Cümə , Avqust 14 2020
Ana səhifə / Siyasət / “İşğalçı tərəflə işğala məruz qalan tərəfə eyni münasibət sərgiləmək, işğalçıya dəstək vermək anlamına gəlir”

“İşğalçı tərəflə işğala məruz qalan tərəfə eyni münasibət sərgiləmək, işğalçıya dəstək vermək anlamına gəlir”

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda Aİ hər iki tərəfi silahlı qarşıdurmaya son qoymağa, gərginliyə səbəb olan hərəkətlərdən və ritorikalardan çəkinməyə, gələcək eskalasiyanın qarşısının alınması üçün dərhal tədbirlər görməyə çağırır.

Bu kontekstdə hər iki tərəf birbaşa ünsiyyət mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi başda olmaqla müəyyən edilmiş formatdan istifadə etməlidir. Bu ciddi atəşkəs pozuntusu şərait imkan verən kimi yerlərdə ATƏT-in monitorinqinin yenidən başlanmasının təkidlə zəruriliyini vurğulayır. Bəyanatda o da vurğulanır ki, Aİ tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında predmetli danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır.

Sözügedən bəyanatda Aİ-nin hər iki tərəfə, yəni işğalçı ilə işğala məruz qalan tərəfə eyni prizmadan yanaşması nə dərəcədə ədalətlidir? Azərbaycanın təşəbbüsü ilə BMT-nin pandemiya ilə bağlı məlum tədbiri keçirməsi fonunda rəsmi Bakı maraqlı olarmı cəbhədə atəşkəs pozulsun? Təbii ki, yox. Belə olan halda Aİ-nin tərəfləri eyni gözdə tutması və atəşkəslə bağlı çağırış etməsi nə dərəcədə doğrudur? Ən azından, Aİ Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ukrayna kimi konkret mövqe də sərgiləyə bilərdi.

Sözügedən məsələ lə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr əvəzi Arzuxan Əlizadə Avroittifaqın belə mövqe sərgiləməsini təəssüflə qarşıladı: “İyulun 12-dən başlayaraq Ermənistan hərbi birləşmələri Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizi ələ keçirmək məqsədilə artileriya qurğularından istifadə etməklə hücuma keçməklə növbəti dəfə genişmiqyaslı təxribat törədib. Təbiidir ki, Azərbaycan Ordusu adekvat addımlar ataraq təcavüzkar düşmənin cavabını layiqincə verməkdədir. Düşmənlə təmas xəttində və sərhəd boyu məntəqələrdə hər dəfə belə təxribatlar törədilərkən diqqətimiz həm də beynəlxalq təşkilatların və bir sıra maraqlı dövlətlərin hansı mövqe sərgiləyəcəyinə yönəlir. Təəssüf ki, hər dəfə bir sıra beynəlxalq təşkilatların məsələyə ikili standartlarla yanaşdığının şahidi oluruq. İşğalçı tərəflə işğala məruz qalan tərəfə eyni münasibət sərgiləmək, əslində elə işğalçıya dəstək vermək anlamına gəlir. Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı təcavüzkar tərəfi fərqləndirmədən hər iki tərəfi silahlı qarşıdurmaya son qoymaqla gərginliyə səbəb olacaq  hərəkətlərdən və ritorikadan çəkinməyə səsləyən dünənki bəyanatını da bu qəbildən hesab edirəm. Digər tərəfdən, Dağlıq Qarabağ probleminin həllinə bilavasitə sorumlu olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və həmsədr ölkələrinin, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin, eləcə də Avropa Şurası və digər beynəlxalq təşkilatların məsələyə adekvat münasibət bildirməyərək Ermənistanın atəşkəsi kobud şəkildə pozmasını qınamamaqlarına nə ad vermək olar?”.

A.Əlizadənin fikrincə, rəsmi Bakının təşəbbüsü ilə BMT-nin pandemiya ilə bağlı Xüsusi Sessiyasının keçirilməsi fonunda Azərbaycan tərəfi atəşkəsin pozulmasında maraqlı ola bilməzdi: “Bu, daha çox, Ermənistanın maraqlarına uyğundur. Unutmayaq ki, qarşı tərəfin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrdə baş verir. Erməni tərəfinin dünya ictimaiyyətinin COVİD-19 pandemiyası dövrü bütün münaqişələrin dayandırılması çağırışına məhəl qoymayaraq beynəlxalq səviyyədə centlemensayağı razılığı kobudcasına pozması da, nədənsə, Avropa İttifaqının və sadaladığım digər təşkilatların “diqqətindən” qaçır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Ermənistanla bütün danışıqların dayandırıldığını, problemin həllində sorumlu olan ATƏT-in Minsk Qrupunun bu illər ərzində yarıtmaz fəaliyyətini xüsusi olaraq qeyd etməklə ondan imtina olunduğunu, işğal altında olan torpaqlarımızın təcavüzkarlardan təmizlənməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlanılacağını bəyan etməlidir. Eyni zamanda, bütün beynəlxalq ictimaiyyət də xəbərdar olunmalıdır ki, beynəlxalq hüquqa əsasən işğal altında olan torpaqlarını işğalçılardan və terrorçulardan azad etmək Azərbaycanın doğal hüququdur və biz bu hüququmuzdan istifadə etməkdə israrlıyıq. Qürur duyacağımız bir məsələ var. O da ondan ibarətdir ki, bu günlərdə ölkədə əsl ordu-xalq vəhdəti nümayiş etdirilir. Son hadisələr bir daha göstərdi ki, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqımız işğalçıları torpaqlarımızdan qovub çıxarmaq əzmində və gücündədir”.

Belə məlum olur ki, beynəlxalq qurumların tutarlı mövqe ortaya qoymaması üzündən Ermənistanın işğalçı siyasəti heç bir əndazəyə sığmır.

Həmçinin oxuyun

Eldar Həsənovu həbsxanaya salan əsl səbəb…

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun bu gün Dövlət Təhlükəsizliyi …