Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Siyasət / İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?..

İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?..

Son günlərdə artan İsrail-Fələstin gərginliyi Azərbaycan cəmiyyətinə də təsirsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrin Azərbaycan seqmentində insanlar iki yerə bölünüb: bir qrup İsraili, digər qrup isə Fələstini müdafiə edir.

Maraqlıdır, əslində azərbaycanlılar hadisələrə necə yanaşmalıdır? Biz hansısa ölkəni müdafiə etməliyikmi?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-ın bu sorğusunu cavablandırıb.

Onun sözlərinə görə, azərbaycanlıların ən yaxşı münasibəti hər iki tərəfi sülhə çağırmaqdır:

“Bizim əsas meyarımız dövlətimizin maraqları olmalıdır. Bildiyimiz kimi, Azərbaycan dövlətinin İsraillə münasibətləri çox yaxşıdır.

Onu da qeyd etmək lazımdır ki, bu hadisələr xoşagəlməzdir. Körpə uşaqlar həlak olur. Mən hesab edirəm ki, belə bir mərhələdə bizim ən yaxşı mövqeyimiz kimisə müdafiə etmədən hər iki tərəfi sülhə çağırmaqdır. Sosial şəbəkələrdə insanlar kimisə müdafiə etməkdənsə, daha çox insanın həlak olmaması üçün sülhü dəstəkləməlidir”.

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Fələstin-İsrail münaqişəsini xalqların gözündən ən yaxşı təsvir edən əsər Bağdadda doğulmuş yəhudi əsilli yazıçı Əli Amirin “Yasəmən” romanıdır:

““Əmioğulları”nın davasında xalqların günahı yox, hər birinin öz həqiqətləri var.

İndi yenidən qızışan qarşıdurmada Azərbaycanın mümkün qədər neytral olması vacibdir, hətta Türkiyənin sərt mövqeyinə rəğmən. Əksinə, Bakı İsrail və Türkiyə münasibətlərində körpü ola bilər. Ankara-Təl-Əviv münasibətləri nə qədər yaxşı olarsa, bu, fələstinlilər üçün də normal perspektivlər yarada bilər.

Lakin dövlətin maraqlarına uyğun siyasi xətt tutması o demək deyil ki, insanlarımız zülmü alqışlamalıdır. Əslində normal olmayan məsələni bu qədər yaxına buraxmağımız, bu qədər həssaslaşdırmağımızdır”.

A.Nərimanlı deyib ki, dövlətin maraqlarına uyğun manevrləri, addımları var.

“Amma cəmiyyət olaraq Fələstin-İsrail münaqişəsi bizim 1 nömrəli məsələmiz olmamalıdır.

Qüds məsələsində Azərbaycan Fələstini dəstəkləyir, İsraili yox. Burada problem Azərbaycan insanının bütün məsələlərdə olduğu kimi, yenə də “Roma Papasından çox katoliklik” etməsidir, fələstinlidən çox fələstinli, yəhudidən çox yəhudi oluruq. Problemimiz budur”.

Siyasət yazarı, jurnalist Aqşin Kərimov bildirib ki, Fələstin-İsrail münaqişəsi barədə tək-tük insan obyektiv dəyərləndirmə aparır:

“Bəziləri isə bu məsələdə Azərbaycanın İsraili dəstəklədiyi qənaətindədir. Azərbaycanın mövqeyi isə çoxlarının düşündüyünüzdən fərqlidir, dövlətimiz beynəlxalq hüququn çərçivələri əsasında siyasət yürüdür. Bəzilərinin yeri gəldi-gəlmədi İsraili dəstəkləməyi, digərlərinin isə sırf İran siyasi leksikonu ilə İsrailə lənətlər yağdırmağının mayasında aşırı siyasi simpatiya dayanır ki, bu da obyektiv mülahizələrdən çox-çox uzaqdır. İsrail Azərbaycanın tərəfdaşıdır, hətta müttəfiqidir, lakin Bakı ədalətsiz siyasətə heç zaman haqq qazandıran bəyanatlar verməyib, verməyəcək də. Prezident İlham Əliyev özü vaxtı ilə Qüdsün İsrailin paytaxtı olmasına qarşı çıxış da edib. Onu da bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şərqi Qüds məsələsini işğal faktı kimi tanıyıb və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətlərə etiraz edib”.

Həmçinin oxuyun

Hafiz Hacıyev intim videolardan danışdı: “Mən onsuz da lütəm…”

Tanınmış şəxslərin intim videolarının yayılması ilə bağlı xəbərlər gündəmdə qalmaqdadır. Hətta prezidentin sabiq köməkçisi Əli …