Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / “Kreml istəsə, öz işini görəcək. Ordusu Qarabağdadır…”

“Kreml istəsə, öz işini görəcək. Ordusu Qarabağdadır…”

“Ermənistanda bəzi qüvvələr var ki, onlar özlərini Rusiyanın müttəfiqləri kimi göstərirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib.

Siyasi şərhçi Ermənistanın paytaxtı İrəvanda ağaclara yapışdırılan vərəqələrdə yazılan “Krım – Rusiyadır, Donetsk – Rusiyadır, Luqansk – Rusiyadır, Mariupol – Rusiyadır, Zaporojye – Rusiyadır, Xerson – Rusiyadır, Tiraspol – Rusiyadır, Tsxinvali – Rusiyadır, Şimali Qazaxıstan – Rusiya olacaq, Artsax – (Qarabağ-red) qoy Rusiya olsun” şüarlarından söz açıb.

Xatırladaq ki, vərəqələrdə Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının loqotipləri yapışdırılsa da, müxalifət fraksiyası bu məsələ ilə bağlı iddiaları rədd edib.

M. Əliyev bu məsələnin pərdəarxası məqamlarına toxunaraq vurğulayıb ki, Ukrayna, Şimali Qazaxıstan və s. məsələlər Rusiya üçün reveranslar təşkil edir:

“Lakin, əslində, həmin qrupların əsas məqsədi Rusiyanın Qarabağ məsələsində mövqeyinin dəyişdirilməsi, bu ölkənin Azərbaycana qarşı çıxış etməsidir. Ona görə də onlar Ukrayna və Qazaxıstan məsələsini irəli sürürlər, amma əsas məqsəd Qarabağdır.

Onlar müharibə bitəndən sonra kifayət qədər aktiv şəkildə Rusiya ilə müttəfiq olmalarını, Rusiyaya sadiq olduqlarını göstərərək, Azərbaycanı Rusiyanın düşməni kimi təqdim etmək siyasətini aktiv şəkildə aparıblar. Amma indiyə qədər bu, heç bir müsbət nəticə verməyib. Çünki biz görürük ki, Rusiyanın Qarabağla bağlı siyasəti əvvəlki qaydada qalır. Amma yenə də o qüvvələr çalışırlar ki, bəlkə nəsə alındı”.

Analitik bu məsələdə Kremlin “barmağı”nının olduğuna inanmadığını deyib:

“Çünki Rusiyaya lazım deyil ki, hansısa erməni orada plakat yapışdıracaq və s. şeylər edəcək. Kreml istəsə, öz işini görəcək. Ordusu Qarabağdadır və kifayət qədər imkanları da var ki, ona lazım olsa, Azərbaycana qarşı hərəkət etsin. Bunun üçün Ermənistandan hansısa bir dəstək Rusiyaya lazım deyil. Sadəcə olaraq erməni tərəfi çalışır ki, aranı vuraraq qarşıdurma yaradıb bundan istifadə etsin.

Qısacası, əgər onlar deyirlər ki, Qarabağda Rusiya daim olmalıdır, bəli, bu, həm də Azərbaycana qarşı olan mesajdır”.

Həmçinin oxuyun

“Zəngəzur dəhlizi ətrafında mənfi geostrateji və əlverişsiz durum yaranır”

İkinci Qarabağ müharibəsinin 2 ili tamamlanır. Sabah ölkədə Anım Günü olacaq. Müharibədən sonrakı 2 ildə …