Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Siyasət / Məktəb vaxtı uzadıla bilərmi? – “Siniflərə kondisioner qoysunlar”

Məktəb vaxtı uzadıla bilərmi? – “Siniflərə kondisioner qoysunlar”

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun dərs ilinin uzadılması ilə bağlı verdiyi son açıqlama valideynlər üçün gözlənilməz olub. Belə ki, nazirlik rəsmisi qurumda dərs ilinin bir qədər də uzadılması haqda müzakirələrin aparıldığını bildirib: “Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, ancaq hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik?” 

Ötən ildən etibarən valideyn və şagirdlər, bir çox ictimai şəxslər dərs ilinin qısaldılması ilə bağlı dəfələrlə müraciət eydiyi təqdirdə belə bir addımın atılması sosial şəbəkələrdə geniş müzakirə olunub. Hətta millət vəkili Fazil Mustafa da bir neçə gün öncə dərs ilinin qısaldılmasının tədrisin keyfiyyətinə də müsbət təsir göstərəcəyini bildirmişdi: “İyun ayında heç effektli dərs keçirilmir. Həm müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər”.

Təhsil eksperti Nabatəli Qulamoğlu məsələylə bağlı “Qafqazinfo”ya münasibət bildirən zaman tədris ilinin iyun ayında davam etdiyi təqdirdə bütün sinif otaqlarının kondisionerlə təmin edilməli olduğunu vurğulayıb:

“Bəli, bu, faktdır ki, Azərbaycanda dərs ili həftəsi dünya ölkələrinə nisbətən bir qədər geri qalır. Amma məsələ bundadır ki, bu geriliyi təmin etmək üçün dərs müddətini iyun ayına çəkməyə ehtiyac yoxdur. Birinci araşdırmaq lazımdır ki, dərs ili nə üçün sentyabrın 1-i yox, məhz 15-i başlayır. Bircə il sentyabr ayı isti olduğu üçün dərs ilini 15-dən başlamaq qərarına gəldilər. Bu da ənənə kimi davam etdi. Bu, yanlış addım idi və düşünürəm ki, iyun ayının əvəzinə enidən dərsləri 1 sentyabrda başlamaq olar.

Dünya praktikasına nəzər salırıqsa, onda hər şey ona uyğun həyata keçirilməlidir. Dərs iyun ayına salınırsa, müəyyən infrastruktur yaradılmalıdır. Bütün məktəblərdə sinif otaqlarına kondisioner quraşdırılmalıdır. Bu şəraitdə dərs keçmək mümkün olar. Övladları, yaxınları məktəbə gedənlər şahid ola bilər ki, may ayının 25-dən sonra dərslər yox dərəcəsində olur. Nə şagirdlərdə həvəs olur, nə də təhsil işçilərində. Odur ki, bununla keyfiyyət göstəricisinin yuxarı olmasını gözləmək olmaz. Azərbaycanda yay ayları isti olur. Yox, mütləq yay aylarında dərs keçiriləcəksə, yay düşərgələri təşkil oluna bilər. Təbii ki, bu, baha başa gəldiyi üçün sentyabr ayının 1-dən dərs ilinin başlanmasını daha məqbul sayıram”.

Digər bir ekspert Etibar Əliyev isə nazirliyin qərarının doğru olduğunu bildirir. Onun sözlərinə görə, bu gün valideynlər, müəllimlər, ictimaiyyətin nümayəndələri dərs ilinin artırılaraq proqramın tam mənimsənilməsində maraqlı olmalıdır:

“İnkişaf etmiş ölkələrə nisbətən bizdə təhsil həftəsi azdır. Buna görə də, dərs proqramının mənimsənilməsində boşluqlar yaranır. Heç bir şagird üçün öyrənmək ziyan deyil. Bu səbəbdən də ictimaiyyət tərəfindən dəstəklənməlidir. Havaların isti olmasını problem göstərirlər, ancaq o da ciddi faktor deyil. Çünki 15 gün böyük bir müddət deyil və havaların da çox kəskin istiləşməsi gözlənilmir. Mən hesab edirəm ki, dərs ili sentyabr ayının 1-də başlanılsa belə, tədris iyun ayının 15-nə kimi davam etməlidir. Bu son 15 gün uşaqları daha da məktəbə cəlb edir, öyrənməyə bağlayır”.

Həmçinin oxuyun

Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi? – ŞƏRH

“Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları “sazişləri” ləğv etməsi müsbət …

Bir cavab yazın