Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Komitə sədrindən narazılıqlar böyüyür – İTTİHAM VAR

Komitə sədrindən narazılıqlar böyüyür – İTTİHAM VAR

Məlum olduğu kimi, bir neçə gün öncə Diasporla İş üzrə Dövlət Komitəsində narazılıq yaranması ilə bağlı məlumat vermişdik. Məlumata görə, 2016-cı ilin ikinci ayı olmasına baxmayaraq, komitə işçiləri hələ də əmək haqlarını ala bilməyiblər.
Komitə əməkdaşları məsələylə bağlı mühasibatlığa müraciət etsələr də, onlara normal cavab verilməyib. İşçilərə bildirilib ki, büdcədən pul ayrılmadığı üçün əməkhaqları gecikir. Ancaq əldə etdiyimiz məlumata görə, işçilərin əməkhaqqı köçürülüb. Sadəcə olaraq, Nazim İbrahimovun rəhbərlik etdiyi qurum işçiləri incitmək yolundan əl çəkmək istəmir. Elə bu səbəbdən də narazı işçilər komitə sədri Nazim İbrahimovun qəbul otağının qarşısına toplaşıblar. Komitə sədri isə işçilərinin problemini həll etmək əvəzinə, fərqli istiqamətlərdə fəaliyyətini davam etdirir.
Belə ki, komitə işçilərinin əməkhaqqı verilmir, amma N.İbrahimovun yaxın ətrafı hələ də dəbdəbəli həyat tərzindən əl çəkmirlər. Belə ki, komitə sədrinin ailə üzvlərinin gündəlik xərclərində heç bir qənaət yoxdur. Bu da da istər-istəməz insanlarda qıcıq yaradır. Yəni, Diaspora Komitəsində bir əməkdaş 500 manat əmək haqqını ala bilmir, amma Nazim İbrahimovun yaxınları 500 manatı bir saatda xərcləyir.
“Unikal”a daxil olan məlumata görə, Nazim İbrahimovun oğlu Elnur İbrahimovun sürdüyü dəbdəbəli həyat tərzi də narazılığa səbəb olub. Məlum olduğu kimi, E.İbrahimov bir müddət əvvəl mətbuatın gündəminə bomba kimi düşmüşdü. Dəbdəbəli həyat tərzi, milyonluq təyyarə, maşınlar və macəra dolu həyat tərzini əks etdirən foto və videoların sosial şəbəkələrdə yayılması Nazim İbrahimova baş ağrısı olmuşdu. Hətta bu səbəbdən oğluna sosial şəbəkələrdəki hesablarını bağlamağı da tapşırmışdı. Xatırladaq ki, bir müddət əvvəl onunla bağlı şok məlumatlar mətbuatda da yer almışdı. Bildirilirdi ki, Elnur səyahət eləməyi çox xoşlayır. Amma adi “Aerobus-320” tipli təyyarədə tərləyə-tərləyə uçmaq və səninlə qonşu kresloda oturmuş hansısa kök bir xalanın tər iyini udaraq əzab çəkmək Elnurluq deyil. Biznes-klassda uçmaq da artıq dəbdən düşmüş səyahət sayılır. Elnur xüsusi komfortu və əlahiddə xidməti, yəni açıq desək, şəxsi təyyarədə uçmağı sevir. Azərbaycanlı məmurun oğlunun həyat tərzi yalnız Bakı gənclərinin çox sevdiyi ingilisdilli V.İ.P. abbreviaturasına daxil olan xidmət və rahatlıq üzərində qurulub. Mövsümün ən qızğın vaxtında Maldiv adalarında istirahət etmək onun ən sevimli hobbisidir. İstirahət günlərində, boş vaxtlarında dostları da götürüb İstanbula gəzməyə getmək? Heç bir problem yoxdur! Bu, sevimli oğlundan heç nəyi əsirgəməyən məmur atanın əlində nə çətin işdir ki?! Yəqin bizim oxucular bilmək istəyəcək ki, özəl təyyarənin icarəyə götürülməsi neçəyə başa gəlir. Belə təyyarələrin bir saatlıq kirayə haqqı 2500-10 000 avro arasında dəyişir. Qiymət təyyarənin modelindən, salonundan, xidmətdən və verilən yeməkdən asılıdır. Maldiv adalarına uçmaq neçəyə başa gələrdi? Orta hesabla saatı 5 min avrodan götürək. Başa düşmək lazımdır ki, kiçik təyyarədə belə uzaq məsafəyə uçmaq mümkün deyil, haradasa dayanmaq, yanacaq götürmək, əlavə texniki baxışdan keçmək lazımdır. Deməli, təxminən 8 saatlıq uçuş götürsək, bu səyahət haradasa 40 min avro edəcək. Əgər tez-tez uçursansa, özü də dünyanın hər yerinə, bəlkə özünə xüsusi təyyarə alasan. Daha sərfəli və rahat olmazmı? Komitə sədrinin oğlu katerdə şütüyür, qiyməti isə təyyarəyə baxanda qəpik-quruşdur. Bakıda bu cür nəqliyyatın kirayəsinin bir saatı 500 manata başa gəlir. Boş-bekarçılıqdan bezəndə Elnur paytaxtın ən elitar restoranlarında bahalı alkoqollu içkilər içməklə, habelə DJ-liklə də məşğul olur. Yəni özünün vaxtaşırı olaraq təşkil etdiyi qapalı məclislərində “val fırladır”. Hərdən də belə məclisləri vətənində deyil, Parisdə təşkil edir ki, bütün dostları, hətta çoxdandır Bakıda yaşamayanlar da gələ bilsinlər.
Göründüyü kimi, N.İbrahimovun oğlu, eləcə də digər ailə üzvləri qənaət etməyi ağıllarına belə gətirmirlər. Amma Komitə sədri işçilərini iki aylıq maaş almadan yaşamağa məhkum edir. Təbii ki, bu da həm komitədə, həm də yuxarı dairələrdə ciddi narazılıq yaradır.
Məlumdur ki, Prezident İlham Əliyev hər müşavirədə məmurlara bu barədə xəbərdarlıq edir. Ancaq görünən odur ki, Nazim İbrahimov bu xəbərdarlıqlardan nəticə çıxarmaq istəmir. Hələ üstəlik komitə işçiləri arasında narazılıq yaratmaqla, vəziyyəti daha da kritikləşdirir. Təbii ki, bütün bunlar Nazim İbrahimovun karyerasının sonunu gətirməkdədir. Hər halda, yaxın günlərdə N.İbrahimovla bağlı sərt qərarın verilməsi qaçılmazdır.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın