Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Siyasət / Korrupsiya bitmir, şəkil dəyişir, davam edir – həbslərdən dərs almayan məmurlarla nə etməli?

Korrupsiya bitmir, şəkil dəyişir, davam edir – həbslərdən dərs almayan məmurlarla nə etməli?

Ölkəmizdə bir çox  istiqamətlərdə aparılan islahatlar müsbət nəticəsini versə də, rüşvətxorluq və korrupsiyanın kökünü kəsmək mümkün olmur. Mübarizə son illər çox sərt şəkildə aparılır, rüşvətxor məmurlar həbs edilir, işdən, vəzifədən uzaqlaşdırılır. Amma rüşvət aradan qalxmır, dövriyyə zəifləmir. Bir rayonda icra başçısı rüşvətə, qanunsuz əməllərinə görə qandallanır, digər rayonlarda korrupsiya il bağlı hərəkətlilik bir zərrə də zəifləmir, bir məmurun həbsindən digərləri nəticə çıxarmır. Son olaraq, bir neçə həkim, baş həkim, klinika rəhbəri rüşvət alarkən yaxalandı, lakin digər  xəstəxanalarda rüşvətxorluq bütün gücü ilə davam edir. Həmçinin bəzi nazirliklərdə, dövlət qurumlarında eyni proses gedir.

Bəzi rayonlardan gələn informasiyalar deməyə əsas verir ki, müxtəlif icra strukturları əhalini incitməkdə, qanunsuzluqlar, talançılıq etməkdən çəkinmirlər.

Elə isə korrupsiyanın sonunu gətirmək üçün hansı metodlara əl atılmalıdır? Vəzifədən çıxarıldıqdan sonra sabiq məmurların uzun illər yığdıqları vəsait hesabına firavan həyatına davam etməsi digərləri üçün nə dərəcədə təşviqedici amildir? Bu gün həbs olunan, kreslosunu itirən vəzifəlilərdən mənimsədikləri vəsait nə dərəcədə geri alınır və kimlər alır? Bundan başqa, iri korrupsionerlər iş başında, azadlıqda olarkən, xeyli kiçik ranqlı məmuru 10-20 minlik rüşvətə görə tutmaq nə dərəcədə effektli olacaq? Yanaşma hansı formada dəyişməlidir?

Suallar çoxdur və bu sualları cavablandıran millət vəkilləri də hesab edir ki, “təmizləmə”, sağlamlaşdırma bütün sahələrdə eyni vaxtda aparılmalıdır.

Razi Nurullayev: “Azərbaycan xalqının buna dözümü yoxdur” - VİDEO

Razi Nurullayev: “Tam olaraq köhnə idarəçiliyin dəyişdirilməsinə ehtiyac var ki, şəffaflıq olsun”

Millət vəkili Razi Nurullayevin sözlərinə görə, həbslərdən, kadr dəyişikliklərindən sonra rüşvətxorluğun forma və metodları dəyişir, daha sakit, səssiz şəkildə proses davam edir: “Rüşvətxorluq və korrupsiya ilə mübarizə getsə də, həbslər həyata keçirilsə də, məmurlara daha şəffaf işləməklə bağlı tapşırıqlar verilsə də, artıq hər şeyin dəyişdiyini desək, yalan olar. Rüşvətxorluq və korrupsiya əslində libasını dəyişir, formasını dəyişir və davam edir. Yəni əvvəlki metodlar, daha yeni, görünməyən, daha münasib üsullarla əvəz edilir. Ancaq yenə də tanışlıq, öz adamını qabağa çəkmək, pul alıb işə götürmək və sair məsələlər davam edir. Dövlət büdcəsinin vəsaitlərini qeyri-standart şəkildə, öz mənafeyi naminə istifadə etməkdə də davam edirlər. Təəssüflər olsun ki, bütün bunlar azalmayıb. Mənə elə gəlir ki, korrupsiya ilə mübarizə sistemli şəkildə aparılır deyilsə də, əslində sistemli şəkildə aparılmır. Bir neçə qurum yaradılıb , orada korrupsiya, rüşvətxorluq yoxdur. Bu sistemli mübarizənin bir nümunəsidir ki, ”ASAN Xidmət” timsalında bunu görə bilərik”.

Deputat hesab edir ki, ümumilikdə korrupsiya ilə mübarizə bərabər şəkildə aparılmalıdır: “Yəni icra hakimiyyəti səviyyəsində korrupsiya ilə mübarizə aparılırsa, icra hakimiyyəti işlədiyi , əməkdaşlıq etdiyi və ya birbaşa tabeliyində olan sahələr də, onlar qədər təmizliyə və şəffaflığa məruz qalmalıdır ki, bütün sahələr düzəlsin. Əgər hansısa xəstəlik bütün orqanizmə yayılıbsa, yalnız bir orqanı müalicə etməklə sağlamlıq əldə etmək mümkün deyil. Müalicə etdiyimiz orqan digər xəstə orqanların təsiri ilə yenidən xəstələnəcək. Bizdə ayrı-ayrılıqda sanki kampaniya xarakterli mübarizə aparılır ki, filan yerdən başladıq, mübarizə aparırıq, burada iş bitdikdən sonra digərinə keçərik. Digərində mübarizəyə başlayanda köhnə ünvanda hər şey əvvəlki vəziyyətinə qayıdır. Ona görə də daha sistemli mübarizəyə ehtiyac var. Tam olaraq köhnə idarəçiliyin dəyişdirilməsinə ehtiyac var ki, şəffaflıq olsun. Məmurlar da bilməlidir ki, korrupsiya ilə mübarizə təkcə onun başında çatlamır, kimliyindən, vəzifəsinin böyüklüyündən, kiçikliyindən, pulunun azlığından, çoxluğundan asılı olmayaraq hamıya aiddir. Azərbaycanda isə bu şəkildə tətbiq olunur desək yalan olar. Korrupsiya ilə mübarizədə bir az da səmimi olmaq lazımdır”.

R.Nurullayev onu da vurğuladı ki, vəzifədən çıxarılan, həbs olunan məmurların  illər ərzində mənimsədiyi, qanunsuz yolla yığdığı bütün vəsaitlər onların əlindən alınmalıdır: “Dövlət büdcəsi hesabına o pulları yığıbsa, hamısı alınıb büdcəyə geri qaytarılmalıdır. Bizdə isə alınırmı? Yox. Məmur işdən çıxarılır və ya həbs olunur, daha sonra kabinetlər gəzir. Bir kabinetdən o biri kabinetə, ondan çıxır digərinə, müxtəlif idarələr, nazirliklər, şöbələr gəzir. Hər kabinetdən çıxdıqca onun pulu bir az azalır, azalır və nəticədə dövlət büdcəsinə qəpik-quruş gedir. Onun pulları yenə də kabinetlərdə itir, büdcəyə heç nə çatmır. Oğurladıqlarının heç 1-2 faizi də büdcəyə getmir. Qalanlarını da başının altına qoyub kef içində yaşayır. Bu da mübaribəzinin effektivliyinə  ciddi şəkildə təsir göstərir”.

Asim Mollazadə: "Məmur özbaşınalığı Azərbaycanın ən böyük problemlərindən  biridir"

 Asim Mollazadə

Deputat Asim Mollazadə də qeyd etdi ki, dövlət strukturlarının sayı azaldılmalı, ciddi islahatlar, ixtisarlar aparılmalı və çevik, şəffaf qurumlar yaradılmalıdır: “Korrupsiya ilə mübarizə istiqamətində uğurlu bir misal kimi ”ASAN Xidmət” nümunəsidir. Vətəndaşlarımız məmurlarla birbaşa kontaktdan xilas olublar. Əvvəllər xırda bir sənəd və ya arayış almaq üçün rüşvət verməli olurdular, bu problemdən xilas olublar. Digər sahələrdə isə korrupsiya ilə mübarizə üçün sadəcə həbslərlə kifayətlənmək olmaz, çox ciddi ictimai nəzarət, medianın nəzarəti olmalıdır. Məmurların fəaliyyəti media, ictimaiyyət üçün şəffaf olmalıdır. Onlar hər zaman bu işığı öz üzərlərində hiss etməlidirlər ki, hansısa qapalı, qaranlıq məkanlarda korrupsiya ilə məşğul olmasınlar. Vətəndaş cəmiyyətinin, medianın gücü və ali hakimiyyətin siyasi iradəsi korrupsiya ilə mübarizədə bir çox müsbət dəyişikliklərə gətirib çıxara bilər. Bununla yanaşı, ciddi struktur dəyişiklikləri də həyata keçirilməlidir. Məmurların sayı ciddi şəkildə azaldılmalıdır. Azərbaycan  10 milyonluq ölkədir, ancaq 80-dən artıq inzibati vahid var. Bu qədər quruma ehtiyac yoxdur. Nazirliklərin sayı çoxdur, bu qədər nazirlik ola bilməz, struktur dəyişiklikləri çərçivəsində ictimai nəzarəti gücləndirməklə, məmurların sayı azaldılmalıdır. Bir çox məmurlar əgər indiyə qədər məşğul olduqları özəl bizneslə məşğul olsaydılar, həm dövlət büdcəsinə, həm də ölkənin iqtisadiyyatına faydalı olardı”. Musavat.com

Həmçinin oxuyun

Hafiz Hacıyev intim videolardan danışdı: “Mən onsuz da lütəm…”

Tanınmış şəxslərin intim videolarının yayılması ilə bağlı xəbərlər gündəmdə qalmaqdadır. Hətta prezidentin sabiq köməkçisi Əli …