Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / Kamran Ramazanlı: “Gürcüstanın Rusiya ilə birlikdə 6-lıq formatında iştirakı mümkünsüzdür”

Kamran Ramazanlı: “Gürcüstanın Rusiya ilə birlikdə 6-lıq formatında iştirakı mümkünsüzdür”

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın irəli sürdükləri “3+3” formatına dair təşəbbüs Rusiya tərəfindən dəstəklənir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

XİN rəsmisi bütün tərəflərin mənafeyini nəzərə almaqla həmin mexanizmin tezliklə tətbiqinə tərəfdar olduqlarını vurğulayıb: “Hesab edirik ki, çoxtərəfli regional əməkdaşlıq bu formatın bütün iştirakçılarının maraqlarına cavab verir. Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə inamın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun nəqliyyat və iqtisadi potensialının üzə çıxmasına kömək edərdi. Biz çoxtərəfli regional əməkdaşlığın inkişafında bu formatın ehtimal olunan bütün iştirakçılarının birmənalı olaraq maraqlı olduğunu əsas götürürük”.

Zaxarova onu da qeyd edib ki, bir sıra Qərb dövlətləri, ilk növbədə ABŞ bəzi proseslərə müdaxilə etməyə və “çarxların arasına çubuq qoymağa” çalışır. Eyni zamanda, Rusiya XİN rəsmisi qeyd edib ki, Moskva bütün tərəflərin maraqlarını nəzərə alaraq bu mexanizmin mümkün qədər tez işə salınmasını rəhbər tutur.

Təbii ki, 6-lıq formatı qurulsa, bu bütün dövlətlərin mənafeyinə uyğun olar və regionun inkişafına təkan verər. Ancaq o da var ki, Rusiya faktiki olaraq Gürcüstanın ərazi bütövlüyünü pozub. Oradakı iki separatçı qurumu himayə edir və hətta onların “müstəqilliyini” tanıyıb. Belə olan halda Gürcüstan necə Rusiya ilə bir formatda təmsil oluna bilər?

Məsələyə münasibət bildirən “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlının fikrincə, sözügedən məsələdə Zaxarovanın səsləndirdiyi arqumentlər reallıqla uzlaşmır: “Məsələ ondadır ki, Gürcüstan-Rusiya münasibətləri gərgindir. Bunun nəyə görə belə olduğu da məlumdur. Rusiya uzun illərdir Abxaziyada və Cənubi Osetiyada fəaliyyət göstərən separatçıların arxasında dayanır. 2008-ci ildə baş verən 5 günlük müharibədən sonra separatçıları “müstəqil” tərəf kimi tanıdı. Bu da beynəlxalq hüquqa ziddir. Ona görə ki, Rusiya Gürcüstanın ərazi bütövlüyünə qəsd edib. Belə bir vəziyyətdə Gürcüstanın Rusiya ilə birlikdə bir formatda təmsil olunması mümkünsüzdür. Gürcüstanın nəinki rəsmi qurumları, bütün siyasi partiyaları, QHT-ləri Rusiya ilə bir platformada iştirak etməyin tərəfdarı deyil. Belə olan halda Gürcüstanın Rusiya ilə birlikdə 6-lıq formatında iştirakı mümkünsüzdür. Bu o halda mümkün ola bilər ki, Kreml separatçıları himayə etməkdən imtina etsin”.

K.Ramazanlı hesab edir ki, Rusiyanın Gürcüstanla bağlı siyasəti dəyişmədikcə, bu belə də davam edəcək. (Bakı-Xəbər)

Həmçinin oxuyun

İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam…”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə …