Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Siyasət / Leninin Azərbaycandakı son heykəlinə hücum

Leninin Azərbaycandakı son heykəlinə hücum

Raminə Eyvazqızı

İki gün əvvəl Qəbələnin Qəmərvan kəndində Leninin bəlkə də ölkə üçün sonuncu heykəlinin aşırma mərasimi olub. “Bəlkə” deyirəm, ola bilər ki, hardasa, hələ də belə heykəldən qalıb, SSRİ qurucusuna öz həyatının qurucusu kimi sitayiş edənlərin əqidəsinə daş atmağın mənası da yoxdur. Çünki indi evlərdə Leninin büstünü əzizləyənlər var.

Deməli məsələ belə olub. Kənd sakini heykəlin şəklini çəkib, sosial şəbəkədə paylaşıb, ardınca iki gün keçməmiş hucum çəkilib heykələ. Başqa cür desək, heykəlin şəkli yayılmasaydı, camaat Lenini yıxmaq barədə yuxarıdakıları xəbərdar etməyəcəkdi. Hadisə şahidlərinin sözlərinə görə, heykəlin tez zamanda yox olması kənd icrasının ən ümdə arzusu olub. Hər halda kənd sakinləri bu günə qədər Leninin orada boy göstərməsinə qarşı olmayıblar.

Baxmayaraq ki, boyunlarına qoyublar ki, dəfələrlə heykəlin götürülməsi üçün şikayət ediblər. Biz Leninli günlərimizlə ötən əsrin sonlarında vidalaşmışıq. Görünür, Lenin baba yolunda əziyyət çəkmiş kişilər Qəbələ torbağında az deyil, onlar üçün o boyda zamanı, xatirəni silmək əzab verirmiş. Ya da Qəbələ rayon icra hakimiyyəti nümayəndələrinin yolu bu kənddən ümumiyyətlə keçməyib. Yıxıb aşırmaq, əlində fürsət dağıtmaq, əməlli gözdən keçirməmiş sökmək o qədər xarakterik xasiyyətimizdir ki…

Əvvəlcə kəndin icra nümayəndəsi İkram Kişmişov “kişi durub da orda, tarixdir” cümləsi ilə cəsarətli çıxış sərgiləyb. Sonra isə hardansa çıxan yaşlı-başlı kişilər dırmaşıblar heykələ. Əminəm ki, heykəlin üzünü-gözünü dağıdanlar vaxtiylə “Lenin baba yolunda” şeirini pis əzbərləyənlər olub.

Çoxuna Qəbələ kimi ölkənin turistik və nüfuzlu yerində Leninin heykəlinin qalması maraqlı gəlir. Bəzisi yerli icra orqanlarını pisləyir ki, niyə buna baxan olmayıb. Bir qrup heykəlin tarixi miras kimi əhəmiyyəti olduğundan dərhal sökülməsinin əleyhinə çıxır. Fikrimcə, ən əvvəl o heykəl 70 illik şərikli yaşadığımız zamanın yadigarıdır. Demirəm silək, təmizləyək, ətrafına gül qoyaq. Ya da, üzərinə “pis adamın heykəli” yazaq. Güya ki, Bakının mərkəzindəki hörmətli şəxsiyyətlərin heykəllərini təmiz görürük. İlboyu, heykəl təpələri quş nəcisləri, ətrafı siqaret kötükləri ilə dolu olur, çimməyən heykəlləri arada yağış hamamlayır.

Burda başqa məsələ var. O heykəlin müəllifi gizlədilsə də, hər halda o yaradıcı işdir. Bu ötən illər ərzində heykəlin “Lenin sifəti” pozulmayıb. Qəlib duruş şəkli olmasa da, sima tanış gəlir. Belə heykəltəraş işinə bu zamanda tamarzıyıq. Çünki hazırlanan heykəllərin çoxu yiyəsinə bənzəmir. Misal üçün, ölməz sənətkarımız Rəşid Behbudovun sonuncu heykəli (müəllifi xalq rəssamı Fuad Salayevdir, heykəl özünə daha çox oxşayır) heç bu kişini xatırlatmır da. O səbəbdən də, Leninin heykəlini birnəfəsə darmadağın etmək əvəzinə o boyda Memarlar İttifaqı (bəlkə müəllif özü orda oturur) ilə məsləhətləşmək olardı.

Lazım gəlsə, Qəbələ kimi gözəl məkanda yerləşən heykəli tamam dağıtmaq əvəzinə yenidən təraş edərdilər. Memorial abidə, lap hansısa qəhrəmanı heykəl üzərində yenidən canlandırardılar, həmin kənd də “adam arasına” çıxardı. Bizdə məsləhətə macal da olmur ki. Aydın məsələdir ki, icra nümayəndələri istəyiblər ki, bu “unutqanlığı” tezbazar böyüməmiş yox eləsinlər. Deyəsən, məqsədlərinə çatıblar. İndi də getsinlər, ərəb turistlərin kaprizləriyilə məşğul olmağa.

Həmçinin oxuyun

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib – QALMAQAL

Bir müddətdir, Respublikaçı Alternativ (ReAl) Partiyası ilə digər müxalifət partiyaları arasında qarşıdurma yaşanır. Səbəb isə …

Bir cavab yazın