Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Jirinovski Ermənistanın iç üzünü açsa da, Azərbaycana da haqsızlıq etdi

Jirinovski Ermənistanın iç üzünü açsa da, Azərbaycana da haqsızlıq etdi

Rusiyanın populyar siyasətçilərindən biri, LDPR lideri Vladimir Jirinovski Dövlət Dumasının iclasında “erməni soyqırımı”nı dəstəkləyən qüvvələrə qarşı çıxıb. Jirinovski bəzi deputatların “erməni soyqırımı”nın 100 illiyi münasibətilə verdiyi xüsusi bəyanatı sərt tənqid edib.

“Bu bəyanat nəyə həsr olunub? Burada kimsə başsağlığından danışır, başsağlığı verir. Başsağlığını yalnız konkret fiziki şəxsin ölümü ilə bağlı verərlər. Dəfn, yas mərasiminə gedin, başsağlığını da orada verin. Burada isə söhbət 100 il bundan əvvəl olmuş hadisələrdən gedir. Siz bu halda başsağlığı verə, bu haqda danışa bilməzsiniz. Ola bilsin ki, yalnız həmrəylikdən danışmaq və ya təəssüflənmək mümkündür. Biz 100 il əvvəlki hadisələrlə bağlı bütün hiss və duyğularımızı ifadə etmişik.

“Qardaş Ermənistan” haqda yazıb danışmağa da heç bir əsas görmürəm. Çünki qardaş dövlətlər və qardaş xalqlar olmur. Bunu Ukraynanın timsalında da gördük. Ukraynadakı ruslar və Rusiyadakı ruslar bir-birinə nəinki qardaş olmadılar, hətta əksinə, düşmənə çevrildilər.

1991-ci ildə ən çox rusu məhz Ermənistandan qovub çıxarmışdılar. Ermənistan bu gün ən monoetnik ölkədir. Ruslar və digər xalqların nümayəndələri hər yerdə var, yalnız Ermənistandan başqa. Ona görə də orada “qardaş Ermənistan” yazmaq lazım deyil. Hə, yaxşı ölkədir, amma bəyanatın mətninə daha quru və ütülü fikirlər yazmaq olardı. Ermənistana başqa ölkələrdən təhlükə olmasaydı, o, Rusiya ilə bu qədər yaxşı münasibətlər saxlayardımı? Mən buna əsla əmin deyiləm. Ermənistanı Finlandiyanın qonşuluğuna köçürün, ondan sonra görün orada necə sərt antirus əhval-ruhiyyə olacaq. Yəni burada məsələnin məğzi coğrafiyadadır, kiminsə kiməsə qardaş olmasında yox” – deyə Jirinovski bildirib.

Jirinovskinin çıxışında razılaşmalı və razılaşmamalı məqamlər var. Əvvəla siyasətçi tamamlə doğru qeyd edir ki, Ermənistan monoetnik bir dövlətə çevrilib. Qeyd edək ki, həmin siyasət nəticəsində Ermənistandan yalnız ruslar çıxarılmayıb. Bu gün həmin dövlətin ərazisində bir nəfər də olsun azərbaycanlı qalmayıb. Jirinovski həmçinin qeyd edir ki, “Ermənistan başqa ölkələrdən təhlükədə olmasaydı…”. Aydındır ki, siyasətçi bu ştrixi Türkiyə və Azərbaycana görə vurğulayır. Bu məqamla razılaşmamaq olar. Çünki onun nəzərdə tutduğu ölkələr heç vaxt Ermənistana qarşı təhlükə olmayıb. Ermənistan hazırkı təhlükəli duruma özünün yürütdüyü siyasət nəticəsində yuvarlanıb.

Milli Azadlıq Hərəkatının tanınmış nümayəndələrindən olan Ramiz Tağıyev  açıqlamasında bildirdi ki, Jirinovski son çıxışında ənənəvi böhtanlarından daha çox həqiqətə yaxın olmaq istəyib: “Bəzən özünü qeyri-ciddi obrazda aparan Jirinovskinin dediklərində konkretlik və dəqiqlik də olur. Onu o qədər də ağılsız siyasətçi saymaq olmaz. LDPR sədri Rusiyanın danışan dilidir. Rəsmi qaydada deyilməyən sözləri rəsmi Moskva onun dilindən səsləndirir. Jirinovski türkləri və erməniləri hamıdan gözəl tanıyır. Çünki onun ixtisası bu coğrafiya ilə sıx bağlıdır. Son çıxışında ermənilərin mahiyyətini dəqiq açıb. Demək istəyib ki, onlar hər an xəyanət etməyə öyrənmiş millətdir. Bəli, bu gün Ermənistanda monoetniklik hökm sürür, ancaq dünyanın haqdan-ədalətdən danışan qurumları bu cür ciddi faktla bağlı həyəcan təbili çalmır.

Onun çıxışındakı Ermənistanın təhlükə səbəbindən Rusiyaya sığınması məqamını isə mən başqa cür izah edərdim. Ermənistan işğalçı siyasətində əldə etdiyi müvəqqəti nailiyyətləri qoruyub saxlamaq üçün Rusiyanı özünə yiyə seçib”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Hətta qələbəmizi də məğlubiyyətə çevirdik” – Jirayr Liparityan

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu …

Bir cavab yazın