Şənbə , Dekabr 4 2021
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov və qardaşı vəzifələrini itirəcək – İDDİA

Kəmaləddin Heydərov və qardaşı vəzifələrini itirəcək – İDDİA

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti (SOCAR) Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsindən ayrılıb. Onu bu postda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev əvəz edib. Xatırladaq ki, R.Abdullayev SOCAR rəhbərliyi ilə yanaşı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti olaraq fəaliyyətini davam etdirir.

Hokm.az-a daxil olan özəl məlumata görə, yaxın günlərdə digər idman federasiyalarının rəhbərləri də yola salınacaq. Bu sırada müxtəlif şəxslərin adı çəkilsə də, ən yaxın dövrdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı qərarın veriləcəyi gözlənilir.

Bu məqamda qeyd edək ki, K. Heydərov iki idman federasiyasının – Azərbaycan Boks və Azərbaycan Taekvondo federasiyalarının prezidentidir. Onun hələlik Boks Federasiyasının prezidenti olaraq fəaliyyətini davam etdirəcəyi söylənilsə də, Taekvondo Federasiyasının rəhbərliyindən gedəcəyi qərarı qətiləşib. Buna səbəb isə yeni Gənclər və İdman naziri Fərid Qayıbovun bu sahədə islahatlar aparmaqda israrlı olması göstərilir. Bu məqsədlə Azərbaycan Taekvondo Federasiyasının növbədənkənar konfransının çağırılacağı söylənilir.

Xatırladaq ki, Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə təsis edilib. Federasiyasının prezidenti Fövqəladə Hallar naziri olsa da, vitse-prezidentləri Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev, FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, idman təşkilatçısı Nağı Səfərov və Kəmaləddin Heydərovun sahibkar qardaşı Səməd Heydərovdur.

Onun yerinə kimin təyin olunacağı barədə isə dəqiq məlumat yoxdur. Ehtimallara görə, Fövqəladə Hallar nazirini Azərbaycan Taekvondo Federasiyasının prezidenti postunda gənc nazir həmkarlarından biri əvəz edəcək. Artıq federasiyada növbədənkənar konfrans hazırlıqlarına başlandığı da söylənilənlər arasındadır. K.Heydərovla yanaşı, Füzuli Musayev istisna olmaqla federasiyanın digər vitse-prezidentlərinin də yola salınacağı bildirilir. Mənbəmizin sözlərinə görə, K.Heydərovun biznesmen qardaşı Səməd Heydərov da öz postunu təhvil verməli olacaq.

Kəmaləddin Heydərov 1961-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Geologiya fakültəsini və Azərbaycan Universitetini bitirib. Əmək fəaliyyətinə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində texnik kimi başlayıb, sonradan müəssisənin geoloqu olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bir müddət Özbəkistanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. “M-Gilan” adlı şirkətin təsisçisi olub. 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədri işləyib. 2006-cı ildən Fövqəladə Hallar naziridir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər”

Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində müzakirələr keçirilib. Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa …