Çərşənbə axşamı , Mart 28 2023
Ana səhifə / Siyasət / “Kürdüstanla hər hansı problemimiz yoxdur” – Fazil Mustafa

“Kürdüstanla hər hansı problemimiz yoxdur” – Fazil Mustafa

Münhendə Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşündə Ərbil şəhərində Azərbaycanın konsulluğunu açmaq planlarını müzakirə edib.

Dövlət başçısı İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi mədəni əlaqələrin, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial olduğunu vurğulayıb.

Azərbaycanın İraq Kürdüstan Regionu ilə əməkdaşlığı, eləcə də Ərbildə konsulluğumuzun açılması barədə danışan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Bakupost.az -a bildirib ki, bu addım Azərbaycana dost münasibət bəsləyən ölkələrin sayının çoxalması baxımından vacibdir və bizim tutduğumuz strateji xəttə uyğundur.

Millət vəkili vurğulayıb ki, İraq Kürdüstanı müstəqil dövlət olmasa da, beynəlxalq hüququn müəyyən subyektlərindən biridir və İraq dövləti tərkibində geniş muxtariyyətə sahibdir:
“Azərbaycan prezidentinin İraq Kürdüstanı rəhbəri ilə görüşü təəccüblə qarşılanmamalıdır. Çünki orada 20-dən çox ölkənin kifayət qədər geniş tərkibdə nümayəndəliyi açılıb. O cümlədən Türkiyənin də. Türkiyə ilə münasibətlər çox yaxşıdır. Hətta ötən həftə Kürdüstanın rəhbəri prezident Ərdoğanla da görüşdü. Bizim hər hansı şəkildə İraq Kürdüstanı ilə problemimiz yoxdur. Biz real siyasət yeridən dövlət kimi bölgəmizdə yerləşən, müəyyən gücə sahib olan qüvvələrlə əməkdaşlığa hazır olduğumuzu nümayiş etdiririk”.

Fazil Mustafa deyib ki, Ərbildə konsulluğun açılması Azərbaycanın maraqlarına uyğundur:
“Çünki Ərbildə kifayət qədər diplomatik trafik mövcuddur. Azərbaycan bu real tablodan çıxış edərək öz addımlarını atır. Hesab edirəm ki, biz burada mədəni, iqtisadi, ticarət sahəsində əməkdaşlıq məsələlərinə də baxa bilərik. Bunun hər hansı şəkildə İraq dövləti ilə münasibətlərimizə təsiri yoxdur. Çünki bizim İraqda da təmsilçiliyimiz var. Biz bütün məsələlərə ölkələrin ərazi bütövlüyü kontekstində yanaşırıq”.

Həmçinin oxuyun

Dövlət Departamentindən Azərbaycan və Ermənistanla bağlı yeni açıqlama

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.Bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel …