Ana səhifə / Siyasət / Lavrovun Bakıdan aparacağı əsas mesaj – “İtinizə yiyə durun!..”

Lavrovun Bakıdan aparacağı əsas mesaj – “İtinizə yiyə durun!..”

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri davam edir. Bu gün o, azərbaycanlı həmkarı Ceyhun Bayramovla bir araya gələcək (Görüş artıq başlayıb – red.). Dünən isə Lavrovun başçılıq elədiyi nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyev qəbul eləmişdi.

Dünənki görüşlə bağlı media və ictimaiyyət üçün artıq bəzi açıqlamalar verilib. Təmasların mətbuata qapalı hissəsində isə istisna deyil ki, ikitərəfli münasibətlərdəki ən həssas, ən ziddiyyətli məsələlərinə toxunulub. Məsələn, “İsgəndər M” operativ-taktiki raketlərin qalıqlarının Şuşa ətrafında tapılması ilə bağlı Bakının sorğusuna rəsmi Kremldən hələ də qaneedici cavab gəlməyib. Eləcə də Azərbaycanın beynəlxalq axtarışa verdiyi separatçı-quldurbaşı Araik Arutyuntanın az öncə Moskvaya sərbəst şəkildə səfər eləməsindən dolayı Rusiyaya sərt suallar ünvanlanmışdı. Gözləyək görək, Lavrov mətbuat konfransında bu xüsusda nə(lər) deyəcək.

Lavrov Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılmasından danışdı

Gözlənildiyi kimi, Bakı səfəri çərçivəsində ikitərəfli əməkdaşlığın bir sıra sahələri üzrə fikir mübadiləsi aparılsa da, əsas diqqət mərkəzində 10 noyabr və 11 yanvar üçtərəfli sazişlərin yerinə yetirilməsi vəziyyəti oldu. İlham Əliyev Azərbaycanın həmin sənədlərlə öz üzərinə götürdüyü öhdəlikləri səmimi və tam şəkildə yerinə yetirməyə davam elədiyini qeyd elədi. Yəni eyni yanaşmanı İrəvan və Moskvadan gözlədiyinə aydın işarə vurdu. Yoxsa tutaq ki, Laçın dəhlizi birtərəfli qaydada fəaliyyət göstərə bilməz. Anlaşmada bu dəhlizin Naxçıvan (Zəngəzur) dəhlizi ilə paralel fəaliyyəti nəzərdə tutulur. Başqa sözlə, Ermənistanda bəzilərinin iddia elədiyi kimi, bu, İrəvan üçün heç də könüllük, istək məsələsi deyil, konkret öhdəlikdir və həmin öhdəliyin qarantı da Rusiyadır. Məntiqlə Naxçıvan yolu açılmayacaqsa, Laçın dəhlizi də bağlanacaq. Çünki o Azərbaycanın suveren ərazisidir.

Bayramovla Lavrovun Bakı görüşü başladı — Foto + Yenilənir

Ümumiyyətlə, Azərbaycan dövlət başçısının Rusiya XİN rəhbəri ilə görüşünün ilkin yekunu kimi bunları qeyd eləmək olar: İkinci Qarabağ savaşından sonra, post-müharibə dönəmində şərtləri müstəsna olaraq Bakı diktə edir və Azərbaycan Ermənistanın təzədən azğınlaşıb revanşa ümidlənməsi üçün özünün qalib və suveren haqqını kimsə ilə bölüşmək fikrində deyil. Bakı həmçinin post-konflikt dönəmi, o sırada erməni diversantları ilə bağlı öz prinsipial mövqeyində qalır və bu mövqeyini nə Moskvanın, nə də Paris və ya Vaşinqtonun istəyi və ya təzyiq ilə dəyişməyə hazırlaşmır.

