Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Siyasət / Jurnalistlərin buraxılmadığı yanan binada nə baş verir? – VİDEOREPORTAJ, FOTOLAR

Jurnalistlərin buraxılmadığı yanan binada nə baş verir? – VİDEOREPORTAJ, FOTOLAR

Binəqədi rayonu, Azadlıq prospektində yanan binada təmir işləri davam edir. Lakin aparılan işlərin mediada işıqlandırılmasına icazə verilmir.
Xəbər verdiyimiz kimi, ötən gün əməkdaşımız yanan binadan reportaj hazırlamaq istəsə də, mühafizəçilər onun içəri daxil olmasına mane olublar.
Lakin binada təmir işlərinin hansı mərhələdə olması ilə maraqlanmaq üçün yenidən həmin binaya baş çəkdik. Binanın həyətində qızğın iş gedirdi. Lakin qarşıda duran işlərin miqyası ilə müqayisədə fəhlə və işçi qüvvəsi azlıq təşkil edir. Jurnalistlərin binaya daxil olmasına icazə verilmədiyini nəzərə alaraq, özümüzü sakinlərdən biri kimi təqdim edib, içəri girməyə nail olduq.
Yanğının məhv elədiyi bina demək olar ki, yenidən bərpa edilir. Divarlar qaşınaraq suvanır, binanın sütunları əlavə qurğularla bərkidilir. Mənzillərin içində də təmir gedir. Bəzi mənzillərə artıq suvaq və üzlük vurulub. Bəzilərində isə bu proses yeni başlayıb. Ustalar işin qaydasında getdiyini və lazımi materialların vaxtına verildiyini deyirlər.
Binanın kommunal sisteminə gəlincə, yanğından demək olar ki, heç nə sağ çıxmayıb. Ona görə də su, kanalizasiya və elektrik xətləri sıfırdan bərpa olunur.
Binada əmək təhlükəsizliyi qaydalarına riayət edilmədiyi ilk baxışdan bəlli olur. Pilləkənlərin kənarındakı dəmir tutacaqlar yanğında məhv olduğundan indi heç bir qoruyucu sədd yoxdur. Fəhlələr deyirlər ki, dəfələrlə buradan yıxılma təhlükəsi ilə üzləşiblər. Bəzən yuxarı daşınan daş, kərpic və digər materiallar işçilərin əlindən aşağı düşür və təhlükə yaradır.
Söhbət zamanı ustalar arasında əmək haqqının azlığından şikayət edənlər də oldu. Adının çəkilməsini istəməyən usta deyir ki, divara vurulan suvağın hər kvadratmetri üçün onlara 1-1,5 manat verirlər. Halbuki bu işin bazar qiyməti 3-4 manatdır.
İş icraçısı Nemət Ələsgərov bizə bildirdi ki, təmir işləri 3-5 aya yekunlaşacaq. Binanın fasadı Finlandiyadan gətirilən yanmayan poliuretan maddə, ya da ki, suvaq və boya ilə üzlənəcək.
İş icraçısının sözlərinə görə, mənzillər təmir olunarkən sakinlərin istəkləri də nəzərə alınır. Ustalar isə sakinlərin sonsuz istəklərindən narazılıq edirlər.
Evinin təmirinə nəzarət edən sakinlər də aparılan işlərin keyfiyyətindən razı qaldıqlarını deyirlər. Onlara mənzillərinin dekabr ayının sonuna kimi təhvil veriləcəyinə dair söz verilib.
Onu da qeyd edək ki, Xətai rayonunda yanan binadan fərqli olaraq, bu bina daha keyfiyyətli şəkildə təmir olunur. İlkin mərhələdə sakinlər görülən işlərdən razıdırlar və bunu işlərə ölkə başçısının birbaşa nəzarət etməsi ilə əlaqələndirirlər.
 
















Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın