Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Lisenziya və icazələr oliqarx-məmurların işinə yarayır”

“Lisenziya və icazələr oliqarx-məmurların işinə yarayır”

Nazim Bəydəmirli: “Bəzi imkanlı məmurlar özəl klinikalar açırlar, başqa klinikalara isə lisenziya və icazələrlə bağlı süni əngəllər yaratmaqla, onların fəaliyyətini məhdudlaşdırırlar”

Sahibkarlıq fəaliyyəti üçün icazələrin sayı azaldıla bilər. Bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə məlumat verib. Qanun layihəsində 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 82-ci bəndinin ləğv edilməsi təklif edilir. Qeyd edək ki, qanunda 3 nömrəli əlavədə 82-ci bənd – turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətinin akkreditasiyadan keçməsi haqqında qərarın verilməsini nəzərdə tutur. Qanuna təklif edilən bu dəyişiklik qəbul olunsa, sahibkarlıq fəaliyyəti üçün icazələrin sayı 86-ya enəcək. Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib (APA).

Sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli Qafqaznews.az-a danışarkən, turizm biznesində fəaliyyət üçün sənədləşdirmə işlərinin azaldılması və lisenziyaların ləğv edilməsilə bağlı Prezidentin sərəncam verdiyini xatırladıb. “Bu, turizm sektorunda əngəllərin və bürokratik süründürməçiliyin aradan qaldırılmasına hesablanıb”, – deyə ekspert qeyd edib. Lakin onun fikrincə, iqtisadiyyatın bir çox sahələrində lisenziya və icazələrin aradan qaldırılmasına ehtiyac var. “Bu, məmurların biznes sektoruna müdaxiləsini azaldar və azad rəqabət mühiti yaradar. Bir çox hallarda lisenziya və icazələr üçün rəyləri dövlət qurumları verirlər və dövlət qurumlarında da, adətən, məmurların özlərinə yaxın olan müəssisələrin işi asan olur. Digər sahibkarlar isə süründürməçiliyə məruz qalırlar.

Məsələn, Səhiyyə Nazirliyində tibbi fəaliyyət üçün lisenziya və icazələr daxili qaydada bir neçə növə bölünüb. Özəl klinikalara doğum, cərrahiyyə və ya digər fəaliyyət növləri üçün ayrı-ayrı lisenziyalar verilir. Bir klinika var, 2004-cü ildən 2012-ci ilədək 8 il ərzində cərrahiyyə əməliyyatları həyata keçirib, lakin 2012-ci ildə o klinikaya cərrahiyyə əməliyyatları aparmağa lisenziya verilmədi. Halbuki, xaricdən avadanlıqlar gətirilib, maddi-texniki baza yaradılıb… Bəzi imkanlı məmurlar özəl klinikalar açırlar, başqa klinikalara isə lisenziya və icazələrlə bağlı süni əngəllər yaratmaqla, onların fəaliyyətini məhdudlaşdırırlar”, – deyə iqtisadçı alim vurğulayıb.

N.Bəydəmirli son zamanlarda özəl ali təhsil müəssisələrinin açılmamamasına da toxunub: “Azərbaycan Beynəlxalq Universiteti vardı, onun lisenziyası ləğv olundu. Düzdür, məsələnin kökündə başqa məqamlar da vardı, rüşvətxorluq və s. Amma bu universitetin çox yaxşı maddi-texniki bazası, şəraiti vardı. Belə üstünlüklərdən istifadə etmək, universitetin fəaliyyətini davam etdirmək olardı. Özəl ali təhsil müəssisələrində narahatlıq yaranır və bu sahəyə qoyulan investisiyaların riskli olduğunu düşünənlərin sayı artır. Təhsil Nazirliyi istənilən zaman istədiyi özəl universitetin lisenziyasını ləğv edə bilər. Amma dövlət büdcəsindən yeni məktəblər açılır… Halbuki, özəl sektoru stimullaşdırmaqla, dövlət büdcəsini artıq xərclərdən azad etmək olardı”.

Sabiq deputat təklif edib ki, ümumiyyətlə lisenziya və icazələrin sayı maksimum dərəcədə azaldılmalıdır: “Lisenziya və icazələr monopoliyaların, məmur-oliqarxların işinə daha çox yarayır. Ondansa, müxtəlif sahələr üzrə standartlar müəyyən olunsun və özəl sektora bu cür nəzarət mexanizmi həyata keçirilsin. Standartlar olan zaman isə lizenziyaya ehtiyac yoxdur”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın