Ana səhifə / Siyasət / İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terrorçu təşkilat kimi tanıdı

İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terrorçu təşkilat kimi tanıdı

İƏT üzvü olan Azərbaycan bununla bağlı hansı addımı atacaq? Elxan Şahinoğlu: “Məsələnin ölkə parlamentində müzakirəyə çıxarılacağını gözləmirəm”

Oktyabrın 18-19-da Özbəkistanın paytaxtı Daşkənddə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin 43-cü konfransı keçirilib. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. Toplantıda fətullahçıların  təşkilatı (FETÖ) terror təşkilatı elan edilib.  
Azərbaycanın da İƏT-ə üzv olduğunu nəzərə alsaq, o zaman belə bir sual ortaya çıxır ki, qərarın hüquqi status almasının ölkə daxilində hansı proseduru ola bilər, həmin qərardan sonra Azərbaycanın bu məsələ ilə bağlı mövqeyində nə dəyişəcək? 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, FETÖ-nün terrorçu təşkilat kimi elan olunması məsələsinin Azərbaycan parlamentində müzakirəyə çıxarılacağı gözlənilmir: “PKK ilə bağlı da belə məsələ var idi ki, nəyə görə Azərbaycan rəsmi səviyyədə PKK-nı terrorçu təşkilat kimi tanımır. Türkiyə PKK ilə mübarizə aparır, həmçinin bu ölkə Azərbaycanın müttəfiqidir. Bu səbəbdən Azərbaycanda PKK ilə əlaqəsi olan adamlar zaman-zaman Türkiyənin istəyi ilə həbsə alınıblar. Çevrilişə cəhddən sonra Azərbaycan hakimiyyəti birmənalı olaraq Türkiyə hakimiyyətinə dəstəyini ifadə etdi.
Daha sonra daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfər etdi və FETÖ ilə mübarizədə qardaş ölkəyə dəstək verəcəyini ifadə etdi. Bundan sonra  Azərbaycanda Milli Məclisin xüsusi olaraq, FETÖ-nü terrorçu təşkilat kimi tanımaq üçün müzakirələr aparacağını düşünmürəm. İslam Əməkdaşlıq Təşkilatının qərarına gəlincə, əgər bütün ölkələr belə bir qərar qəbul ediblərsə, bu, hamı üçün məcburi xarakter daşıyır. Ancaq mən bu qərarın tam reallaşacağını düşünmürəm. Çünki Qırğızıstan da İƏT-in üzvüdür. Amma Türkiyə hökumətinin istəyi əsasında Qırğızıstan rəhbərliyi və prezidenti öz ölkəsindəki FETÖ-yə bağlı şəbəkəni neytrallaşdırmadı, həmin məktəbləri qapatmadı, nə də statusunu dəyişdi. Bundan sonra necə olacağı da sual altındadır”.
Politoloqun sözlərinə görə, Azərbaycan bu məsələdə hər zaman Türkiyə hökumətinin istəyini həyata keçirib: “Onlar da Azərbaycan hakimiyyətindən razılıqlarını dəfələrlə ifadə ediblər. İndi bir siyahı da göndərilib, məlum deyil ki, orada kimlərin, hansı təşkilatların adları var. İslam Əməkdaşlıq Təşkilatında qəbul olunan bu qərardan sonra da müəyyən addımların atılması gündəmə gələ bilər. Məsələn, daha öncə, Qafqaz Universitetinin, bəzi hazırlıq kurslarının statusu dəyişdi. Lakin bu istiqamətdə problemlər hələ də qalır. Məni ən çox narahat edən odur ki, müxtəlif məlumatlara görə, Azərbaycanda dövriyyədə Fətullah Gülən şəbəkəsinin 2 və ya 3 milyard  dollara yaxın pulu var idi. Bu pullar nəzarət altına alınıbmı? Bu suala mən hələ də cavab tapmamışam. Bu isə o deməkdir ki, müəyyən təhlükələr hələ də qalmaqdadır”.
Image result for Elxan Şahinoğlu
Toplantı ilə bağlı müzakirə olunan digər bir məsələ odur ki, İƏT nazirlərinin toplantısının gündəliyində Rusiyanın Hələb bombardmanlarını qınayan qətnamə layihəsi də olub. İƏT baş katibi İyad Mədəni Rusiyanı Suriyada insanlığa qarşı cinayət törətməkdə ittiham edib. Bu qətnamə konfransa rəhbərlik edən Özbəkistanı çətin vəziyyətə salıb. Özbəkistan hökumətinin narahatlığından dolayı bu qərar ətrafında mübahisə yaşanıb və qətnamə qəbul olunmayıb. Çünki hər iki ölkə üçün Rusiya faktoru mühümdür.
Bu məsələyə münasibət bildirən Elxan Şahinoğlu bildirdi ki, nə Özbəkistan, nə də Azərbaycan hansısa qətnaməyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyə getməz. Qarabağ məsələsi ilə bağlı konfransda gedən müzakirələrə münasibət bildirən politoloq bunun Azərbaycanın xeyrinə olduğunu vurğuladı: “Hər  dəfə bu məsələnin müzakirəsi Azərbaycanın mövqeyini İslam ölkələrinin diqqətinə çatdırır. Bu müsbət haldır. Ancaq o başqa bir mövzudur ki, bu səslənən bəyanatlar, qəbul olunan sənədlər Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərmir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın