Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət /  Məmməd Əfşan mərhum baş redaktor Polad Qasımovla  bağlı bir ayda iki fərqli fikir söyləyib – TƏZAD

 Məmməd Əfşan mərhum baş redaktor Polad Qasımovla  bağlı bir ayda iki fərqli fikir söyləyib – TƏZAD

Tanınmış yazıçı-publisist Məmməd Əfşanın bir müddət əvvəl müxtəlif KİV-lərdə yayınlanan müəllif yazısı böyük rezonansa səbəb olub.  Müəllif  “Gömrük işçisi “Kirpi”ni ələ keçirmək istəyir – QALMAQAL” sərlövhəli məqaləsində “Kirpi” satirik jurnalının baş redaktoru Polad Qasımovun vəfatından sonra yaranan vəziyyəti təsvir edir. Təbiidir ki, jurnalda təsisçiliklə bağlı yaranan vəziyyət barədə nəsə deyə bilmərik.  Hesab edirik ki, bu məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır. Ancaq bizə ən maraqlı gələn Məmməd Əfşanın sözügedən yazıda mərhum jurnalist Polad Qasımov barəsində işlətdiyi təhqiredici fikirləri oldu.  Həddindən artıq sərt  üslubda yazılan məqalə ilə bağlı başlıca irad rəhmətə getmiş bir qələm adamının kəskin tənqidə, hətta təhqirə məruz qoyulması ilə bağlıdır.

Xatırladaq ki, Məmməd Əfşan Polad Qasımovun rəhmətə gedəndən sonra, onun barəsində geniş nekroloq da yazıb.  Saytımızda yayınlanan həmin nekroloqda müəllif Polad Qasımovu yaxın dost,  mübariz qələm sahibi kimi xarakterizə edir.  İki məqalə arasında aparılan müqayisədən bu nəticəyə gəlmək olur ki, Məmmdə Əfşan rəhmətlik Polad Qasımov barəsində  bir ayda  iki fərqli fikirə düşüb.

22 Fevral 2017-ci il tarixində Azinforum.az-da “Peşəkar jurnalist, mübariz qələm sahibi, ən yaxın dost – Polad QASIMOV” sərlövhəsiylə dərc olunan həmin nekroloqu oxuculara  yenidən təqdim edirik:
“Qəfil ölüm Azərbaycan mətbuatının daha bir peşəlkar və iti qələm sahibini – ağsaqqal, mətin, müdrik jurnalisti, “Kirpi” satirik jurnalının baş redaktorunu, əməkdar mədəniyyət işçisi və hamımızın yaxın dostu, həmkarı Polad Müseyib oğlu Qasımovu sıralarımızdan apardı. Ona görə müdrik və qocaman qələm sahibi deyirəm ki, Tanrının Polad müəllimə verdiyi 75 illik mənalı ömrünün düz 53 ilini mütəmadi olaraq Azərbaycan mətbuatında yazıb-yaratmağa həsr etmişdi.
Polad Qasımov ilk jurnalist qələmini hələ tələbə olarkən “Azərbaycan gəncləri”, “Sovet kəndi” və digər qəzetlərdə sınamış, 1964-cü ildə universiteti bitirdikdən sonra “Azərbaycan pioneri”, “Abşeron”, “Kommunist” qəzetlərində və “Kirpi” satirik jurnalında müxtəlif vəzifələrdə çalışmışdır.
İstedadlı qələm sahibi P.Qasımov 1980-ci ildən ömrünnü son gününə qədər “Kirpi” jurnalında ədəbi işçi, baş müxbir, şöbə müdiri, məsul katib, redaktor müavini vəzifələrində yaradıcılıq fəaliyyətini davam etdirmişdir və yazdığı felyetonları, yumorlu hekayələri, hədəfə tuşlanan atmacaları ilə geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. O, 1995-ci ildən etibarən respublikamızda yeganə satira jurnalı olan “Kirpi”nin baş redaktoru idi. Məhz mübariz, işgüzar və peşəkar qələm sahibinin cidd-cəhdi ilə düz 65 il Azərbaycan oxucusunun sevimli dərgisi olan “Kirpi”nin nəşrini bir ay da olsun dayandırmamış, hamımıza məlum olan və uzun sürən siyasi təlatümlərə, iqtisadi və maddi çətinliklərə baxmayaraq, jurnalın çapını davam etdirib, çoxsaylı oxucularını intizarda saxlamamışdır.
Polad Qasımov siyasi və mənəvi mübarizələrdə sınanmış, peşəkar və iti qələm sahibi olmaqla yanaşı, uğurları ilə öyünməyən, təvazökar insan, ən səmimi yoldaş, hamıdan və hər kəsdən köməyini, qayğı-sayğısını əsirgəməyən etibarlı dost, gənc jurnalistlərin hamisi idi və onlara daim dəyərli məsləhətlər verirdi. O, həm də müdrik ağsaqqal və ömründə bir adamın xətrinə dəyməyən şəxsiyyət idi. Mətbuatda, xüsusən “Azərbaycan” nəşriyyatında elə bir adam tapılmaz ki, onun hörmətini saxlayıb, xətrini istəməsin.
Polad Qasımov qayğıkeşliyi, mehribanlığı, canıyananlığı ilə bahəm, həm də böyük təmkin, dözüm, iradə və səbr sahibi idi. Onu hələm-hələm hövsələdən çıxarıb səbrini daşıra bilməzdilər.
Dəyərli bir atalar misalında deyilir: – “Qardaşını tanıyırsan? – Dostluq, yoldaşlıq eləmisənmi?”. Poladın ən yaxın dostlarından biri kimi onun qəfil itkisi bütün qohumları, doğmaları kimi məni də yandırıb-yaxdı. Çünki Polad müəllimlə uzun illər “Azərbaycan pioneri”, “Abşeron” qəzetlərində və “Kirpi” jurnalı redaksiyasında birgə fəaliyyət göstərmişik və ailəvi dostluq edirdik. Sevincimizi, kədərimizi birgə yaşayar, dərd-sərimizi birlikdə bölərdik. Onun tükənməz səbri, böyük təmkini, sağlam məntiqi, düşünülmüş hərəkətləri və özünəməxsus xarakter-xasiyyəti məni heyran edər və hərdən də çılğınlığımın üstünə su səpərdi.
Yara yiyəsini ağrıtdığı kimi, ən yaxın və istəkli dostumun itkisi də bütün qohumları və dostları kimi, məni də çox ağrıtdı. Amma neyləməli? Allah verən canı Ondan savayı heç kim ala bilməz. Ulu Tanrıdan ən yaxın dostuma və sirdaşıma qəni-qəni rəhmət və doğmalarına səbr diləyirəm.
Allah onun yerini behişt, canını cənnətlik eləsin! Amin.

Məmməd ƏFŞAN”

Azinforum.az

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın