Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Məleykə Abbaszadənin açıqlaması qalmaqala səbəb olub

Məleykə Abbaszadənin açıqlaması qalmaqala səbəb olub

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin IX sinif üzrə yeni buraxılış imtahanları ilə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub.

Qafqazinfo” xəbər verir ki, DİM sədri bildirib ki, IX siniflər üzrə buraxılış imtahanında hansı qiymət almasından asılı olmayaraq, şagird attestat alacaq: “İmtahanın nəticələrinə əsasən şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər”.

Belə olan halda nəticəsi müsbət olmayan şagirdin 10 və 11-ci sinifi oxuya bilib bilməyəcəyi sual doğurur. “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədova müraciət edib.

Ekspert bildirib ki, yeni qaydalara görə, ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən məzunlara ümumi orta təhsil haqqında şəhadətnamə deyil, ümumi orta təhsil haqqında attestat (adi və ya fərqlənmə), tam orta təhsil səviyyəsini bitirən məzunlara isə tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və ya xüsusi nümunəli) veriləcək: “Təhsil sənədlərinin forma və məzmununda da müəyyən dəyişikliklər edilib. Belə ki, əvvəlki nümunələrdən fərqli olaraq, attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı və təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) yazılacaq. Bununla yanaşı, tam orta təhsil səviyyəsində təmayül sinifdə təhsil almış şagirdlərin attestatında bitirdiyi sinfin təmayül istiqaməti ayrıca qrafada qeyd olunacaq.

Lakin son qeyd etdiyim qaydalara TQDK-a (DİM) sədrinin “IX siniflər üzrə buraxılış imtahanında hansı qiymət almasından asılı olmayaraq, şagird attestat alacaq. İmtahanın nəticələrinə əsasən şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər” ifadəsi arasında uyğunsuzluq var.

Belə ki, “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına görə ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:

1) buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı;
2) buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti.

Tam orta təhsil səviyyəsində təhsil sənədinə yazılacaq yekun qiymət isə Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:

– buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası
– buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası

– Qiymətlərin ədədi ortası tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Bu zaman, atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.

– Ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.
– Tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar”.

K. Əsədov vurğulayıb ki, belə olan halda DİM sədrinin hər kəs attestat alacaq ifadəsinin heç bir hüquqi əsası yoxdur: “Çünki bir həftə əvvəl Nazirlər Kabineti “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nı təsdiq edib. Qaydaya əsasən indiyə qədər ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab ediliblər. Dəyişikliyə əsasən, bundan sonra ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra buraxılış imtahanında iştirak etməyən şəxslər də ümumi təhsil pilləsini başa vurmamış hesab ediləcəklər. Bu şəxslərin müraciətləri əsasında onlara arayış veriləcək. Bu arayışlar isə şagirdlərin təhsillərini növbəti mərhələlərdə davam etdirməyə imkan verməyəcək.

Beləliklə hər kəsin buraxılış sənədi ala biləcək ifadəsi qanunvericilikdə öz əksini tapmayıb.

Ola bilər ki, yeniliklər ilk dəfə olaraq tətbiq olunduğuna görə iştirakçılara güzəştlər olunacaq ki, bu da digər iştirakçıların hüquqlarının pozulması deməkdir.

Mən təklif edirəm ki, hər bir orta məktəbi bitirənə imtahansız attestat verillsin. Bu sənədlə həmən şəxs yalnız peşə məktəbi və kollecdə təhsilini davam etdirə bilsin. Ali məktəbdə təhsilini davam etdirmək istəyən ayrıca sertifikart imtahanı versin və bu sənəd ona ali məktəbə sənəd vermək şansı yaratsın.

Hesab edirəm ki, hər il qəbul və buraxılış imtahanlarında yenilik etmək yaxşı hal deyil. Çünki valideynlər və ictimayyət bu yenilikləri tam mənimsəməmiş yeni qaydalar tətbiq olunur ki, bu da ciddi problemlərə gətirib çıxarır”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın