Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Siyasət / İşğalçının uğursuz format oyunu – Azərbaycanın sərt təpkisi nəticə verdi – ŞƏRH

İşğalçının uğursuz format oyunu – Azərbaycanın sərt təpkisi nəticə verdi – ŞƏRH

ATƏT-in yeni sədrinin Azərbaycana səfərinin ardınca Minsk Qrupu həmsədrləri dərhal bəyanat yaydılar. Təxminən eyni gündə Avropa Birliyi rəsmiləri də  Azərbaycan və Ermənistan rəhbərlərinin tezliklə görüşünün vacib olduğunu bildirdilər. Bundan əlavə, Brüsseldə erməni baş nazir Nikol Paşinyana birmənalı şəkildə anlatdılar və çağırış etdilər ki, Dağlıq Qarabağdakı rejimlə bağlı heç bir ön şərt irəli sürmədən yüksək səviyyəli görüşdə iştirak eləsin. Eyni prinsipial mövqe Bakıda ATƏT sədri tərəfindən sərgiləndi.

Başqa sözlə, Paşinyanın sülh danışıqlarının formatını dəyişərək, ora Xankəndini də əlavə eləmək səyləri fiasko oldu. Bu dəfə həmişəlik. Hərçənd bəzi analitiklərə görə, Nikol Paşinyan bu məsələdə öz məğlubiyyətini etiraf eləməmək, uğursuz durumda görünməmək üçün öz sərsəm və əsassız mövqeyini davam etdirməyə çalışacaq. Həm də o səbəbə ki, o, real sülh danışıqlarına, sadəcə olaraq, hazır deyil. Bu da o anlama gəlir ki, Paşinyan inqilab öncəsi öz xalqına verdiyi əsas vədləri tuta bilməyəcək. Söhbət hər şeydən öncə erməni xalqının rifah halının yaxşılaşdırılmasından gedir.

Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın Brüsselə səfəri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesində iştirakı ilə bağlı səsləndirdiyi fikirlərə bir daha sərt münasibət bildirib. XİN-dən verilən məlumata görə, Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqların formatını dəyişmək arzusu ATƏT-in Minsk Qrupunun, xüsusilə də onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətini məhv etmək kimi nəzərdən keçirilə bilər.

“Danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT-ə üzv ölkələrin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür. Xatırladırıq ki, həmin qərara əsasən Ermənistan və Azərbaycan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər qismində çıxış edirlər. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinin yeni təfsirini axtarmaq üçün lüğət improvizasiyalarına vaxtını sərf etməsin. İllər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil olan hər bir kəs münaqişənin həlli planının aydın şəkildə müəyyən olunduğunu bilir və bunu qəbul edir”, – deyə XİN-dən vurğulanıb…

*****

Картинки по запросу Tofiq Zülfüqarov

“Yeni Müsavat” xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarova görə, Ermənistan necə ki, Serj Sərkisyan dövründə Dağlıq Qarabağ konflikti səbəbindən problemlər içində idi, Paşinyan dönəmində də elə həmin problemlər girdabında qalır.

“Bütün mitinqlər başladı, keçdi və qurtardı. Rusiya ilə yaxşı əlaqələr də başa çatır. Bəs iqtisadiyyatla nə etməli? Öz qonşularınla münasibətlərlə nə etməli? Düşünürəm ki, erməni cəmiyyəti tərəfindən Ermənistanın siyasətinin təzədən və ciddi şəkildə dərki öz-özlüyündə mütləq baş verəcək. Nikol Paşinyanı hələ çox məyusluqlar gözləyir”, – deyə eks-nazir əminliklə qeyd edib.

Azərbaycan və Ermənistan liderlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə planlaşdrılan görüşündən gözləntilərə gəlincə, Tofiq Zülfüqarov belə bir görüşün təşkili ilə bağlı ciddi problemlərin olduğunu düşünür.

“Azərbaycan prezidentinin Ermənistanın mövqeyini xarakterizə edən son bəyanatına diqqət eləmək lazımdır. Dedi ki, formal danışıqlar istəmir. Azərbaycan həmişə bəyan edib ki, real danışıqlar lazımdır, danışıq xətrinə danışıq bizə gərək deyil. Belə görüşlər heç kısi inandıra bilməz ki, danışıq prosesi gedir. Ona görə də mən hesab edirəm ki, bu görüşdən öncə nə təklif ediləcəyi, hansı bəyanatların veriləcəyi görüş faktının özündən daha vacibdir”, – deyə o, əlavə edib.

Doğrudan da, liderlər səviyyəsində görüş xətrinə daha bir görüş nəyə və kimə lazımdır, əgər indiyədək onlarla belə görüş heç bir nəticə verməyibsə? Əgər belə təmaslar sırf işğalçı tərəfin xeyrinə atəşkəs rejiminin uzanmasına xidmət edirsə, o zaman növbətçi təmaslardan imtina ən məqbul qərar olmazmı? Təcavüzkar ölkə sülhə hazır deyilsə, qoy onda müharibəyə hazır olsun – müharibənin onun üçün doğuracağı bütün fəlakətli nəticələri ilə birgə.

*****

“Son hadisələr onu göstərir ki, ermənilər açıq şəkildə işğal edilmiş əraziləri qaytarmaq fikrində olmadıqlarını rəsmən bəyan edirlər”. Bu sözləri isə axar.az-a müsahibəsində prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov deyib.

Картинки по запросу Eldar Namazov

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işğal olunmuş Azərbaycan ərazilərinə səfər edir və burada məskunlaşma proqramı həyata keçirdiklərini, erməniləri Qarabağa köçürdüklərini bildirir. Buna oxşar bəyanatı Ermənistanın müdafiə naziri də verir. Paşinyan isə açıq şəkildə Azərbaycan prezidenti ilə görüşünün gündəliyinin olmadığını, konfliktin həlli ilə bağlı heç nəyi müzakirə etmədiklərini, yalnız danışıqların formatı haqqında müzakirə apardıqlarını deyir. Yəni demək istəyir ki, Dağlıq Qarabağ tərəf kimi danışıqlarda iştirak edəcəksə, onda hansısa ciddi məsələlər müzakirə oluna bilər. Bu, əslində onların işğaldan əl çəkmək niyyətində olmadığının sübutudur”, – deyə politoloq qeyd edib.

Ona görə də ekspert hesab edir ki, Azərbaycanın diplomatiyası, ordusu, bizim beynəlxalq təbliğat şəbəkəmiz eyni strategiyadan çıxış etməli, bir-birini tamamlamalıdır ki, nəticə əldə edə bilək: “Müasir dünyada iqtisadi, hərbi, diplomatik, informasiya strategiyaları uzlaşır və ”smart power” deyilən anlayış yaradır. Yəni əvvəllər tətbiq edilən “yumşaq güc” anlayışı artıq “ağıllı güc” anlayışı ilə əvəz olunub. Bu, o deməkdir ki, artıq həm hərbi, həm diplomatik, həm siyasi, həm iqtisadi, həm informasiya gücündən istifadə etməlisən. Təəssüflər ki, biz bu sahədə bəzi boşluqlar görürük. Ordumuzun yaratdığı imkanları hesab edirəm ki, diplomatiyamız kifayət qədər yaxşı istifadə edə bilmir. İnformasiya tədbirlərini uzlaşdırmırıq. Bir zamanlar bu proses bizdə tam əksinə idi. 90-cı illərin ortalarında, yəni atəşkəs imzalanandan sonra dünyada belə rəy yaranmışdı ki, erməni ordusu Azərbaycan ordusundan güclüdür. Onu da bizim torpaqlarımızın işğalı ilə əsaslandırırdılar. O dövrdə bizim diplomatiyamız daha sərt idi. Biz bu ictimai rəyə baxmayaraq, bir çox məsələlərdə diplomatik sahədə ermənilərə qalib gəldik. Vəziyyət elə bir səviyyəyə gəlib çatdı ki, ATƏT-in sammitində Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında ermənilərə muxtariyyət verilməsi ilə həll edilməsi barədə qərar çıxarıldı. Ermənilər veto hüququndan istifadə etdilər, ancaq sammit bəyanatla çıxış etdi ki, Ermənistandan başqa bütün ölkələr Dağlıq Qarabağ probleminin həllini bu cür görürlər. Ona görə də Ermənistanda böyük böhran yaşandı. Levon Ter-Petrosyana qarşı üsyan qaldırıldı və sonda da o hakimiyyətdən getdi”.

Lakin politoloqa görə, artıq vəziyyət dəyişib. “Bizim ordumuz bütün dünyada öz üstünlüyünü nümayiş etdirməyi bacarıb. Azərbaycan Ordusunun yaratdığı üstünlükdən diplomatiya sahəsində də yararlanmalı və nəticələr əldə etməliyik”, – deyə Eldar Namazov bildirib. Onun sözlərinə görə, ermənilər əvvəllər Azərbaycanın müharibəyə başlayacağı halda Moskvanın bizi hücum fikrindən çəkindirəcəyinə ümidli idilərsə, indi ruslarla münasibətləri müəyyən qədər korlanıb: “Ona görə də İrəvan indi ABŞ və Avropa ölkələrinə müraciətlər edir. Bu zaman Ermənistanda məxməri inqilab olduğunu, ”Sorosun uşaqları”nın hakimiyyətə gəldiyini qabardaraq, ABŞ-ın onlara dayaq durmalı olduğunu iddia edirlər… Hazırda ABŞ-ın tutduğu mövqe konfliktin bütün hallarda həll olunmasıdır. Paşinyana bununla bağlı açıq mesajlar verirlər. Donald Trampın Paşinyana 4 cümləlik təbrik məktubunun 2-sində Qarabağ problemindən bəhs edilir. Yəni Azərbaycanla bu problemi həll etməsi, münasibətlərini normallaşdırması tövsiyə olunur. Bu təbrik deyil, şapalaqdır. Yəni Tramp, ABŞ Paşinyana deyir ki, sən Azərbaycanla münasibətlərini normallaşdırandan sonra biz səninlə əməkdaşlıq edəcəyik. Ona görə də son yayılan əsassız bəyanatlar hamısı blefdir. O blefə uymaq olmaz. Yalançını evinə kimi qovmaq lazımdır. Ona görə də sərt diplomatiya aparmalıyıq ki, onların blefləri sabun köpüyü kimi partlasın…”

Həmçinin oxuyun

Gürcüstanda rusiyalı deputata görə qalmaqal qopdu, Bakıda səfərdə olan spikerin istefası tələb edilir

Gürcüstanın “Vahid milli hərəkat” və “Avropa Gürcüstanı-azadlıq uğrunda hərəkat” partiyalarından olan müxalifətçi deputatlar spiker İrakli …