Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Kərəm Həsənov  hərraca 101 dövlət əmlakı çıxarır

Kərəm Həsənov  hərraca 101 dövlət əmlakı çıxarır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 101 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 43 kiçik dövlət müəssisə və obyekti, 19 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılıb.

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür.

Əmlak Məsələləri Dövlət Komitəsindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

43 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Sumqayıt, Şəki şəhəri, habelə Şirvan, Sabirabad, Şəmkir, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında “Gəncə Pambıq Əyrici” MMC, Şəmkir Balıq Zavodu, Şəki Barama Toxumu Zavodu kimi iri müəssisələr var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Gəncədə yerləşən “Gəncə Pambıq Əyrici” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 5 milyon 243 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 10514,8 kv.m., torpaq sahəsi isə 34083 kv.m.-dir. Paytaxtın Sabunçu rayonunda yerləşən və 60011 kv.m. torpaq sahəsi olan Yardımçı təsərrüfat isə 1 milyon 85 min manata təklif olunur. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 552 min manata Bakının Nərimanov rayonundakı 7 saylı mağaza, 306 min manata Sumqayıtda yerləşən “Dalğa” kiçik müəssisəsi, 485 min manata Şəkidə yerləşən Barama Toxumu Zavodu da var.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 14-ü paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 800 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Bu dəfəki hərracda 23 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Kərpic”, “Gəncə Sənaye Tikinti”, “Kürdəmir Kəndkimya Təchizat”, “Salyan İnşaat Xidmət”, “Salyan Reproduktor Quşçuluq”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Həmçinin oxuyun

İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

“İqtidarda hamı ağıllı danışsaydı, pisi kimin ayağına yazardılar? Bəzi adamlar ona görə belə danışırlar ki, …

Bir cavab yazın