Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Siyasət / “KİA Motors”la tanınmış idmançı arasında maşın mübahisəsi

“KİA Motors”la tanınmış idmançı arasında maşın mübahisəsi

“KİA Motors Azərbaycan” şirkəti tanınmış idmançını aldadıb.

Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

E.Hüseynovun sözlərinə görə, Azərbaycan Aikido Federasiyasının üzvü Nailə Yaqiyeva  Bakı şəhəri, Mətbuat prospektində yerləşən mağazadan “KİA Carens” markalı avtomobil alıb: “Sonradan avtomobil yanıb. Amma şirkət dəymiş zərəri ödəmək istəmir.

Nailə Yaqıyeva təşkilatımıza ünvanladığı şikayətində göstərir ki, 2012-ci ildə 4000 dollar ilkin ödəniş etməklə maşın alıb. Lakin ona ilkin ödənişlə bağlı maliyyə sənədi təqdim edilməyib. Şikayətçi maşını “A-Qrup” sığorta şirkətində sığorta etdirib. Bundan əlavə, qaydalara uyğun olaraq maşını “KİA Motors Azərbaycan”ın servis xidmətində vaxtlı-vaxtında yoxlatdırıb. Bu ilin fevral ayında gecə saatlarında isə maşın qəflətən yanıb”.

Nailə Yaqıyeva da virtualaz.org saytına açıqlamasında deyilənləri təsdiqləyib: “Mən ayda 600 dollar ödəməklə maşın almışam. Ümumilikdə 27 min 500 dollardan artıq pul ödəmişəm. Maşının 5 illik zəmanəti var. Fevralın 16-da gecə maşın qəflətən yandı. Fövqəladə Hallar Nazirliyinin ekspertləri mənə maşının zavod qüsurlu olduğunu, heç kim tərəfindən yandırılmadığını təsdiqləyən sənəd verib”.

N.Yaqıyeva dedi ki, həmin sənədlə birlikdə  “KİA servis”in rəhbərinin qəbuluna gedib: “Servisin rəhbəri, Türkiyə vətəndaşı olan Mustafa Şaplı köməklik göstərə bilməyəcəyini dedi. Bundan sonra şirkətin rəhbəri Əşrəf Səfərovla görüşdüm. Əşrəf Səfərov da nazirliyin təqdim etdiyi ekspertizanı qəbul etmədiyini, yeni maşın verə bilməyəcəyini dedi. Əşrəf Səfərov bildirdi ki, biz dəymiş zərəri ödəsək və ya maşını yenisi ilə əvəzləsək, hamı maşınını yandırıb yeni maşın istəyəcək. Ona görə də nə yerli ekspertizanı qəbul etməyəcəyini, nə də xaricdən mütəxəssis çağırmayacaqlarını söylədi”.

Sığorta şirkəti dəymiş zərər kimi 13 min manat ödəyib. Şikayətçi isə dəymiş zərərin bununla ödənilmədiyini iddia edir: “Mən 27 min 500 dollar ödədiyim halda 13 min manat sığorta aldım. Halbuki sığorta üçün 1500 manatdan çox pul ödəmişdim. Həmin pulla bankın borcunu bağladım. Maşın qəza ucbatından və ya hansısa şəxsin günahından yanmayıb. Zavodun qüsuru üzündən 27 min dollardan artıq pul xərcləmişəm. Həm maşınım, həm də pulum gedib. Buna görə də şirkət dəymiş zərəri ödəməlidir”.

E.Hüseynov isə “KİA”nın xaricdəki mərkəzi ofisinə, Azərbaycanın İqtisadiyyat və Sənaye, Vergilər nazirliklərinə, Maliyyə Nazirliyinin Dövlət Sığorta Xidmətinə müraciət edib.

“KİA Motors”dan isə virtualaz.org saytının suallarını cavablandırmaqdan imtina etdilər: “Biz sizin suallarınızı cavablandırmaq səlahiyyətində deyilik. Suallarınızı yazıb göndərin. Əgər rəhbərliyin razılığı olarsa, bayram tətilindən sonra cavablandıracaqlar”.

Bununla belə qarşı tərəfin də mövqeyini istənilən vaxt işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında:”Torpaqlarımızı güc yolu ilə geri qaytarmaq haqqını özümüzdə saxlayırıq”

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament …

Bir cavab yazın