Bazar ertəsi , May 10 2021
Ana səhifə / Siyasət / Mən deputat olanda onların nazirlərə necə yaltaqlandığını görmüşəm

Mən deputat olanda onların nazirlərə necə yaltaqlandığını görmüşəm

“Mövcud idarəetmə sistemi elə qurulub ki, onlar ancaq rüşvət və korrupsiyanın elementidir. Bu oturuşmuş sistem halına gətizdirilib. Bu gün Alimpaşanı çıxardıb yerinə başqasını da qoysalar, idarəetmə sistemi qaldıqca bu proseslər davam edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Nazim Bəydəmirli Şəmkir Rayon İcra Hakimiyyətində aparılan antikorrupsiya əməliyyatından danışarkən deyib. Sabiq deputat hesab edir ki, Azərbaycanda məmur həbslərinə ictimai reaksiya  birmənalıdır:
“Bunlar ictimai fikirdə korrupsiya, eyni zamanda daxili çəkişmələrin nəticələri kimi qiymətləndirilir. Hakimiyyət içində müxtəlif qrupların, yüksək vəzifəli şəxslərin vəzifədən çıxarıldıqdan sonra onlara tabe olan və təqdimatları əsasında vəzifələrə təyin olunan orta və yüksək çinli məmurların həbs olunması haqqında Azərbaycan ictimaiyyətində birmənalı fikir formalaşıb ki, bunlar epizodik xarakterlidir və müxtəlif məqsədlərə xidmət edir. Əsas olaraq mən bu fikirlərlə razılaşıram. Görünən odur ki, hər hansı bir nazir işdən çıxarılanda ona bağlı olan deputatların da mandatları əlindən alınır. Çünki mandatlar onlara həmin nazirlərin vasitələri ilə verilib. Eyni zamanda, icra hakimiyyətləri başçıları ya işdən çıxarılır, ya da həbs olunurlar. Bütün bunlar o fikiri tam formalaşdırır ki, burada əsaslı mübarizədən söhbət getmir”. 
Nazim Bəydəmirli Alimpaşa Məmmədovun bu vəzifəyə necə gəlib çıxmasının hər kəsə aydın olduğunu xatırladıb:
“Hesab etmirəm ki, Alimpaşa indiki fəaliyyət göstərən digər icra başçılarından fərqli işləyib. Onlar eyni sistemlə işləyib, eyni mənimsəmələri var, büdcə vəsaitlərindən və rüşvətlərdən qaynaqlanan müxtəlif varidatlar toplayırlar. Bunlar həmin vəzifələrə bacarıqları və qabiliyyətlərinə görə seçilməyiblər. Müxtəlif qohumbazlıq, yerlibazlıq və digər faktorlarla təyin olunurlar. Lazım olan zamanlarda onları “qurban”lıq edirlər, ya da daha böyük vurulmuş məmurun əlaltısı olduğuna görə bu yolla vəzifədən kənarlaşdırırlar. Mən deputat olduğum vaxtlarda onların nazirlərə necə yaltaqlanmasının şahidi olmuşam. Gözümlə də görmüşəm, idarəçiliyini də bilirəm. Hesab edirəm ki,  Azərbaycanda yaltaqlıq və dövlət vəsaitlərini bu yolla mənimsəmək, özünün ölkə başçısına sədaqətli göstərmək mənimsəmələrə xidmət edir. Daha çox vəsait mənimsəmək üçün abartılı şəkildə özlərindən yuxarı vəzifəlilərə yaltaqlıq  nümayiş etdirirlər. Onlar bilir ki,  onların mövcud vəziyyəti bundan asılıdır”.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı keçirilib. Əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra başçısının köməkçisi və müavininin saxlanıldığı deyilir. 

Həmçinin oxuyun

Sergey Lavrov Bakıdadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Belə ki, Lavrov 10-11 may tarixlərində …