Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Kanal 13-ün direktorunun həbsi narahatlıqla qarşılanıb – reaksiyalar

Kanal 13-ün direktorunun həbsi narahatlıqla qarşılanıb – reaksiyalar

Zahid Oruc: “Kanal 13 internet televiziyası hər zaman özünün obyektiv mövqeyi ilə seçilib”; İqbal Ağazadə: “Əziz Orucovun həbsdən azad olunması ilə bağlı qərar verilməlidir”
Mayın 2-də Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucova Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.
Vəkil Elçin Sadıqov bildirib ki, mayın 2-də səhər saatlarında Əziz Orucov və onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Orucova mülki şəxslər tərəfindən Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Vəkilin sözlərinə görə, polis onu xarici görünüşünün axtarışda olan bir şəxsin xarici görünüşü ilə uyğun gəldiyinə görə saxladığını bildirib: “Axtarışda olan şəxsin şəkli nümayiş etdirildi və Əziz Orucov həmin şəxsə oxşamır. Bu, sadəcə, quramadır və məqsəd Əziz Orucovu saxlamaq olub”.
E. Sadıqovun sözlərinə görə, Əziz Orucov özünü təqsirli bilmir və Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək: “Burada məqsəd kiminsə axtarılması deyil, Əziz Orucovun tutulması olub”.
Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova da mətbuata açıqlamasında bildirib ki, mayın 2-də səhər saat 11 radələrində polis onların yolunu kəsib: “7-8 nəfər yolumuzu kəsib avtomobilin qapısını açmaq üçün təzyiq etdi. Biz isə qapını bağladıq. Sonra Nəsimi Rayon Polis İdarəsindən Orxan Axundzadə adlı bir nəfər özünü təqdim etdi. Əziz qapıları açdı. Onu öz avtomobillərinə əyləşdirdilər. Mənim getməyimə də icazə vermədilər. Bizi yarım saat polis bölməsində saxladıqdan sonra məni buraxdılar. Daha sonra Əziz Orucovu məhkəməyə gətirdilər, 30 sutka həbs verdilər”.
Lamiyə Orucova Əziz Orucovun həbsi üçün heç bir əsas olmadığını bildirib. Həyat yoldaşına qarşı törədilən bu əməlin jurnalist fəaliyyətinə görə olması ehtimalını səsləndirib.
Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı ətraflı araşdırma aparılmasına ehtiyac olduğunu düşünür. Çünki Kanal 13 internet televiziyası hər zaman özünün obyektiv mövqeyi ilə seçilib: “Tərəflərə normal yanaşmanı sərgiləməyə çalışırdı. Parlament üzvlərinə də tribuna verməyə çalışırdı. Sözügedən şəxsə mən də müsahibə vermişəm. Müxtəlif məsələlərə münasibətdə, xüsusilə idarəetmə sisteminin təkmilləşdirilməsi, aparılan islahatlarla bağlı biz də orada fikirlərimizi bölüşmüşdük. Onları da hər zaman normal işıqlandırmağa çalışırdılar. Bir daha bildirirəm ki, onlar Azərbaycan dövlətçiliyinə və cənab prezident İlham Əliyevin liderliyi altında aparılan proseslərə normal yanaşdıqlarını göstərməyə çalışırlar. Bu cəhətdən məsələnin siyasi müstəvidə çək-çevir edilməsinin, hakimiyyət əleyhinə çevrilməsinin qəti əleyhinəyəm. Mən bilirəm ki, hazırda hansı ideolojilər və hansı xətlər səbəbindən onun da kameralarını hakimiyyət əleyhinə tuşlamaq istəyənlər olacaq”.
Zahid Oruc məsələnin hüquqi çərçivədə öz həllini tapacağına ümid etdiyini bildirdi: “Mən məsələni tam araşdırmamışam. Ancaq mənə bəlli olan məlumatlar bundan ibarətdir ki, hansısa hüquqi prosedurların aydınlaşdırılması istənilib. Yalnız bundan sonra müəyyən qərar qəbul edilə bilər. Ümumən hesab edirəm ki, Azərbaycan dövlətinə, onun varlığına, siyasi mövcudluğuna, fəaliyyətinə münasibətdə düşmən mövqedən çıxış edən dairələr var. Onların bir qismi media və informasiya kanalları ətrafında təmərküzləşiblər. Təəssüf ki, onların bir qismi ölkə xaricindən idarə olunmaqdadırlar. Adətən jurnalist vəsiqəsi də həmin qüvvələr üçün özünümüdafiə vasitəsi hesab olunur.
Ancaq Kanal 13 və onun təmsilçisi ilə bağlı belə olduğunu düşünmürəm. Çünki bizimlə apardıqları söhbətlərdə və müsahibələrdə onlar Azərbaycan dövlətinə və ötən illər ərzində keçilən yola normal münasibət göstəriblər. Əmin olmaq istəyirəm ki, məsələ hüquqi çərçivədə çözüləcək”
Ümid Partiyasının sədri İqbal Ağazadə də “Yeni Müsavat”a açıqlamasında Əziz Orucovun azad edilməsinin vacibliyindən danışdı: “Mən bu xəbəri təəssüf hissi ilə qarşıladım. Əzizi tanıdığım üçün bilirəm ki, o, xuliqanlıq maddəsi ilə ittiham olunası biri deyil. Mən təəssüf etdim ki, bu dəfə də ənənəvi üsulla yanaşdılar. Səbəblər təxminən mənə bəllidir. Hesab edirəm ki, medianı susdurmaq, medianın tənqidi məsələlərə münasibətdə bu dərəcədə kəskin mövqe nümayiş etdirməməsi üçün atılan addımdır. Onsuz da bu, mətbuat və söz azadlığı indeksində göstəriciləri olduqca aşağı olan Azərbaycana müsbət heç nə vəd eləmir. Hakimiyyət bu məsələ barədə ciddi düşünməlidir. Çünki dünyada bütün sferalar üzrə zəif görünür. İqtisadi azadlıqlar, mətbuat və söz azadlıqları, insan haqları indeksləri üzrə Azərbaycan kifayət qədər geriləyib. Bu məsələləri nəzərə alaraq, Əziz Orucovun həbsi ilə bağlı məhkəmənin yuxarı instansiyası qəti mövqe ortaya qoymalıdır. Onun həbsdən azad olunması ilə bağlı qərar verilməlidir. Mən belə düşünürəm. Çünki bu, təkcə Əziz Orucovun həbsi məsələsi deyil. Dünya səviyyəsində Əziz Orucov adlı mətbuat nümayəndəsi tanınmır, ancaq dünya Azərbaycanda söz və mətbuat azadlıqlarının pozulduğunu bilir və buna da o aspektdən yanaşır. Hakimiyyət bunu düşünərək Əziz Orucovu dərhal həbsdən azad etməlidir”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın