Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Keçmiş nazirdən Qulu Məhərrəmliyə təşəkkür – “Müsəlman geriliyinin 5 səbəbi”nə görə…

Keçmiş nazirdən Qulu Məhərrəmliyə təşəkkür – “Müsəlman geriliyinin 5 səbəbi”nə görə…

Hörmətli alim – professor Qulu Məhərrəmli olduqca vacib məsələ qaldırılmış, professora və məsələni müzakirəyə çıxarmış “Ayna” qəzetinə, xüsusilə Elçin bəyə təşəkkür edirəm. Professor türk toplumunun və ümumiyyətlə müsəlman aləminin dünya ictimaiyyətindən xeyli geri qalmasının səbəblərinin müəyyənləşdirilməsinə çalışmışdır. Göstərilən beş əsas səbəb bir hadisə kimi gerçəklikdi, hamısı var, hələ bundan əlavə digər alimlərimiz, məsələn, professor Altay Göyüşovun sadaladığı digər səbəblər də fəaliyyətdədi. Amma mənə elə gəlir ki, bütün sadalananları səbəb kimi qiymətləndirmək tədqiqatın məqsədini xeyli dolaşdırır və düzgün nəticə əldə etməyə imkan vermir. Bu, xəstəyə qoyulan aralıq diaqnozuna bənzəyir: bir xəstə baş ağrıları ilə həkimə müraciət edirsə, həkim dərhal müəyyən edir ki, təzyiq yüksəkdi və təzyiq dərmanı ilə müvəqqəti təzyiqi salır və baş ağrısını kəsir. Əslində isə iki gündən sonra həmin xəstəlik yenə baş qaldıracaq, çünki, təzyiqin qalxma səbəbi müəyyənləşməmişdi. Burada isə bir neçə səbəb var (böyrək, ürək, qan damarlarının elastikliyi, ürək damar sisteminin xəstəlikləri və s), sonu hara gəlib dirənir, onu tapmaq lazımdı. Bu bizi bu gün daha çox narahat etməlidi, xüsusilə, İslamda islahatların zərurilyi üzrə tək parlamağa cəhd edən qardaş Türkiyədə Atatürk prinsiplərinin son məğlubyyəti şəraitində çox daha vacibdi.
Müzakirələr üçün bir neçə tezisi təqdim etmək istərdim:
– İslamın dayağı olan üç toplum – türk, ərəb və fars qrupları islamdan əvvəl dünya miqyasında aparıcı mövqeyə sahib olublar, islamdan sonra mövqelərini itirməyə başlayıb, bu gün də nisbi geriləmədə davam edirlər. Bir mühüm qanunauyğunluğu dərk etmək zərurəti var: islamlaşma ilə toplumların ümumi inkişafı tərs mütənasib asılıqıqdadı. İslamlaşma gücləndikcə toplumların inkişafı geriləyir. İslamlaşma zəiflədikcə inkişaf güclənir.
– İslamın geriliyini üç nöqteyi nəzərdən təhlil etmək istədim- milli, irqi, regional, amma bütün istiqamətlərdə faktlar indi fəaliyyətdə olan nəzəriyyələrin əksinə gəldi. Eyni millətdən olan müxtəlif din qruplarının inkişafında islamın geriçiliyi daha ciddi görünür. Məsələn, ərəblərlə israil oğulları eyni milli tərkibə mənsubdurlar, amma 15 milyonluq yəhudilər 1,5 milyardlıq müsəlmanları faktiki olaraq idarə edir, bir neçə min fars qrupuna məxsus dağ yəhudiləri 50-60 milyonluq fars qruplarından xeyli irəlidədi, 50 minlik karaim yəhudi türkləri 200 milyonluq müsəlman türklərindən xeyli irəlidədi. Eyni tendensiya irqlər və regionlar üzrə müşahidə olunur. Yəni bunlar sübut edir ki, toplumların geridə qalmasının səbəbi regional, milli və ya irqi amillərlə əlaqəli deyil, dinlə əlaqədardı.
– İslamdan çox elm və təhsilə diqqət yetirən ikinci bir din yoxdu, amma islam elmi ən geridə qalır və bu gerilik fərqi getdikcə sürətlə böyüyür (Q. Məhərrəmli). İslam geriliyin səbəbini özündə axtarmalı olduğu halda başqalarında axtarır (A. Göyüşov), tezisi, özü də səbəb deyil, cahilliyin nəticəsidi. Heç bir kamil insan bacarıqsızlığının səbəbini başqasında axtarmaz.
– Əslində din üç inanc üzərində qurulur: əsas inanc subyekti Allahın mövcudluğu, kimliyi və təkliyi (və ya çoxluğu), həyatın davamına inanc və bununla əlaqədar pis əməllərdən çəkinmə. İnanc kimi qəbul etdiyimiz digər məsələlər, nə geyinmək, nə yemək, nə içmək, necə davranmaq, necə ibadət – inanca heç bir aidiyyatı yoxdu. Sadəcə, qədim zamanlarda hüquq sisteminin, konstitisiyaların formalaşmadığı şəraitdə cəmiyyəti düzgün idarə etmək üçün din öz əhatə dairəsindən çıxaraq konstitusiyaları əvəz edəcək idarəçilik sistemini də özündə birləşdirmişdir. Başqa dinlərdə bu qəbul olunmuş, hüquq sistemləri formalaşmış və din gerçək əhatə dairəsi ilə məhdudlaşdırılmışdı. İslamda isə 14 əsr əvvəl müəyyənləşmiş qaydalar hələ də qalmaqda davam edir ki, bu da mümkün deyil, hətta Allah tərəfindən göndərilsə  belə. Çünki, Allah onu o dövrün xüsusiyyətlərinə uyğun müəyyən etmişdir. Konstitusiyalar hər il dəyişir, dini qaydaları 14 əsr eyni tərzdə saxlamaq cəmiyyətin inkişafını xaosa sürükləyə bilər. Bu təməl prinsiplər qəbul olunarsa, üç böyük din arasındakı fərqlər silinir – yəhudi, xristian və islam: hər üç dində Allahın varlığı, onun təkliyi, o dünyanın varlığı və pis əməllərdən çəkinmə – eyni tərzdə qəbul olunur. Həyat tərzindəki, qidalanma, adət və ənənələrdəki fərqlərin dinə heç bir aidiyyatı yoxdur, hüquq sistemi ilə tənzimlənir.
– Hər gözəl yazılan nəzəriyyə gerçəkliyə dönə bilmir, təcrübədə özünə tətbiq tapa bilməyən nəzəriyyənin isə yaşamaq haqqı yoxdu. Kommunizmdən gözəl nəzəriyyə yox idi, amma bu nəzəriyyənin tətbiqi cəmi bir əsrdə cəmiyyəti böyük fəlakətə uğratdı və yarandığı kimi də sıradan çıxdı. İslamla kommunizm əsas müddəalar etibarı ilə, xüsusilə iqtisadiyyat, bölgü sahəsində eynidi. Kommunizmin sıradan çıxmasının səbəblərini onun əsas müddəalarında axtardığımız kimi, islamın da geriliyinin və təcrübədə özünə yer tapa bilmədiyi səbəblərini islamın əsas təməl prinsiplərində və nəzəriyyəsində (kökündə) axtarmaq lazımdı. 57 müsəlman ölkəsinin hamısında təqribən vəziyyət eynidi. Səbəb daha dərin köklərdədi və bütün müddəalar təftiş olunmalıdı. Sadə bir müqayisə: islamda zəkat məcburidi, hər bir zəngin qazandığının xeyli hissəsini kasıbların dolanışığına verməlidi. Talmudda isə yazır ki, yəhudi kasıb olmamalıdı, kasıbçılıq bütün pisliklərin pisi kimi qiymətləndirilir. Belə baxanda, müsəlmanınkı daha uyğun görünür, amma insan psixoloğiyasını yaxşı bilən alim dərhal yəhudinin prinsipini qəbul edəcək. Çünki, zəkatın özü insanları çaşdırır, işə həvəsi azaldır, tənbəlləşdirir, məsuliyyətdən uzaqlaşdırır. Zəkat olan yerdə niyə işləyim? Sadə bir müddəanın nəticəsidir ki, yəhudi dilənçi tapa bilməssiniz, amma hətta ən zəngin müsəlman ölkələrində dilənçilərin əlindən tərpənmək olmur. Odur ki, müsəlmanda olan bütün çatışmamazlıqlar – demokratiyanın olmaması, diktatura, monarxiya – ailə üsulu idarəçilik, hakimiyyətə hərislik, qohum və tayfabazlıq, korrupsiya, parçalanma, cahillik, elm və təhsilin zəifliyi, tənbəllik, hüquqsuzluq, qəddarlıq, müharibələr, aclıq, kasıbçılıq – əsas təməl prinsiplərlə əlaqədardı və səbəbləri o dərin kökdə axtarmaq lazımdı.
– Bəzi din xadimləri bu geriliyin səbəbini qərb xristian dövlətlərinin fəaliyyəti, bəzən də yəhudilərin, son dövrlərdə isə buddistlərin fəaliyyətində axtarmaq istəyirlər. Əvvəla, çox pis haldı ki, islam – 57 ölkə idarəetmə subyektindən obyektə çeviriliblər, 1,5 milyard əhali sadəcə idarə olunur. Digər tərəfdən, gərək Qərb dünyasının bəşəriyyət qarşısında xidmətlərini qiymətləndirməyi bacaraq, Qərb dünyası olmasaydı, bir yalnız, Səddam Hüseyn bütün şərqi ya işğal edəcəkdi, ya qan çəlləyinə çevirəcəkdi. İŞID başlayanda yalnız Azərbaycandan, xüsusilə qadınlar arasında, nə qədər həyəcan dolu zənglər gəlirdi: bizə də gələ bilərlərmi? Əsassız iddialar deyildi…
– Böyük türk dövləti Xəzər dövləti yarananda bu dövlətin qurucusu Bulan xaqan alimləri çağırıb hansı dinin faydalı ola biləcəyini təhlil etməyi tapşırmışdı və könüllü olaraq yəhudi dini dövlət dini kimi qəbul edilmişdi. İki əsrdən çox fəaliyyət göstərən bu dövlət türk toplumlarının inkişafında böyük rol oynamışdı. İslamdan fərqli olaraq din könüllü və qansız, qadasız, qorxusuz qəbul olunmuşdur.
– İndi də dinə münasibətlərdə rəsmi və ya qeyri rəsmi qadağaların atadan qaldırılması, insanların dini baxışlarının formalaşmasında tam sərbəstliyin təmin olunması, toplumlara dinlərin mahiyyətinin düzgün çatdırılması (cahil molla izahatı ilə deyil, böyük və məşhur alimlər vasitəsi ilə), geniş müzakirələr açılması, tarixin düzgün araşdırılması zəruridi. Bu yolla islamdakı geriliklərin real səbəbləri müəyyənləşdirilə bilər və çıxış yolları tapıla bilər.
Saleh Məmmədov, 
iqtisadçı professor, keçmiş maliyyə naziri

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın