Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / “Kim Mazandaran eşşəyi kimi anqırırsa, bu, onun demokratik seçimidir” – Sabir Rüstəmxanlı

“Kim Mazandaran eşşəyi kimi anqırırsa, bu, onun demokratik seçimidir” – Sabir Rüstəmxanlı

Din adına fitnəkarlıq   

Dünən, yəni may ayının 2-də, Facebook-da Ramazan bayramı ilə bağlı  bir yazı paylaşmışdım.  İranda bu günün, əksər İslam ölkələrindən fərqli tarixdə qeyd edilməsini vurğulamaqda niyyətim bu idi ki, sadə məsələlərdə ikitirəlik olmasın. Məzhəb ayrılığını tamamilə aradan qaldırmaq çətindir, lakin bunu şişirtməkdənsə, son vaxtlar tez-tez səsləndiyi kimi, “Quran İslamı”nın tələblərini əsas götürmək lazımdır.

Doğrudur, yanlışdır… bu mənim fikrimdir. Bəyənmək də olar, bəyənməmək də.

Lakin bu fikri bir tərəfə qoyub yorumlarda  məni İran düşməni,  İslamdan-dindən xəbərsiz, dini məsxərəyə qoyan, İsrailin adamı, rüşvətlə deputat seçilən, xalqın dərdindən xəbərsiz, Milli Məclisdə səsi çıxmayan, nəvəsinə azan öyrətməkdənsə qurd kimi ulamaq öyrədən, dindən danışmağa haqqı olmayan və s. ifadələrlə təhqir etdilər.

Söz yox onlardan on qat artıq insan mənim xoş niyyətimi düzgün dəyərləndirdi və yüz belə çirkab püskürənləri silib aparan sözlər yazdılar. Ancaq istər-istəməz adamın ürəyi bulanır. Niyə bizim milli əxlaqımız bu qədər dəyişilib, bu düşmənçilik toxumunu sərən kimlərdir, niyə gənc adamlar ya qəsdən, ya tanımayaraq atası yerində olan bir tanınmış qələm sahibinə belə böhtanlar yağdıra bilir, onlara bu cəsarəti verən hansı ölkələr, hansı pullar, hansı maraqlardır? Mirzə Cəlil demiş bu İran marallarının niyyəti nədir? Mən onların hər birinə ayrıca cavab verib,  öz qələtlərini anlatmağa çalışardım və inanıram ki, dəfələrlə olduğu kimi, bu dəfə də onların bəziləri real dəlil-sübut qarşısında  səhvlərini etiraf edərdilər. Lakin buna vaxt yoxdur və söhbət tək-tək adamlardan yox,  İranın adını çəkən hər kəsə qarşı  bu hücum kompaniyası üçün yaranmış mühitdən, bu ayrı- seçkiliyin arxasında dayanan Azərbaycan-türk düşmənçiliyindən gedir.

Mənim necə  millət vəkili olduğumu bilmək istəyənlər bunu seçildiyim Neftçalanın camaatından soruşsunlar, Milli Məclisin stenoqramlarına baxsınlar, “Dərdə əyilmə” kitabımı oxusunlar! 

Məni taleyimiz siyasətçi eləyib və 30 ildir siyasət didişmələrində, partiyalararası gizli savaş meydanında öyrədilmiş adamlar  70-80 ci illərdə ədəbiyyatda qazadığım şöhrəti baltamaqla, gözdən salmaqla məşğuldurlar. Şükür bacarmayıblar. Haq nazilsə də üzülməz. Kimsəyə böhtan atmamışam, kimsəyə pislik eləməmişəm, milli birlikdən, Vətənimizin azadlıq və bütövlüyündən başqa məqsədim olmayıb. Dünyanın  müxtəlif ölkələrində 90-a yaxın kitabım çıxıb və bu kitablardan biri də İran İslam Cümhuriyyətinin dini rəhbəri Ağaye Seyid Əli Xameneyiyə açıq məktubdur. Bəlkə bu böhtançıların xəbəri yoxdur, bu günlərdə o məktubu yenidən sosial mediyada paylaşaram.

Məni İrana kin bəsləməkdə günahlandıranlara bəyan edim ki, tam tərsinə, İran adlandırılan ölkəyə heç bir kinim yoxdur, paylaşılan videodan da göründüyü kimi, mən İranın inkişafını, güclənməsini istəyirəm. Çünki İrana da öz dövlətim kimi baxıram. Əhalisinin yarısı bacı-qardaşlarımızdır, türklərdir. Üç min ildir o ərazidə İranla Turan bir yerdədir, farsla türk iç-içədir.  Yaxın Doğu projesi ortaya çıxandan sonra mən İranın da Liviyanın, Əfqanıstanın, Surianın, İraqın yaşadığı facələri yaşamasıni istəməmişəm və bu fikrimi çox nüfuzlu görüşlərdə də  səsləndirmişəm. Əksinə, biz istərdik ki, İran, Türkiyə,İraq, Suriya, Əfqanıstan, Pakistan və diğər qonşularımız bu bölgədə Avropa birliyinə bənzər bir birlik yaratsınlar. Bir-birinin əlehinə işləməsinlər.

Amma neyləyək ki, İranda din siyasətin alətinə çevrilib, digər tərəfdən də bu ölkədə, öz tarixi vətənlərində yaşayan 35 milyondan çox azərbaycanlının hüquqları tapdalanır, ana dilində məktəbləri yoxdur, hətta doğulan uşaqlarına da Azərbaycan-türk adı qoya bilməzlər. Torpaqlarımızın işğal altında olduğu illərdə də İranın erməni sevgisini hamımız görmüşük.

