Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / “Məmmədyarovla Mnatsakanyanın Qarabağ danışıqlarında koronavirus müzakirəsi lap gülünc oldu…”

“Məmmədyarovla Mnatsakanyanın Qarabağ danışıqlarında koronavirus müzakirəsi lap gülünc oldu…”

Ermənistanın bəzi siyasi dairələri  Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ məsələsinin həlli prosesinə dair son açıqlamasına  münasibət bildirərkən belə bir iddia irəli sürürlər ki, guya bu cür bəyanat verilməsinə səbəb planetdəki pandemiya fonunda neftin  ucuzlaşması ilə bağlı rəsmi Bakının Moskva ilə eyni “səngər”ə sığınması olub… 

Mövzunu araşdırmaq üçün müraciət etdiyimiz sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında diqqətəlayiq məqamlara toxunub.
“Deyim k, bu, çox məntiqsiz bir yanaşmadır. Bilirsiz,  dünyada neftin qiyməti bahalaşa da bilər, ucuzlaşa da bilər.  Və Azərbaycanı götürsək, onun vayuta ehtiyatları,  ən azı, iki illik neft ixracından qazanacağı məbləğdən çoxdur.  Yəni hökumətimiz 2 il də, 3 il də nefti satmasa,  iqtisadi sabitliyi qoruyub saxlaya bilər. Təbii, biz hazırkı durumda pul vəsaitlərini mümkün qədər qənaətlə işlətməliyik.  Hamıda olduğu kimi, bizdə də müəyyən çətinliklər yaranıb. Ancaq bu saat Azərbaycanda mən hansısa böhranlı vəziyyət görmürəm.  Və statistik rəqəmlərə gələndə kifayət qədər nikbin danışmaq mümkündür.  Azərbaycanın valyuta ehtiyatları ilə bağlı  sonuncu rəqəm, səhv etmirəmsə, 53 milyard dollardır. İllik neft ixracı isə, bildiyimə görə, 14 milyard dollara yaxın gəlir gətirir.  Yəni bir daha təkrar edirəm, biz  3 ilə yaxın müddətdə həmin ehtiyatları işlətsək də, ciddi bir itkimiz olmayacaq. Bir sözlə, Azərbaycan üçün neftin ucuzlaşması o qədər də böyük problem deyil. Və odur ki, guya neftin ucuzlaşmasıyla bağlı ölkəmizin Rusiya ilə eyni “səngər”ə sığınması haqda erməni iddiası da tam mənasızdır… 
“Ümumiyyətlə, Rusiya baş diplomatının son bəyanatını necə de-şifrə edərdiniz?” sualına cavabında isə Tofiq Zülfüqarov bunları söyləyib:
“Birincisi,  Lavrovun son bəyanatı və virtual şəkildə dırnaqarası “danışıqlar prosesinin bərpası”nın səbəbləri  barədə daha dərindən düşünmək gərəkdir. Dünyada gedən son proseslər onu göstərir ki, fövqəldövlətlər  pandemiya fonunda meydana çıxmış mövcud şəraitdə  regional problemlərlə məşğul olmağa heç də maraqlı deyillər. İkincisi, ümumi tendensiya onu göstərir ki, Rusiyanın həm iqtisadiyyatını,  maliyyə sistemini,  həm xarici siyasət sahəsini, həm də daxili siyasətini böhran bürüdüyündən ölkənin vəziyyəti gərginləşməyə doğru gedir. Bu da ona  şərait yaradıb ki, indiki situasiyada Azərbaycanla Ermənistan faktiki təkbətək qalıblar.  Və hər iki ölkə Qarabağla bağlı öz daxili potensial və imkanlarına uyğun siyasət yürütməlidirlər. Təbii ki, bu münaqişədə Ermənistan bir zəif tərəf kimi görsənir. Çünki Azərbaycan həm əhali sayı baxımından, eləcə də iqtisadi, maliyyə, hərbi və s. məsələlərə görə işğalçı ölkədən qat-qat üstündür. Və Rusiyanın rəsmi Yerevana dəstəyi, təhlükəsizlik qarantı olmasa, sözsüz ki, Bakı münaqişənin gedişini öz xeyrinə dəyişə bilər. Məhz bundan ehtiyat edən ermənipərəst Lavrov da cəhd edir ki,  guya danışıqların getməsi və hər şeyin qaydasında olmasını göstərən bir səhnəcik yaratsın. Rusiyanın belə bir manipulyasiyada marağı var.  Amma bu səhnəciyin ssenarisi elə aşağı səviyyədə yazılıb və səhnələşdirilib ki, bundan komik nəticələrdən savayı heç nə gözləmək olmaz. Çünki Lavrovun bəyan etdiyi məsələlər, ən azı, 25 ildir ki, danışıqlar masasındadır. Elə bir yenilik yoxdur. Əgər bu müddət ərzində həmin sənəd və təkliflərin əsasında Ermənistan Rusiya XİN başçısının da istinad etdiyi BMT qətnamələrinə uyğun olaraq  bircə qarış da Azərbaycan torpağından qoşunlarını geri çəkməyibsə, bunları təkrarlamağın mənası yoxdur. Yəni işğalçı dövlət əgər vasitəçi tərəfin tələblərini qəbul etmirsə, o halda vasitəçi  ona qarşı hansısa tədbirlər həyata keçirməli, siyasi təzyiqlər, sanksiyalar tətbiq olunmalıdır. Amma son 25 ildə biz tam əksini görürük. Bu müddətdə işğalçı Ermənistana silah almaq üçün kreditlər verilir, digər sahələrdə gərəkli dəstək göstərilir və s.  Yəni bu baxımdan sözügedən danışıqlar prosesi, eləcə də Lavrovun bəyanatı tam məntiqsiz görünür…” 
“Azərbaycanın işğal altındakı torpaqlarının taleyi ilə bağlı son virtual görüşdə gülünc doğuran  bir məsələ də ondan ibarət idi ki, Məmmədyarov və Mnatsakanyan koronavirus problemlərini müzakirə edirdi. Axı bunlar həkim-filan da deyillər… Yəni, bu lap gülməli bir mənzərə oldu… Ümumiyyətlə, son proseslər göstərir ki, Rusiya ermənipərəst lobbisini narahat edən bir məsələ var: çalışırlar ki, rəsmi Moskva Qarabağla bağlı situasiyaya mümkün qədər müdaxilə etsin. Halbuki, hazırda Rusiya  məsələyə ciddi təsir imkanlarından məhrumdur. Və bunu ermənilər özləri də çox yaxşı başa düşürlər. Belə olduğunu onların Lavrovun bəyanatlarına münasibətləri də təsdiqləyir. Ermənilər görür ki, Rusiya birmənalı olaraq zəifləyir və onların Qərbə meyilli siyasəti artıq  özünü açıq şəkildə  biruzə verir…”,- deyə sabiq baş diplomatımız vurğulayıb.

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …