Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / Kraliça II Elizabetlə görüşmüş azərbaycanlılar – FOTOLAR

Kraliça II Elizabetlə görüşmüş azərbaycanlılar – FOTOLAR

Məlum olduğu kimi, Böyük Britaniyanın kraliçası ll Elizabet 96 yaşında dünyasını dəyişib. Bu il taxtda olmasının 70-ci ilini “Platin Yubiley” olaraq qeyd edən kraliça Soyuq Müharibədən Avropa Birliyinin qurulmasına, Berlin Divarının yıxılmasından tutmuş koronavirus pandemiyasına qədər onlarla tarixi hadisənin şahidi olub. 

Dəfələrlə azərbaycanlılarla səmimi görüşü yadda qalan kraliçanın Ulu Öndər Heydər Əliyev və digər məşhur soydaşlarımızla bağlı xoş xatirələri olub. ll Elizabetin Qarabağ atlarına heyranlığı isə hər zaman diqqət çəkib. 

Maraqlıdır ki, ll Elizabetlə görüşmüş azərbaycanlılar kimlərdir?

Kraliça ll Elizabet müxtəlif illərdə bir neçə dəfə Azərbaycanın o zamanki prezidenti Heydər Əliyevlə görüşüb. İlk rəsmi görüş 1995-ci ildə baş tutub. Heydər Əliyev və ll Elizabet 1995-ci ilin mayında İkinci Dünya Müharibəsində qələbənin 50 illiyi münasibətilə Londonda keçirilən şənliklərdə iştirak ediblər. 


Daha sonra liderlərin görüşü 1998-ci il 21 iyununda Bukingem sarayında olub. O zaman kraliça Heydər Əliyevi xüsusi olaraq qarşılayıb. Tərəflər iki dövlət arasında əlaqələrin daha da inkişafı üçün birgə işlərin artırılması imkanlarını müzakirə ediblər. Heydər Əliyev kraliçanı Azərbaycana səfərə dəvət edib. Kraliça da Azərbaycanla maraqlandığını, təklif üçün təşəkkür etdiyini bildirib. 

Qarabağ atları Londonda

Kraliçanın atlara heyranlığı bütün dünyaya məlum idi. Qarabağ atları onun üçün əvəzedilməz idi. Kraliça xüsusi olaraq Azərbaycan atlarına dəyər verir və bunu gizlətmirdi. Qarabağ atları müxtəlif illərdə ll Elizabetin ad gününə həsr olunmuş tədbirlərdə göstərdikləri şoularla izləyiciləri heyran qoyub. 

Kraliçaya hədiyyə olunan ilk Qarabağ atı Ağdam Atçılıq zavodunda yetişdirilmişdi. 

Xatırladaq ki, 1949-cu ildə Cəlal Tağıyev, Süleyman Həsənov tərəfindən yaradılan zavod Qarabağ atlarını dünyaya tanıtmağı hədəfləmişdi. Bakı Cıdır Meydanında sınaqdan keçirilən atlar bir müddət sonra Londona qədər gedib çıxmışdılar. 

Belə ki, 1956-cı ildə Ağdam Atçılıq zavodunda doğulan “Zaman” adlı at Əli Tağıyev tərəfindən Londona aparılıb. Daha sonra Tağıyev atı kraliçaya hədiyyə edib. ll Elizabetə verilən at çəhrayı rəngdə idi. O dövrdə belə rəngdə çox az sayda ata rast gəlmək olardı.


Atın gözəlliyindən vəcdə gələn kraliça uzun müddət onun yalmanını oxşamaqdan doymayıb. İki həftəyə yaxın Londonda qonaq qalan Əli Tağıyevə kraliçanın xüsusi dəvətnaməsi təqdim edilib. O, özəl yarışlara qatılıb.

İllər sonra “Zaman” başqa cinslə qarışdırılıb və kraliçanın atlarının bir çoxunda Qarabağ atının gözəlliyinin elementləri yaşamağa başlayıb.

SSRİ dağılana yaxın Kral ailəsi Əli Tağıyevə “Zaman”ın törəmələrinin fotolarını yollayıb. Onun ən gözəl davamçısı isə “Jasmin” olub. 

 
“Zaman”ın sorağı 50-ci illərdə Avropanı necə fəth etmişdisə, 2012-ci ildə kraliçanın hakimiyyətə gəlməsinin 60 illiyi münasibətilə Əli Tağıyevin nəvələrini Londona dəvət etmişdilər. Belə ki, jokey Camal Tağıyev üç Qarabağ atı ilə yubiley tədbirinə yollanıb. O, səfər zamanı Londonda kraliça ilə görüşüb.


Bundan sonra davamlı olaraq kraliçanın doğum günündə və önəmli tədbirlərdə Azərbaycan nümayəndələri iştirak etməyə başlayıblar. Nümayəndə heyəti Qarabağ atları və Azərbaycan mədəniyyəti ilə kraliçanı heyran etməyi bacarıb.


Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabetin doğum günü münasibətilə hər il şoular təşkil olunurdu. Belə mərasimlərdən biri 2016-ci ildə keçirilib.


 
2016-ci ildə Londondakı Vindzor qəsrində II Elizabetin 90 illik yubileyi zamanı Azərbaycanın “Qarabağ” cinsindən olan 15 atdan ibarət komandası, habelə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı kraliçanın qarşısında çıxış edib. Onları məşhur tar ifaçısı Rafiq Rüstəmov və Azərbaycanın Xalq artisti Fidan Hacıyeva müşayiət edib.


Kraliça Azərbaycan nümayəndə heyətini xüsusi olaraq qəbul edib və onlara göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. 


Daha sonra 12 may 2018-ci il tarixində kraliçaya Azərbaycan nümayəndə heyəti adından tuncdan hazırlanmış Qarabağ atının heykəli rəsmi hədiyyə olaraq təqdim edilib. Nümayəndə heyətinin tərkibində Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Böyük Britaniyadakı o vaxtkı səfirimiz Tahir Tağızadə, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov olub. 


Kraliça üçün xüsusi şou göstərənlər arasında sənətçilərimizi də qeyd bilərik. Belə ki, 2018-ci ildə “Odlar Yurdu – Azərbaycan” adlı kompozisiyada Xalq artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, məşqçi Azər Həmzəyev və Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı möhtəşəm şouya imza atıblar. 


Kraliça ilə azərbaycanlıların növbəti görüşü 2019-cu ilə təsadüf edib.

2019-cu ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının əfsanəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunan Vindzor Kral Atçılıq Şousunda kraliça Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul edib. 
Kraliça həmin vaxt Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Sakit Məmmədov, baş katib Bəhruz Nəbiyev və idmançı Xədicə Qulubəyli ilə görüşüb.


Bu il isə 12-15 may tarixlərində Böyük Britaniyada keçirilən ənənəvi Vindzor Kral Atçılıq Şousu tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.


Eyni zamanda bu il Azərbaycan Prezidenti İlham Əliyev kraliçaya at hədiyyə edib. “Şöhrət” adlı Qarabağ atı kraliçaya təqdim olunub. Ülyahəzrət təşəkkür edib, tədbirlərdə ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Modern.az

Həmçinin oxuyun

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun …