Bazar , Yanvar 16 2022
Ana səhifə / Siyasət / “Korrupsiya, varlanmaq ehtirası, tamah yaşa baxmır” – Abutalıb Səmədov

“Korrupsiya, varlanmaq ehtirası, tamah yaşa baxmır” – Abutalıb Səmədov

Uzun illər Azərbaycan hakimiyyətini yaşlı nəslin nümayəndələri təmsil edib. Ölkədə problemlərin artmasında cəmiyyət hər zaman onları günahlanırıb. Yaşlı nəslin yeni idarəçilik metoduna uyğunlaşmaması, rüşvət və korrupsiyaya bulaşmaları buna səbəb kimi göstərilirdi.

Qeyd edək ki, son illər hakimiyyət komandasında nəzərə çarpacaq dərəcədə gəncləşmə siyasəti aparılır. Yeni nəsli təmsil edən  xeyli sayda adam hakimiyyətin ən müxtəlif strukturlarında təmsilçilik hüququ qazanıb. Buna baxmayaraq, yenə də ortaya problemlər çıxır. Məsələn, ötən gün Bakı Ağır Cinayətlər məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin Sabiq direktoru Pərviz Abbasova hökm oxunub. O, vəzifə səlahiyyətlərindən sui istifadə etməkdə və rüşvət almaqda günahlandırılaraq, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Nəzərə çatdıraq ki, bu ilk hal deyil.

Niyə Avropada təhsil alan gənclərimiz də əllərinə səlahiyyət keçən kimi rüşvət və korrupsiyaya qurşanır, bu problemin öhdəsindən necə gəlmək olar?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşüb:

“Korrupsiya, varlanmaq ehtirası, tamah yaşa baxmır. Bu saydıqlarımız yaşlılarda nisbətən az olmalıdır, çünki həyatlarının böyük hissəsini yaşayıblar, gözləri doymalıdır.

Əfsuslar olsun ki, korrupsiya, rüşvət gənclərin təhsil almasına da baxmır. Yaxşı təhsil almış mütəxəssislərimiz də qısa müddətdə hər şeyə nail olmaq istəyirlər. Düşünürlər pul yığsınlar, maşınları olsun. Təəssüf ki, bu reallıqdır və mübarizə aparmaq lazımdır.

Bu cür məsələləri qaldıraraq jurnalistlər də mübarizə aparır, hakimiyyət də korrupsiyaya qarşı kəskin addımlar atır. Korrupsiya, rüşvət prosesinə son verməyin başqa yolu yoxdur. Həm ictimai rəy buna qarşı qəti mövqe tutmalıdır, həm də hakimiyyət və siyasi partiyalar. Yoxsa biz Azərbaycanı bu bəladan xilas edə bilmərik”.

Həmçinin oxuyun

Düşmənin öz başında çatlayan təxribatı – TƏHLİL

Ötən ilin sonlarında Azərbaycan və Ermənistan dövlət başçılarının Soçi və Brüssel görüşündən sonra iki ölkənin …