Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Jurnalist Abşeron DYP-sindəki açıq “bazar”dan yazdı – “370 manata həll edə biləcəyini bildirirdi”

Jurnalist Abşeron DYP-sindəki açıq “bazar”dan yazdı – “370 manata həll edə biləcəyini bildirirdi”

Abşeron rayonunda daimi qeydiyyatı olan yaxın qohum etibarnamə ilə bir neçə il bundan qabaq aldığı minik avtomobilini, həmçinin onun 044-lə tamamlanan qeydiyyat nömrəsini adıma keçirmək üçün bu gün mənimlə birlikdə Xırdalandakı BDYPİ-yə getmişdi. Məqsəd maşını adıma keçirməklə onun nömrəsini də saxlamaq, sonra mən tərəfdən ona etibarnamə verilməsi idi. Nə başınızı ağrıdım, hamı kimi növbəyə dayanıb texniki baxışdan keçdik. İnsafən, əyləc sisteminin, ekologiyaya avtomobilin buraxdığı qazın, amartizasiya sisteminin yoxlanılmasına tam qanun qayda ilə riayət edildi.

Bu yoxlamanın nəticəsi olaraq bizə verilən sənədləri götürüb yaxınlaşdıq 3 nömrəli otağa. Əsl bazarlıq, buna etiraz edib qanuni haqqımızı tələb edəndə minnət-filan da buradan başladı. Sənədlərimizi alıb kompyuterdə qeydiyyata salan şəxs işini qurtaran kimi, “10 manat ödəməlisiniz” dedi. Səbəbini soruşub izahat tələb edəndə, bu ödəmənin nə dərəcədə qanunu olduğunu soruşanda susub yuxarı başda oturan mayor rütbəli polis zabitinin yanına getməyimizi bildirdi.

Adını bilmədiyim bu mayor kompyuterin qarşısında oturub konkret pul qırırdı. Misal üçün, mənim növbəm çatana qədər o, bir neçə vətəndaşın işini aşırırdı. Bir nəfərin MMX radarının olduğu üzə çıxdı və dedilər ki, ödənməlidir. Adam da tələsik qalxdı yuxarıdakı otaqlardan birində ödəməni elədi gəldi. Bu dəfə həmin mayor ona izah etdi ki, ödəmən sistemə oturmayıb. Sürücünün, – “bəs mən nə edim?”, – sualına cavab olaraq bildirdi ki, “ya 5 manat ver tezbazar işini həll edim, ya da get təzədən həmin otağa, uzun növbəyə dayan, ödəməni etdiyin adama de, ödəməni sistemə otuzdursun”.

Bax beləcə əlbir olub bir ayı bir şir ilə insanların başına davamlı şəkildə oyun açırdılar. Nəysə, növbə bizə çatdı, yenə heç bir ödəniş etmədən bu “yoxlamadan” da keçdik. Məsləhət gördülər ki, yuxarı başdakı 1 nömrəli otağa gedək. Orada bizi rütbəcə polkovnik olan daha bir polis nəfəri qarşıladı. O, da sənədlərə baxandan sonra 10 manat ödəməlisən deyib durdu. Təbii ki, onun da qanunsuz tələbini yerinə yetirmədik. Naəlac qalan polkovnik sənədləri imzalayıb bizi yola saldı.

Yaxınlaşdıq 8 nömrəli otağa. Məlum oldu ki, Nəsimi rayonunda qeydiyyatı olanların sənədlərini qəbul edən şəxs yerində yoxdur və onun işini 7 nömrəli otaqdakı polis zabiti görür. Növbəyə dayanıb həmin otağa daxil olduq. Burada bir polkovnik leytenant, bir də çavuş oturub sənədləri hazırlayırdı. Polis çavuşu sənədləri qurdalayıb banka qanuni rüsum ödəməli olduğumuzu bildirdi və qanuni olaraq ərazidəki banka 28 manat rüsumu ödəyib, qəbzimizi alıb yenidən həmin otağa daxil olduq.

Bu dəfə həmin polis çavuşu bildirdi ki, maşını mənim adıma keçirmək problem olmasa da, nömrəsini adıma keçirmək qeyri-mümkündür. Bunun üçün avtomobilin lap əvvəlki sahibi gəlib razılıq ərizəsi yazmalıdır, əks halda 300 manat ödənməlidir. İzah edirəm ki, maşının əvvəlki sahibinin etibarnaməsi var, etibarnamənin də vaxtı bitməyib. Bu bahalıqda maşını mənə satan, etibar edən, nömrəni etibar etmir? Beləcə onunla söhbət əsnasında guya mənə hörmət edib bunu 100 manata həll etməyin mümkünlüyünü bildirir. Bir neçə dəqiqəlik icazə alıb çölə çıxdım və həmkarların birindən də bu polisin tələbinin nə dərəcədə qanuni olub-olmaması barədə fikrini öyrəndim.

Təkrar içəri girib həmin polisə pul tələbinin heç bir hüquqa, qayda qanuna əsaslanmadığını bildirdim. Yalan danışaraq insanlardan rüşvət tələb edən bu polis çavuşunun qızardığını görən yanındakı zabit sənədləri alıb müvafiq qeydlər apardı və məsələ buradaca bitdi. Beləliklə, cəmisi 28 manat dövlət rüsumu ödəməklə həm avtomobili, həm də onun nömrəsini öz adıma keçirə bildim.

Halbuki hələ texniki baxışdan keçəndə oralarda var-gəl edən yol polislərinə yaxınlaşıb bu işi sona çatdırmaq üçün nə qədər xərc tələb olunduğunu soruşanda 370 manata həll edə biləcəyini bildirirdi. Utanmaz-utanmaz and-aman edirdi ki, 350 manat ona-buna veriləcək, guya özünə 20 manat “çörək” qalacaq. Bu cür fırıldaqçılara heç vaxt inanmayın yoldaşlar, vətəndaşlar, hüququnuzu bilin, haqqınızı tələb edin…

Rufik İsmayılov

Azinforum.az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın