Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Siyasət / “Məni sosial şəbəkələrdə söyüblər, amma mən onlara…” – Fəzail Ağamalı

“Məni sosial şəbəkələrdə söyüblər, amma mən onlara…” – Fəzail Ağamalı

Son günlərdə Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyevin sosial şəbəkələrdə aktivliyi, bəzi sosial şəbəkə istifadəçilərilə mübahisələr xoşagəlməz məcrada uzanmağa davam edir.

Bundan əvvəl bir sıra jurnalistlər və KİV rəhbərləri ilə qalmaqal yaşayan deputatın bu günlərdə yazdığı bir şərh müxtəlif səhifələrdə paylaşılır və istifadəçilər deputatı kəskin tənqid atəşinə tuturlar.

Həmin şərhdə Etibar Əliyev “vaxt ölçüsü” olaraq, qeyri-etik səslənən bir məsəldən istifadə edir və həmçinin: “Onlar elə bilirlər ki, qarşılarında öhdəliyimiz var” deyə bildirir.

Əlbəttə, deputatın cəmiyyətə açıq olması, insanlarla ünsiyyət qurması müsbət haldır. Lakin bu ünsiyyət özünün məcrasından çıxırsa, qarşılıqlı atışmalara, söyüşmələrə gətirib çıxarırsa, o zaman yaranan mənzərə ürəkbulandırıcı olmurmu?

Ümumiyyətlə, cəmiyyətə açıq deputat necə olmalıdır? Yaxud, deputatın öhdəliyi nədən ibarətdir? Sosial şəbəkələrdə deputat hansı öhdəlikləri daşıyır?

Bu mövzuda Bizimyol.info saytına danışan Milli Məclisin İntizam Komitəsinin sədr müavini, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, deputatın öhdəliyi yalnız 30-40 min seçici qarşısında deyil.

“Deputat bütün xalqın qarşısında öhdəlik daşıyır. Əgər hansısa vətəndaş yolda səni saxlayıb öz problemini danışsa, bir millət vəkili kimi dinləyib, məsələni araşdırmağa, o vətəndaşa qanunların icazə verdiyi çərçivədə kömək etməyə borclusan. Bir deputat kimi , o vətəndaşa: “Sən mən seçildiyim dairədən deyilsən” deyə bilməzsən. Deputat hər zaman bu öhdəliyi hiss etməli və daşımalıdır”, – deyə F.Ağamalı vurğulayıb.

Onun sözlərinə görə, son zamanlar sosial şəbəkələrdə bəzi deputatlarla vətəndaşlar arasında yaşanan münaqişələr, polemikalar heç də ürəkaçan deyil.

“Sosial şəbəkələrdə müxtəlif insanlar oturur. Bəziləri heç öz adı ilə də oturmur, ya təbliğatla, ya da təxribatla məşğul olur. Deputat mandatını daşıyan şəxs bütün bunları nəzərə almalıdır. Deputat düşünməlidir ki, kimlərsə onu təxribata çəkə bilər, əsəbiləşdirməyə və özündən çıxarmağa çalışa bilər. Çox zaman da, polemikalar məhz bu şəkildə baş verir. Kimsə nəsə deyir, deputat da özünü saxlaya bilməyib hansısa ifadəni işlədir və onunla da qalmaqal yaşanır”, – deyə Fəzail Ağamalı qeyd edib.

Etibar Əliyevin qeyri-etik hesab edilən ifadəsinin yer aldığı şərhinə münasibət bildirən F.Ağamalı bildirib ki, o, həmkarının bu hərəkətini doğru qarşılamır.

“Deputat leksikonuna, yazdığı sözlərə diqqət etməlidir. Fikri elə əsaslandırmaq olar ki, orda hansısa qeyri-etik ifadə, söyüş olmasın. Məni də sosial şəbəkələrdə söyüblər, amma mən onlara “o söyüşlərin hamısı sizin alnınıza yazılıb” deyib keçmişəm. Hər kəslə mübahisə edib söyüşmək deputata yaraşmaz”, – deyə MM Komitə sədrinin müavini əlavə edib.

Həmçinin oxuyun

“Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi”

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”. Bunu Üzeyir Hacıbəyli – …