Azərbaycan Respublikası ilə İranın rəsmi mövqelərinin son dönəmlərdə yaxşılaşmasına sevinirəm. Belə bir yaxınlıq şəraitində İrandakı qardaşlarımızın haqları da unutdurulmamalıdır.

Yazımda işlətdiyim “bizim cahillər” sözünə də irad bildiriblər, güya mən milləti nəzərdə tuturam. Yox, heç kim millət haqqında belə söz deyə bilməz. Cahilləri uzaqda axtarmaq lazım deyil, bir hissəsi bu yazıdan sonra ortaya çıxdılar. Quranda cahil sözü iki yerdə işlədilib. Cahil- bilməyən, bilmədiyi şeydən danışan,başqasına böhtan atan, insanlara həqarət edən, müəyyən niyyətlərlə haqqa nahaq deyən, küfr danışan və ya özünü bilməyən kimi göstərib cəhl edən…

Qoy bu yorum sahibləri araşdırsınlar, görsünlər bu anlayışlardan hansına uyğun gəlirlər. Milli Məclisdə ziyalının azlığı cəmiyyəti narahat edir, bu barədə mətbuatda da yazılır. Məclisdə olan, illərlə xalqın sözünü deyən millət vəkillərinin fəaliyyətini görməzdən gəlmək də cahillikdir.

Xalq ziyalıdan çox şey umur, bunu başa düşürük, lakin təəssüf ki, döyülən də həmişə sözünü deyən, bu dövlətin quruculugunda xidməti olan ziyalılardır. Bəlkə bu da bir qəsddir. “Necəsən görməyim, atan yansın!” məntiqi ilə yaxşı ilə pisə fərq qoymamaq, bütün üzdə olan adamlarımız haqqında şübhə toxumları səpmək 1988-ci ildən üzü bəri davam edən xəstəlikdir. Niyyət bəllidir: hamı küsüb kənara çəkilsin: “meydan qala əyriyə, bir yeyə, bir səyriyə!”

Mən İranın ruhanilərinin Azərbaycanda yorulmadan  işlədiklərini,  dini təhsil adına öz adamlarını yetişdirdiklərini bilirəm. Lakin ətrafımızda bu qədər farspərəst, bu qədər Azərbaycan-türk düşməni olduğunu blməzdim. Qarabağ savaşını çox tez unudurlar.

Yorum yazanların bəzilərinin kimliyini araşdırdım. Başı üstə  Xomeyninin şəkli, başında molla əmmaməsi olanlar gedib din işləri ilə məşğul olsalar yaxşıdır, onlara kim haqq verib ki, bu millətin dəyərlərinə əl uzatsınlar, başqalarının ayağına verməyə çalışsınlar. Bu qaragüruh dövlətçilik üçün ciddi təhlükədir və məncə, əlaqədar qurumlar bu barədə düşünüb tədbir görməlidirlər. İslam barış, xoş niyyət, xeyirxahlıq, insanlar arasında birliyi gücləndirən dindir. Lakin cahillər onu millətin inkişafına mane olan buxova və ya bataqlığa çevrmək istəyirlər…

Bu tipli adamlar neçə müddətdir, ara –sıra nifrətlərini ifadə etmək üçün başqa bəhanə tapmayanda mənim nəvəmlə şəklimi yayır və onun Boz qurd kimi ulamasını öz ağılları və ya ağılsızlıqları səviyyəsində yozurlar: “Niyə dord yaşlı uşaq namaz qılmır, qurd kimi ulayır?” O uşağın inanclı atasıyla yanaşı durub atasını yamsılaya-yamsılaya namaz qıldığını göstərən şəkilləri də var, lakin ona mifologiyamızdan gələn boz qurd kimi ulamağı kim qadağan edə bilər? Təki bütün ömrü boyu qurd kimi ulamağı ilə düşmən bağrı yarsın, İran gölməçələrində bəslənən qurbağalar kimi quruldamasın.

Hər kəs öz övladının dərdini çəksə yaxşıdır. Bizim balacalar dağda-daşda at üstündə qurd kimi ulamağa öyrəşiblər, kim Mazandaran eşşəyi kimi anqırırsa bu da onun öz demokratik seçimidir.

Nəhayət yazılarda tez-tez “dini bilməyənlər dindən danışmasın” deyirlər. Əvvəla kim yoxlayıb ki, mən Din tarixini, Din fəlsəfəsini, Peyğəmbərlər tarixini, Həzrəti Peyğəmbərimizin həyatını, Quranı hansı səviyyədə bilirəm və bu məsələlərdə yalançı dindarlar mənimlə danışa bilərlər, yoxsa yox? İkincisi, din Vicdan işidir, İnsanin Allahla rabitəsidir; hər kəs hesabatı öz vicadanına verir; burda dini kimin nə dərəcədə bilməsindən daha çox, kimin Allahına nə qədər bağlı olmasından danışıla bilər; din heç bir ayətullanın,  Qum mollasının və ya din xadımınin şəxsi əmlakı deyil. Heç kim heç kimin inancını tərəzidə ölçə bilməz. Tərəzi sahibi Yaradandır və o da öz ədalət tərəzisinin başında dayanıb onun müqəddəs dinindən sui-istifadə edən, inancla cahilliyi qarışıq salan, işləri başqalarıni yaralamaqdan ibarət olan, düşüncələri şərlə, kin-küdrətlə dolu olan, böhtançı, nankor bəndələrinin yolunu gözləyir…

Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı

Həmçinin oxuyun

Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var

Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər …