Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / “Məşhur cərrah” ixtisasca cərrah deyilmiş…

“Məşhur cərrah” ixtisasca cərrah deyilmiş…

Fəaliyyətində qüsurlara yol verən həkimlər mülki məsuliyyətə cəlb edilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında xaricdən dəvət olunmuş həkimlərin fəaliyyətindəki qüsurların qanunla tənzimlənməsinə münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O qeyd edib ki, işə qəbulla bağlı Səhiyyə Nazirliyinin 2013-cü il tarixli əsasnaməsi var:

“Bu əsasnaməyə əsasən, həkimlərin qeydiyyatdan keçməsi uzun prosesdir. Bu proses də uzun və çətin olduğu üçün qeyri-qanuni yollara baş vururlar. Həkimlərin belə yollardan istifadə etməsi isə bizim bəzi özəl klinikalara sərf edir. Həqiqət budur ki, respublikamızda Səhiyyə Nazirliyinin əsasnaməsinə uymayan, baytarlıq diplomu olan şəxslərin belə həkim kimi fəaliyyət göstərmə hallarına rast gəlinir. Məsələn, model Leyla Oruclunun əməliyyatını edən həkim Sirus Qoçxani ilə bağlı İran səfirliyi ilə əlaqə saxlanılıb. İran səfirliyindən verilən məlumatda bildirilib ki, həmin həkim cərrah ixtisasına sahib deyil. Azərbaycanda isə bu həkim cərrahiyyə əməliyyatlarını həyata keçirir”.

F.Mehdiyev əcnəbi həkimlərin ölkədə fəaliyyət göstərməsi üçün aidiyyəti qurumlardan icazə alınmalı olduğunu vurğulayıb:

“Doğrudur, Sirus Qoçxani icazəli şəkildə ölkədə fəaliyyət göstərsə də, bəzi 1 həftəlik, 10 günlük fəaliyyət üçün ölkəyə gələn həkimlərin çoxu üçün bu icazə alınmır. Bu həkimlərin məsuliyyət daşıması hüquqi əsaslarla tənzimlənir. Bu həkimlər yerli həkimlərlə eyni məsuliyyəti daşıyır. Bu həm cinayət, həm də mülki məsuliyyətdir. Həkimləri dəvət edən tibb müəssisələri də müvafiq sənədləri yoxlamadan əcnəbi həkimləri işə götürürsə, onda həmin müəssisənin də məsuliyyəti ağırlaşır”.

Hüquqşünas bildirib ki, həkimlər fəaliyyətində yol verdiyi qüsurlara görə cinayət məsuliyyətindən daha çox mülki məsuliyyətə cəlb olunmalıdır:

“Çünki bu qəsdli cinayət sayılmır. Ona görə elə həkimlərə tətbiq edilən sanksiyalar aşağıdakılar olmalıdır:

– Lisenziyası müəyyən müddətdə dayandırılmalıdır;

– Təkrar imtahan vermək üçün oxumağa göndərilməlidir;

– Zərərçəkmiş şəxsə, yaxud onun ailəsinə konpensasiya ödəməlidir;

Təəssüflər olsun ki, Azərbaycanda həkimlər zərərçəkmişə ödəməli olduğu pulu rüşvət formasında verərək, məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu sahədə hüquq-mühafizə xidmətləri, məhkəmələr davamlı surətdə işləməlidir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, xaricdən Azərbaycana həkim dəvət edilməsi dövlət səviyyəsində həyata keçirilməlidir, çünki bu iş üçün Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən xüsusi komissiya tərəfindən xarici həkimlərin Azərbaycanda necə fəaliyyət göstərməsi ilə bağlı müəyyən edilmiş qaydalar var:

“Həmin qaydalara görə, xaricdən həkim dəvət edən tərəf bu komissiyaya müraciət edərək dəvət edilən həkimin sənədlərini təqdim etməlidir. Daha sonra Nazirliyin müvafiq komissiyası həkimin çalışdığı ölkənin Səhiyyə Nazirliyi ilə əlaqə yaradır. Göstərilən məlumatların doğruluğu yoxlandıqdan sonra həkimə öz ölkəsində olan tələbat və digər parametrlər yoxlanılmalıdır. Həkimin ölkəyə gəlməsi üçün Səhiyyə Nazirliyindən başqa, Miqrasiya Xidmətinin də icazəsi olmalıdır. Əcnəbi həkimlər yalnız bundan sonra fəaliyyət göstərə bilərlər. İcazədə praktik tibbi fəaliyyət göstərilibsə, həm müayinə, həm də cərrahiyə əməliyyatlarına icazə verilir. Ən əsası isə əcnəbi həkimləri daha çox yerli mütəxəssisləri yetişdirmək məqsədilə dəvət etmək lazımdır. Həkim dəvət edərkən əsasən Azərbaycanda müalicəsi olmayan, əməliyyatı həyata keçirilməyən, tibbi müayinəsi mümkün olmayan xəstəliklərin mütəxəssisləri dəvət olunmalıdır”.

A.Qeybulla hazırda özəl sektorda müxtəlif kateqoriyalı əcnəbi həkimlərin dəvətinin həyata keçirildiyini bildirib:

“Bunlar isə əsasən gəlir, reklam maraqları üçün edilir. Çünki aparılan araşdırmalar göstərir ki, reklamla həmin həkimin səviyyəsi arasında müəyyən fərqlər var. Bu da mənfi halların yaranmasına şərait yaradır. Məsələn, bəzən xəstə əməliyyat olunduqdan sonra həkim xəstəni qoyub öz ölkəsinə gedir, xəstənin sonrakı taleyi ilə heç maraqlanmır. Bu xəstələr isə nəticədə nəzarətsiz qalır. Fikrimcə, bu cür məsələlər müəyyən bir qaydaya salınmalıdır. Daha çox yüksək peşəkarlığa malik olan həkimlərin Azərbaycana dəvət olunmasına səy göstərməliyik. Bu həm də Azərbaycan səhiyyəsinin inkişafına da təkan verə bilər”.

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …

Bir cavab yazın