Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Lavrov Azərbaycan Prezidentinin təkzib etdiyi erməni statistik yalanını təkrarladı…

Lavrov Azərbaycan Prezidentinin təkzib etdiyi erməni statistik yalanını təkrarladı…

“Qarabağdan 90 min erməni qaçqının və 45 min azərbaycanlı qaçqının köməyə ehtiyacı  var”. 
Moderator.az Rusiya mediasına istinadla verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu barədə  noyabrın 20-də Rusiya Federasiyası Prezidentinin sədrliyi ilə Qarabağdakı Rusiya sülhməramlı missiyası ilə bağlı keçirilmiş video-iclas zamanı danışıb.
“Qaçqınların İşləri üzrə komissarlıq vasitəsi ilə köməyə ehtiyacı olan insanların sayı barədə etibarlı statistik məlumatların toplanması vacibdir … Söhbət Ermənistana gedən 90 min nəfərdən və  hərbi əməliyyatlar zamanı  Qarabağətrafı rayonları tərk edən təxminən 45 min azərbaycanlıdan gedir”- Rusiyanın baş diplomatı belə deyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dünən – noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində son 44 günlük savaş zamanı guya Qarabağdan 90 min erməni qaçması barədə məlumatların yalan olduğunu bəyan edib.  
“İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır… Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu…
Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin..”- deyə Prezident İlham Əliyev  vurğulayıb.
Göründüyü kimi, Rusiya XİN rəhbəri ermənilərin statistik yalanını, saxtakarlığını təkrarlayır, ermənilər də bu yalanları bütün dünyaya tirajlayır… 

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …