Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / “Köçəryanı, Sərkisyanı Şuşada mühakimə etsək, ermənilər özləri onların üzünə duracaq“ – Milli Qəhrəmanın xanımı

“Köçəryanı, Sərkisyanı Şuşada mühakimə etsək, ermənilər özləri onların üzünə duracaq“ – Milli Qəhrəmanın xanımı

“İyunun 20-də Milli Qəhrəman Şirin Mirzəyevin xatirə günü münasibətilə onun məzarı başına toplaşdıq. Ötən illər hər dəfə Şirinin məzarına, ümumiyyətlə, Şəhidlər Xiyabanına gələndə qeyri-iradi bir xəcalət hissi keçirir, əksəriyyəti çox gənc ikən həyatlarını torpaqlarımız uğrunda fəda etmiş şəhid qəhrəmanlarımızın ruhu qarşısında torpaqlarımızın azad olunması, onların qisasının alınması barədə necə hesabat verəcəyimizi düşünürdük. Ancaq bu dəfə Şəhidlər Xiyabanında, o cümlədən Şirin Mirzəyevin məzarı başında o cavabsız sualları özümüzə vermədik”. 

Bu duyğusal fikirləri moderator.az-a şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı, Xankəndi seçki dairəsindən sabiq deputat Flora xanım Qasımova deyib.  

“Artıq bu şəhid məzarlıqlarında uyuyan igidlərin ardıcılları olan bu günkü şəhid və qazilərimizin canı-qanı hesabına torpaqlarımızın böyük əksəriyyətini, o cümlədən Şirinin uğrunda daha çox savaşdığı Ağdam rayonunun bütün keçmiş ərazisini düşmənlərdən azad etmişik… 

Şirin Mirzəyevin bir komandir kimi ən böyük arzusu ölkədə vahid komandanlığın yaradılması və Qarabağın azad olunması idi. Həmişə bizə deyərdi ki, on minlərlə qeyrətli, döyüşkən oğullarımız var, amma təəssüf ki,  biz birləşə bilmirik. O, bunun səbəblərindən də danışardı…” – söhbətinin ardında bunları söyləyən Milli Qəhrəman xanımı “Xarı Bülbül” Musiqi festivalı ilə bağlı Şuşanı ziyarəti zamanı yaşadığı hisslərdən də bəhs edib: 

“Şuşada səfərdə olarkən bir daha ürəyimdən keçirdim ki, kaş Şirin sağ olaydı, o da bu savaşda iştirak edəydi. Çünki onun ən böyük arzularından biri də Şuşanın azad olunması idi. Şuşanın işğal olunduğu günlər həddindən artıq yanıb-yaxılırdı. Deyirdi ki, Şuşasız Qarabağ, Azərbaycan yoxdur. Şuşanı azad etmədən bizim bir xalq olaraq başımızı qaldırıb gəzməyə haqqımız yoxdur… 

Cıdır düzünə çatıb Şuşanın o saf havasını udanda, o  bənzərsiz mənzərələrini seyr edəndə dedim, ilahi, sənə çox şükür, indi Şirinin ruhu xeyli rahatdır… 

Elə bilirəm ki, getdim cənnəti gördüm gəldim, müqəddəs bir məkanı ziyarət edib gəldim. Sanki  o torpaqlar, o daşlar, otlar, ağaclar, o quşlar, kəpənəklər də bizim gəlişimizə sevinirdi… 

O torpaqların hər qarışında  Azərbaycan igidlərinin  qanı axıb. Biz o torpaqlara müqəddəs bir varlıq kimi yanaşmalı, onun üzərində gəzərkan, yaşayarkən işləyərkən həm fiziki, həm mənəvi-əxlaqi davranışlarımızda böyük bir məsuliyyət hiss etməliyik…”  

Keçmiş parlament üzvü torpaqlarımızın son 44 günlük savaşda şəhid və qazi oğullarımızın  can-qanı hesabına azad olunmasında Ali Baş Komandan İlham Əliyev başda olmaqla dövlətimizin, eləcə də qardaş Türkiyənin böyük rolunu da xüsusi olaraq vurğulayıb: 

“Nəhayət, bu gün artıq qürurla deyə bilərik ki, biz azərbaycanlıyıq, Azərbaycan vətəndaşıyıq.  Bu gün biz bir xalq olaraq özümüzə dönmüşük. Nəhayət, tarixdə nəhəng dövlətlər, imperiyalar quran bir xalq özünə qayıtdı və torpaqlarının böyük bir hissəsini azad etdi. Cənab Ali Baş Komandanın, Prezidentin rəhbərliyi ilə ölkədə formalaşmış vahid, nizam-intizamlı komandanlıq altında qəhrəman övladlarımız erməni işğalçılarına qarşı döyüşlərdə dastanlar yazdılar.  Yalnız Şuşanın azadlığı əməliyyatını göz önünə gətirmək kifayətdir. Daşaltından o sıldırım qayalarla dırmanaraq, sayca özlərindən çox düşmənlə əlbəyaxa döyüşərək Şuşamızı azad etdi bu oğullar. Ermənilər bunu heç vaxt ağıllarına gətirə bilməzdi. Onlar arxayın idilər ki, Azərbaycan ordusu 30 il ərzində qurduqları istehkamları keçərək   torpaqlarını, o cümlədən Şuşanı azad etmək iqtidarında deyil. Amma yanıldılar… Eyni zamanda beynəlxalq siyasətdə də yanıldılar. Çünki 44 günlük müzəffər savaşımız boyu və ondan sonra bir neçə əhəmiyyətsiz dövləti çıxmaq şərtilə əksər aparıcı dövlətlər, bütün ciddi beynəlxalq qurumlar Azərbaycanın haqq işini dəstəklədi. Və bunlar hamısı cənab Ali Baş Komandan İlham Əliyevin  17 il ərzində apardığı xarici siyasətinin, iqtisadi regional layihələrinin nəticəsi olaraq meydana çıxdı. Və çox şükür ki, xalqımız da, gəncliyimiz də cənab Ali Baş Komandanın, dövlətimizin, ordumuzun arxasında durdu. Çünki bu, artıq əyilmiş ümummilli qeyrətimizi dirçəltmək məsələsi idi. Bu, ləkələnmiş bir namus məsələsi idi… Və biz buna nail olduq. Eyni zamanda Azərbaycan ordusu II Qarabağ savaşındakı zəfərləri ilə artıq bütün dünyada böyük şöhrət qazandı və doğrudan da regiondakı ən güclü ordulardan biri olduğunu isbatladı… 

Həmin qəhrəman oğullarımızı, şəhidlərimizi, qazilərimizi yetişdirən analara “var olun” deyir və qarşılarında baş əyirəm. Şəhidlərin ana, bacı, övlad və xanımlarının nələr yaşadığını gözəl anlayıram və onların dərdlərinə şərikəm… Bu gün bütün Azərbaycan xalqı və dövlətimiz onların dərdinə şərik olmaqla bərabər arxalarında dayanıb. Bu, onlar üçün böyük təsəllidir. Son müharibə onu da göstərdi ki, bu xalq birləşə bilir və o, birləşəndə qarşısında heç bir xarici və ya daxili düşmən, güc davam gətirə bilməz… 

Qarabağdakı son zəfərimizdə bizə daim arxa duran, mənəvi və siyasi dəstək verən qardaş Türkiyə Cümhuriyyəti və onun lideri cənab Rəcəb Tayyib Ərdoğana da dərindən minnətdarıq. Çağdaş Türkiyə bir əsrdən çox öncəki dəstəyini bu dəfə daha geniş geo-siyasi, geo-iqtisadi bir arenada təkrarlayaraq Azərbaycanla qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Hamımız yaxşı bilirik ki, 1918-ci ildə Nuru Paşanın başçılığıyla Qafqaz İslam Ordusu gəlməsəydi, Bakı bəlkə də bu günədək ermənilərin əlində idi və ümumiyyətlə, Azərbaycan dövlətçiliyi yox idi. Nuru paşalara da, Ərdoğanlara da qəlblərimizdə də, şəhərlərimizdə də heykəllər ucaltmalıyıq, adlarına küçələr, qəsəbələr verməliyik. Qarabağdakı son zəfərimiz bizə həm də bir dərs oldu ki, dost, qardaş köməyini unutmaq olmaz…” 

Xankəndi şəhərində boya-başa çatmış Flora Qasımova köçkünlərimizin işğaldan azad edilmiş torpaqlara, o cümlədən Yuxarı Qarabağa qayıdışından sonra ermənilərlə dinc yanaşı yaşamağın  problemlərindən də  danışıb: 

“Onu da deyim ki, ermənilər tərəfindən hələ XX əsrin əvvəllərindəkini demirik, yalnız bu son 30 ildən çox dövrdə 1 miyondan çox insanımız didərgin salınıb,  20 mndən çox soydaşımız amansız işgəncələrlə qətlə yetirilib, minlərlə əsirimiz, itkinimiz var, yüzlərlə şəhər və kəndimiz xarabaya döndərilib. Amma  bunlara rəğmən erməni terrorçuluğundan, barbarlığından, vandallığından, faşizmindən əziyyət çəkən bir xalq  olaraq biz ermənilərə deyirik ki, gəlin sülh, barışıq şəraitində yaşayaq. Fəqət tarix göstərir ki, əsirlər  boyu müxtəlif xarici güclərin əlində alət olmuş ermənilərin beyni artıq zəhərlənib. Odur ki, Azərbaycan xalqı, xüsusən cavanlarımız ehtiyatlı olmalıdır ki, yaxın gələcəkdə onlarla qonşuluqda dinc yanaşı yaşasaq da belə, keçmiş səhvlərimizi təkrarlamayaq. Onların bizə qarşı törətdiklərini unutmayaq və ehtiyat üçün “dəmir yumruğ”umuzu daim hazır saxlayaq. Eyni zamanda ermənilərə, xüsusən Qarabağda sovet dövründən bəri yaşamış ermənilərə müraciət etməliyik ki, bu 30 ildə Ermənistanın torpaqlarımızı işğal etməsilə nə qazandınız. Axı siz əsrlərlə, xüsusən sovet dövründəki on illər boyu Azərbaycan torpaqlarında bizlərdən də yaxşı yaşayırdınız… 

Şuşada  “Xarı bülbül” Musiqi festivalında Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin folklor nümunələrini dinlədik. Ermənilər də onlar kimi Azərbaycan vətəndaşı  idi və onu öz vətənləri bilirdilər. Onlar da bu gün ruslar, yəhudilər, talışlar, kürdlər, ləzgilər, tatlar, avarlar və s. kimi  qürurla  dövlətimizə xidmət göstərə bilərdi. Amma vətənə xəyanət onlar üçün ağır başa gəldi.  Rəcəb Tayyib Ərdoğan öz çıxışında çox ibrətamiz bir fikir söylədi: “Qarabağdakı münaqişədən qazanan başqaları oldu, amma itirən burada yaşayan xalqlar oldu”.  Yəni Qarabağda yaşayan ermənilər də itirdilər. Özü də çox itirdilər… Ən başlıcası, Azərbaycan kimi böyük, geniş ürəkli, xeyirxah bir xalqın dostluğunu, etibarını itirdilər. Amma yenə də inanıram ki, biz Köçəryanı, Sərkisyanı, Ohanyanı, Saakyanı, Arutyunyanı və s. Bakıda, yaxud lap Şuşada mühakimə etsək, elə ermənilər özləri onlara qarşı şahidlik edəcəklər. Çünki əslində “erməni liderləri” adlanan həmin məxluqlar bu işğal illəri ərzində ilk növbədə öz xalqlarına qarşı zülmlər ediblər…”

“İnşallah, çox ümidliyik ki, bütün çətinliklərə rəğmən köçkünlərimiz öz torpaqlarına dönəcək və orada tikiləcək kənd və şəhərlərimiz əvvəlkindən də daha gözəl olacaq. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı, yaralı və xəstə döyüşçülərimizə şəfa versin” –deyə sonda şəhid Milli Qəhrəmanımızın həyat yoldaşı söyləyib.

“Köçəryanı, Sərkisyanı Şuşada mühakimə etsək, ermənilər özləri onların üzünə duracaq“  - Milli Qəhrəmanın xanımı
“Köçəryanı, Sərkisyanı Şuşada mühakimə etsək, ermənilər özləri onların üzünə duracaq“  - Milli Qəhrəmanın xanımı

Həmçinin oxuyun

Baydendən Qarabağla bağlı açıqlama

“Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”. Bu fikirləri ABŞ …