Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: “Bu, Rusiyaya işğala məruz olan tərəfin açıq nümayişi idi”

Məlahət İbrahimqızı: “Bu, Rusiyaya işğala məruz olan tərəfin açıq nümayişi idi”

Xəbər verildiyi kimi, sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdə olub. Səfərin ilk günü Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Moskvadakı səfirliyində olub.

Sentyabrın 22-də spiker Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Daha sonra görüş nümayəndə heyətinin üzvlərinin iştirakı ilə davam etdirilib. 

Milli Məclisin nümayəndə heyəti növbəti görüşünü sentyabrın 23-də Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovla keçirib. Lavrov Azərbaycan nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaradılması üzərində iş, onların mahiyyəti barədə ətraflı məlumat verib. Görüşdə deputatlarla nazir arasında hərtərəfli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova Vyaçeslav Volodini Azərbaycana səfərə dəvət edib və bu dəvət qəbul olunub. Həmin səfər zamanı müvafiq yüksək səviyyəli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Qeyd edək ki, bu, Milli Məclisin sədri kimi Sahibə Qafarovanın Rusiyaya ilk rəsmi səfəridir. Zəngin qrafiki olan bu səfər Azərbaycan üçün hansı məsələləri həll etdi, nələri aydınlaşdırdı və bu səfəri tarixi saymaq olarmı?

Millət vəkili Məlahət İbrahimqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Sahibə xanım Qafarovanın səfərini həm tarixi, həm də məhsuldar saymaq olar:  “Bu, Sahibə xanım Qafarovun ikinci xarici səfəriydi.  Spiker postunda o, ilk  xarici səfərini Türkiyəyə etdi. Yeni spiker kimi onun Rusiyaya etdiyi səfəri tarixi saymaq olar. Spikerin səfər qrafiki çox zəngin oldu. Azərbaycanla Rusiyanı birləşdirən bir çox amillər var. Əvvəla, biz yaxın qonşuyuq, ikincisi isə uzun illər bir çətir altında, vahid dövlətin tərkibində yaşamışıq. Rusiya dünyanın ən güclü sayılan superdövlətlərindən biridir. Biz dövlət olaraq, ulu öndər Heydər Əliyevin zamanından başlayaraq,  Ermənistan istisna olmaqla, bütün qonşularımızla normal münasibətlər qurmuşuq. Rusiya ilə də bizim münasibətlərimiz etibarlı tərəfdaş qismində davam edib. Bu siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən də çox uğurla davam etdirilir. Rusiyaya ilk səfəri çərçivəsində Sahibə xanım məhsuldar görüşlər keçirdi. Onun proqramı çox zəngin olub. Sahibə xanım parlamentdə çox geniş çıxış etdi. Azərbaycanın əsas problemi olan Qarabağ məslələsini  hərtərəfli diqqətə çatdırdı. Hətta ermənilərin son Tovuz təxribatından da danışdı. Azərbaycan strateji tərəfdaş kimi Rusiya ilə münasibətlərdə üzərinə düşən nə varsa, hamısını edib. Hörmətli spikerimiz ikitərəfli münasibətlər çərçivəsində Azərbaycanın etibarlı qonşu kimi üzərinə düşən bütün öhdəlikləri necə yerinə yetirdiyi ilə bağlı nə varsa, hamısını danışdı. Sahibə xanımın geniş çıxışlarını qonşuluq siyasətinə olan sədaqətin nümayişi kimi qiymətləndirə bilərəm. Biz onsuz da dünyada vacib tərəfdaş kimi tanınırıq. İstəyimiz budur ki, bizimlə də etibarlı tərəfdaş kimi davransınlar. Sahibə xanımın görüşlərində bu məqam da özünü aydın göstərdi. Ümumilikdə Sahibə xanım Azərbaycanın problemlərini çox detallı səsləndirdi. Nümayəndə heyətində, bilirsiniz ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev də vardı. Bu da bir yenilik idi. Bu, Rusiyaya işğala məruz olan tərəfin açıq nümayişiydi. İşğala məruz qalan əsas tərəfin haqq səsinin daşıyıcısının da nümayəndə heyətində olması ciddi əhəmiyyətə malikdir. Biz bu səfərdən, əsasən, vacib görüşlərdə Azərbaycanın haqq səsinin çatdırılmasını gözləyirdik. Bunun baş verdiyini gördük. Bir də Rusiyanın nəzərinə çatdırıldı ki, münasibətlər səmimi köklər üzərində qurulmalıdır”.

Sahibə xanım Qafarovanın səfəri həm də zaman baxımından maraqlı dönəmə təsadüf etdi. Çünki Rusiya ilə Azərbaycan arasında aydınlaşması zəruri olan bir sıra məsələlər mövcuddur. Yəqin ki, spikerin səfəri çərçivəsində həmin detallara da toxunulub.

Məhəmmədəli QƏRİBLİ 

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …