Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Siyasət / “Kimlərinsə Azərbaycan üzərindən oyunlar qurmasına imkan verməmək üçün hər kəs məsuliyyətini dərk etməlidir”

“Kimlərinsə Azərbaycan üzərindən oyunlar qurmasına imkan verməmək üçün hər kəs məsuliyyətini dərk etməlidir”

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal qrup üzvü tərəfindən hücuma məruz qalması birmənalı olaraq vandalism aktıdır və nə bu təxribatın, nə də həmin qrupun İslam dini ilə hər hansı bağlılığından söhbət gedə bilməz. Hər bir ölkənin səfirliyinin həmin ölkənin ərazisi hesab olunduğunu nəzərə alaraq bu aktı ölkəmizin ərazisinə təcavüz kimi qiymətləndirir və sərt şəkildə qınayırıq.

Bu təxribatın arxasında ölkəmizdə nifaq toxumu səpmək istəyən, vətəndaşlarımızı üz-üzə qoymaq istəyən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının dayandığı şübhəsizdir. Görünən odur ki, bu cür təxribatların davam etməsində maraqlı olan dairələr artıq hərəkətə keçiblər və belə halların yenidən təkrarlanmaması üçün müvafiq dövlət qurumlarımız ayıq-sayıq olmalı və hər cür təxribatlara hazır olmalıdırlar.

AMİP olaraq ayrı-ayrı dövlətlərin Azərbaycana yönəlik təxribatçı fəaliyyətləri ilə bağlı bir müddətdir ki, etdiyimiz xəbərdarlıqları bir daha təkrar edərək bildiririk ki, indiki həssas dönəmdə ən vacib məsələ bu cür təxribatların qarşısını almaqdan ibarət olmalıdır.

Bunun üçün hər bir vətəndaşımızı maksimum şəkildə ayıq-sayıq olmağa, xüsusilə də inanclı insanlarımızı, o cümlədən bütün vətəndaşlarımızı təxribatlara uymamağa çağırırıq. Kimlərinsə Azərbaycan üzərindən oyunlar qurmasına imkan verməmək üçün hər kəs məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Milli İstiqlal Partiyası olaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı diplomatik korpusumuzun da bu hadisədə fəaliyyətsizliyini və ərazimizin bir parçası olan səfirliyimizi və dövlət bayrağımızı qorumaqda acizlik çəkdiyini qınayır və gələcəkdə bu kimi halların təkrar olunmaması üçün Xarici İşlər Nazirliyinin dilpomatik korpuslarımızda çalışan əməkdaşların təlimatlandırılması üçün konkret addımlar atmasını tələb edirik.

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …