Ana səhifə / Siyasət / Kremldən Ermənistana “Qarabağı Azərbaycana Qərb verib” mesajı – ŞƏRH

Kremldən Ermənistana “Qarabağı Azərbaycana Qərb verib” mesajı – ŞƏRH

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova Qərbi Qarabağı Azərbaycana verməkdə ittiham edib.

O, bu mesajını Ermənistan cəmiyyətinə ünvanlayıb.

Rusiyanın “Zvezda” telekalına danışan Zaxarova bildirib ki, Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmi imtinası mövzusunu irəli sürürdülər:

Rəsmi Yerevan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra qəbul edib. Ona görə də Moskva və KTMT-nin Dağlıq Qarabağda münaqişə gərginləşdiyi dövrlərdə Ermənistana kömək etmədiyi haqqında bəyanatlar yalandır. Unutmasınlar ki, NATO-nun diktəsi ilə yazılan sənədlərdə tanınmamış respublikanın sakinlərinin hüquqları mövzusuna heç bir şəkildə toxunulmayıb və ya onların hüquqlarına zəmanət verilməyib”.

Mariya Zaxarova. Foto: Meydan TV

Əsas odur ki, hazırda Yerevanda hakimiyyət digər ərazilər, kəndlər və s. ilə bağlı sərəncam verərkən bunu unutmasın, öz qərarlarına görə məsuliyyət daşısın və təqsiri heç kimin üstünə atmasın”, – Zaxarova belə deyib.

Hələ 2023-cü ilin oktyabrın 5-də “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı Vladimir Putin bildirmişdi ki, Qarabağın statusu əsas məsələ idi, amma Ermənistanın özü onu Azərbaycanın bir hissəsi kimi tanıdı:

2022-ci ilin payızında Praqada Mişelin, daha sonra Fransa Prezidenti Makronun və Almaniya Kansleri cənab Şoltsun sədrliyi ilə Ermənistan və Azərbaycan liderləri toplaşmışdılar. Onların orada imzaladıqları bəyanatdan belə çıxırdı ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Üstəlik, nümayəndə heyəti və Ermənistan rəhbərləri Azərbaycan ərazisini kvadrat kilometrlərlə bəyan edirdilər. Bura, sözsüz, Qarabağ da daxildir. Onlar vurğulayırdılar ki, Azərbaycanın suverenliyini vaxtilə SSRİ-yə daxil Azərbaycan SSR-in sərhədləri daxilində tanıyırlar. Məlumdur ki, Azərbaycan SSR-ə Qarabağ da daxil idi. Mahiyyətcə, Qarabağın statusundan ibarət başlıca, mütləq şəkildə əsas məsələ həll olunub”.

Rusiyanın bu cür mövqeləri həmişə Azərbaycan cəmiyyətində Rusiya və Qərb meyillilər arasında mübahisə mövzusuna çevrilib.

Qərbin müəyyən şəbəkəsi bu məsələni məqsədli şəkildə qabardır ki…”

Bu baxımdan Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Elxan Şükürlü “Zaxarovanın açıqlamasından belə çıxmırmı, Moskva Qarabağı Azərbaycan ərazisi kimi tanımaq istəməyib?” sualını bölüşmür.

Onun sözlərinə görə, Qərbyönümlü şəbəkələr bu məsələni məqsədli qabardırlar:

Bütün bunlar artıq keçmişdə qalıb. Sadəcə, Qərbin müəyyən şəbəkəsi bu məsələni məqsədli şəkildə qabardır ki, Rusiya bununla revanşizmi dəstəkləyir. Rusiya bu gün həm də Ermənistanın ictimai rəyi uğrunda savaşır və göstərmək istəyir ki, sizin bütün problemlərinizin baiskarı Qərbpərəst Paşinyandır. Vaxtında Rusiya müdafiə edirdi, təklifləri də vardı…”.

Yəni Rusiya vaxtında Qarabağ probleminin uzanmasının və Ermənistanın ərazisi olmasını istəyirdi? ” sualına isə Şükürlü belə cavab verib:

Xeyr, mən elə düşünmürəm. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiyanın bütün təklifləri Qarabağın itirilməsinə hesablanmışdı, sadəcə, Azərbaycan razılaşmadı”.

 “Bir daha deyirəm, hər 3 dövlətin məqsədi belə olub. Amma hazırda Ermənistan uğrunda bu dövlətlər arasında rəqabət gedir. Paşinyan da bütün məğlubiyyəti Rusiyanın ayağına yazır, KTMT-dən çıxmağını da bununla əsaslandırır. Baş nazir hesab edirdi ki, müharibə başlayacaq, Türkiyə ilə Rusiya üz-üzə gələcək. Amma Ankara və Moskva 2016-cı ildən sonra çox çevik davrandılar və Paşinyan hökuməti məğlub oldu. İndi bu məğlubiyyətini erməni cəmiyyətinə “yedirtmək” üçün Rusiyanı günahlandırır. Moskva da eyni qaydada ona cavab verir ki, əsas baiskar özünsən. Bu da normaldır, çünki Kreml bu cür bəyanatlarla Ermənistanın ictimai rəyini udmaq istəyir”, – deyə siyasi şərhçi qeyd edib.

Onun sözlərinə görə, hazırda bu məsələdə Rusiya və İran Azərbaycanı dəstəkləyir:

“İndi fakt budur ki, Rusiya və İran da Azərbaycanın mövqeyini dəstəkləyir. 2020-ci il reallıqlarından sonra Azərbaycanın qələbəsini yalnız ABŞ və Avropa İtttifaqı qəbul etmək istəmirlər. Onlar da problemin tam həllinə imkan vermək istəmirlər”.

“Zaxarova Azərbaycan xalqına mesaj verir ki, Rusiya sizin düşməniniz, ermənilərin isə dostudur”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı deyir ki, Azərbaycanın rəsmi təbliğatında Qərb Qarabağı Ermənistana verməkdə ittiham olunur:

“Demək istəyirlər ki, guya Qərb müharibə istəyir, amma bu, hakimiyyətin cəmiyyətə sırıdığı məsələdir. Əslində, Bakı və Moskva bu təbliğatı birgə aparır, istifadə etdikləri cümlələr və tezislər də çox oxşardır”.

Qasımlı Zaxarovanın bəyanatını “biabırçı” adlandırıb.

Azər Qasımlı

Onun sözlərinə görə, Zaxarova Azərbaycan xalqına mesaj verir ki, Rusiya sizin düşməniniz, ermənilərin isə dostudur:

Ancaq bütün bunlara cavab olaraq Qərb Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması üçün hər şey edib. Zaxarova da bunları deyir. Ona görə bu məsələni qabartdı ki, Rusiya üçün Azərbaycan xalqının nə düşündüyü əsas deyil, çünki Əliyevlə anlaşıblar. Bu mesaj həm də erməni cəmiyyətinə ötürülür ki, Qərbin adamı Paşinyanı devirsəniz, ən azı 4 kəndi itirməyəcəksiniz, hətta bonus olaraq erməniləri də Qarabağa qaytaracağıq. Əslində, bu mesajla Rusiya Azərbaycan xalqını itirməlidir, amma narahat deyillər, səbəb yenə deyirəm Əliyevlə anlaşmalarıdır. Bu mənada narahat deyillər”.

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …