin əksəriyyətində qızıl var. Demək olar ki, evində qızıl zinət əşyası olmayan ailə çox az tapılar. Bu da imkan verir ki, qızılı girov kimi təklif etməklə ailə lombardlardan borc pul götürüb, problemini həll edə bilsin. Lombardlar üçün istənilən halda risk yoxdur. Çünki, indiki halda dollar bahalaşsa belə, avtomatik olaraq qızıl da bahalaşacaq. Bu isə lombardların ziyana getməməsini təmin edəcək”.




Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın