Ana səhifə / Siyasət / Mərkəzi Bank çıxarılan əmanətlərin məbləğini gizlədir

Mərkəzi Bank çıxarılan əmanətlərin məbləğini gizlədir

“Statistik məlumatların açıqlanması yenə də gecikir, bu, çox səhv və zərərli yanaşmadır”

Mərkəzi Bank statistik məlumatların açıqlanmasını yenə də gecikdirir. Artıq ikinci aydır ki, Mərkəzi Bank bank sektoru üzrə statistik məlumatları açıqlamır. Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, adətən ay başlayan kimi məlumatlar açıqlanmalı olsa da, buna əməl edilmir: “Maraqlıdır ki, Mərkəzi Bankın özünün təsdiq etdiyi ”Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 4.1-ci bəndinə əsasən banklar hər ayın ilk 10 iş günü ərzində bütün statistik məlumatları Mərkəzi Banka təqdim edir.

Özü də elektron formada. Buna görə də bu məlumatların bütün bank sistemi üzrə birləşdirilib icmallaşdırılmasına Mərkəzi Bankın uzağı bir neçə gün vaxtı gedir. Buna baxmayaraq, Mərkəzi Bank bu məlumatları gec açıqlayır. Adətən növbəti ayın əvvəlində. Məsələn, aprel ayı üzrə məlumatlar iyunun ilk günlərində açıqlanıb. Halbuki bu məlumatlar artıq mayın ortasında Mərkəzi Bankın sərəncamında olub. Açıqlama niyə gecikir? Axı bu, statistikadır.

Nəyi gözləyirlər? Bəlkə rəqəmlər xoşlarına gəlmir? Məsələn, Mərkəzi Bankın əvvəlki açıqlamalarına görə, əmanətçilər banklardan mart ayı ərzində 151, aprel ayı ərzində 64, may ayı ərzində isə 116 milyon manatdan artıq əmanət çıxarıblar. Bəs görəsən, iyun ayı ərzində nə qədər əmanət çıxarılıb?

Bəlkə Mərkəzi Bankın həmin rəqəmdən xoşu gəlmir, ona görə də məlumatları açıqlamır? Əslində bu, çox səhv və zərərli yanaşmadır. Çünki onsuz da Mərkəzi Bankın əvvəlki açıqlamalarına da tam etibar yox idi. Bundan sonra isə heç olmayacaq. Statistik məlumatların açıqlanması bu qədər gecikirsə, necə inanaq ki, açıqlamadan əvvəl onlara “əl gəzdirmirlər”? Əmanətçilər bundan sonra banklara necə etibar etsinlər? Xüsusən bankların bir-bir çökdüyü son dövrdə…”

Qeyd edək ki, əmanətçilər pullarını kütləvi şəkildə banklardan geri çəkirlər. Banklarla bağlı devalvasiyadan sonra yaranan durum vətəndaşları risklərdən çəkindirir. Ekspertlərə görə, artıq vətəndaşlar banklara əmanətlərini etibar etmir və əmanətlərini götürürlər.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın