Çərşənbə , İyun 29 2022
Ana səhifə / Siyasət / “Məmurlar əlindən gələni edəcək ki, bu məcəllə qəbul olunmasın”

“Məmurlar əlindən gələni edəcək ki, bu məcəllə qəbul olunmasın”

Rəqabət Məcəlləsinin layihəsi Nazirlər Kabinetinə təqdim edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanan Məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.

Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb. 16 ildən sonra yenidən hazırlanan Məcəllənin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Bəs Məcəllənin qəbulunun qarşısı bu dəfə məmur oliqarxlar tərəfindən alınmayacaq ki?

Hüquqşünas Əkrəm Həsənov ASTNA-nın suallarını cavablandırıb.

* * *

– Əkrəm bəy, nəhayət ki, Rəqabət Məcəlləsi hazırlandı və indi müzakirəyə çıxarılması gözlənilir. Niyə illərdir bu haqda danışılsa da, Rəqabət Məcəlləsi qəbul olunmurdu?

– Ona görə ki, layihəni ilk növbədə məmurlar razılaşdırmalıdır. Haqsız rəqabət aparan, inhisarçılıq edən də, bir qayda olaraq, elə məmurlar, onlara mənsub olan bizneslərdir. Şəxsi maraqları ümumi maraqlarla ziddiyyət təşkil edir. Məmurların heç gəlir və xərc bəyannamələri tələb olunmayan ölkədə sahibkarlıq məmur özbaşınalığından asılı vəziyyətdə olmaya bilməz.

– Sizcə, hakimiyyətdə təmsil olunan şəxslərin, məmurların Rəqabət Məcəlləsinin qəbulu marağındadırmı? Bu dəfə də həmin Məcəllənin qəbul olunmaması üçün hansısa maneələr olmayacaq ki?

– Məmurların hamısının biznesi yoxdur. Son dövrdə məmurlar arasında nəinki savadlı, həmçinin dürüst və vətənpərvər kadrların artmasını müşahidə edirik. Əminəm ki, layihə də məhz onların sayəsində yenidən aktuallaşıb və müzakirəyə çıxarılır. Amma təbii ki, əks qütbdə olan məmurlar yenə əlindən gələni edəcək ki, layihə qəbul olunmasın və ya onlara sərf etdiyi məzmunda qəbul olunsun.

– Ola bilərmi ki, Rəqabət Məcəlləsini özlərinə sərf edəcək şəkildə hazırlasınlar və ya Məcəllə qəbul olunsa da, sadəcə işləməyən qanunlar siyahısında qalsın?

– Hazırda bu təhlükə çox yüksəkdir. Nəzərə alsaq ki, Azərbaycanda ümumən normal hüquq elmi və adekvat qanunvericilik sistemi (xüsusilə iqtisadi münasibətlər sahəsində) yoxdur, layihəni elə günə sala bilərlər ki, əhəmiyyəti tam itmiş olar. Yeri gəlmişkən, layihə hələ də Milli Məclisin saytında yoxdur. Deməli, üzərində hələ də iş gedir. O cümlədən mənfi mənada.

O ki qaldı Məcəllənin işləməyən qanunlar siyahısında olacağına, böyük ehtimalla onun əksər müddəalarını ilk illərdə məhz bu aqibət gözləyir. Çünki qanunları tətbiq edən məhkəmələrdir. Qanunların pozulmasına görə istintaq aparan hüquq-mühafizə orqanlarıdır. Bizdə paradoksal vəziyyət yaranıb. Hökumətin iqtisadi və sosial bloku əsasən gənc, savadlı və dürüst kadrların, ədliyyə, məhkəmə və hüquq-mühafizə orqanları isə hələ də köhnə və əksər hallarda savadsız və qeyri-dürüst şəxslərin əlindədir. Buna görə də birincilər yaxşı qanunlar hazırlasa da, ikincilər onları əvvəlki kimi tətbiq etməyə davam edir. Yəni şəxsi maraqları baxımdan.

– Rəqabət Məcəlləsi insanlara, cəmiyyətə nə verəcək?

– Əlahiddə olaraq heç nə. Amma cəmiyyətə həqiqətən lazım olan məzmunda qəbul edilsə və paralel olaraq məhkəmə-hüquq islahatları aparılsa, üstəgəl məmurların şəffaf fəaliyyəti (gəlir və xərc bəyannaməsi) haqda da qanunvericilik qəbul olunsa, hüquqi şəxslərin və daşınmaz əmlakın reyestrləri ictimaiyyətə açıq olsa, bu Məcəllə sahibkarlığın inkişafına ciddi təkan verə bilər. Azərbaycan xalqı işgüzar xalqdır. Ona 3 şey lazımdır. Mülkiyyəti qorunsun, onunla bağlanan müqavilələrə əməl olunsun, onunla haqsız rəqabət aparmasınlar. Məhkəmələr vətəndaşımızın bu hüquqlarını təmin etsin. Bu əminlik hissi olarsa, insanlarımızın səyini, vaxtını və pulunu qoyub böyük işlər görə bilər. Onlara mane olan yalnız savadsız və nadürüst məmurlardır. Asan yolla pul qazanmaq istəyənlər. Məcəllə sistemli şəkildə bu problemləri həll edə bilər.

– Sizcə, ölkədəki inhisarçılığın  və digər neqativ məsələlərin qarşısını almaq üçün Rəqabət Məcəlləsində nələr mütləq olmalıdır? Təklifləriniz nədən ibarətdir?

– Bu sahədə modellər müxtəlifdir. Layihə dərc olunandan sonra geniş rəyimi açıqlayacağam. Ümumən isə bunları deyə bilərəm. İlk növbədə inhisarçılığın meyarları dəqiq təsbit olunmalı və onları pozanlara dair sərt sanksiyalar olmalıdır.

Haqsız rəqabətin bütün formaları Məcəllədə ətraflı tənzimlənməlidir. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidindən, nüfuzdan salınmasından, həmin fəaliyyətə müdaxilədən başlayaraq haqsız sahibkarlığadək.

Bu da şəffaflıq olmadan mümkün deyil. Dediyim ki, dövlət reyestrləri açıq olmalıdır. Üstəgəl dövlət satınalmaları da tam şəffaf olmalıdır. Axı sahibkarların əsas sifarişçisi dövlətdir. Haqsız rəqabət də elə oradan başlayır.

Dediyim ki, tək bu Məcəllə ilə iş həll olunmur. Məsələ kompleks yanaşma tələb edir.

Həmçinin oxuyun

“Danışıqları Ermənistanla birbaşa aparmağımızın tərəfdarıyam, vasitəçilik olmasın”

“Hesab edirəm, Paşinyan Azərbaycanla bağlı sözləri Ermənistanın daxili auditoryası üçün səsləndirib. Cənab Prezident İlham Əliyev …