Zatən həmin prinsipiallıq Rusiya baş diplomatının Bakı ziyarətinə saatlar qalmış İlham Əliyev tərəfindən Naxçıvandan bir daha, net şəkildə bəyan edildi. Eyni zamanda, hələ də hərbi qisas planları quran xəyalpərvər erməni müxalifəti və iqtidarına sərt xəbərdarlıq edildi. Status məsələsinə bir daha qayıdılmayacağı, konfliktin artıq tarixdə qaldığı xüsusi vurğulandı.

Bu mesajlar təbii ki, həm də Ermənistanın şəriksiz yiyəsi Rusiyaya ünvanlanmışdı. Təsadüfi deyil ki, eyni qətiyyət və prinsipiallıq Sergey Lavrovla görüşdə özünü göstərdi. Prezident həmçinin nə qədər çətin də olsa, Ermənistan nə qədər maneələr yaratsa da, hamının maraqları naminə tarixin “bu qara səhifəni” bağlamağın zəruriliyini bildirdi və Azərbaycanın bölgədə çoxtərəfli əməkdaşlığa hazır olduğunu, buna çalışdığını bir daha söylədi. Çoxtərəfli əməkdaşlıqdan Ermənistanın da fayda götürə biləcəyini növbəti dəfə xatırlatdı.


Bu kontekstdə Azərbaycan lideri təəssüflə bildirdi ki, Ermənistanda anti-Azərbaycan isteriyası artıq pik həddə çatıb, əndazəni aşıb bu amil orada müxalifət və iqtidarı birləşdirən yeganə amilə çevrilib. Sitat: “Ermənistanda baş verən hadisələr, orada artmaqda olan azərbaycanofobiya meylləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Fikrimcə, bu meyllər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq… Ermənistandakı proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə Ermənistan üçün təhlükəlidir”.

Dövlət başçısı onu da qeyd edib ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirib.

Bakıdan Lavrov vasitəsilə Moskvaya çatdırılan bir mühüm ismarış da elə budur ki, “itinizə yiyə durun”, nə qədər gec deyil, onu ağılsız hərəkətlərdən və yeni avantüralardan çəkindirin ki, Rusiyanın da bölgədəki maraqları, o sırada sülhməramlı missiyası zərər görməsin.

Ermenistan Başbakanı Paşinyan: Bildiriyi imzalamaktan başka şansım yoktu

Yeri gəlmişkən, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Lavrovun Bakı səfəri ərəfəsində belə bir fikir söyləmişdi ki, “türklərlə düşmənçilik idarəolunan olmalıdır, əks təqdirdə bu düşmənçilik təkcə Ermənistan üçün deyil, həm də bölgə üçün bir fəlakət olacaq”. Sitat: “Uşaqlara dinc, sabit bir bölgə qoymalıyıq və düşmənçilik idarəolunan olmalıdır. Əks halda, yalnız Ermənistan üçün deyil, həm də bölgə üçün bir fəlakətlə üzləşmiş olacağıq”.


Diqqət edin, Paşinyan “türklərlə düşmənçiliyə son qoymaq lazımdır” demir, “düşmənçiliyi idarə eləmək lazımdır” söyləyir. Hələ bu, erməni siyasətçilərinin guya ən praqmatiki, ən mötədilidir. O da yəqin ki, 44 günlük müharibədə burnu əzildiyi üçün azca yumşalıb. Yoxsa biz onu “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsinin müəllifi kimi yaxşı xatırlayırıq. Heç onun sələfləri – Köçəryan və Sərkisyan da bu qələti eləməmişdilər.

Odur ki, Azərbaycan haqlı olaraq, bir əlində sülh göyərçini tutubsa, o biri əlini “dəmir yumruq” şəklində saxlayır və saxlayacaq. Lavrovun özü ilə Bakıdan aparacağı bir mühüm mesaj da şəkk-şübhəsiz elə bu olacaq…

Musavat.com

Həmçinin oxuyun

Ərdoğanın Bakıdakı mətbuat konfransının TAM MƏTNİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Türkiyə jurnalistlərinin suallarıana cavab verib. Son günlərdə …