Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Siyasət / İşğalçı ölkədə demokratiya oyunu – TƏHLİL

İşğalçı ölkədə demokratiya oyunu – TƏHLİL

Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan zaminlik əsasında həbsdən azad olundu. Koçaryanın azad olunması Ermənistanda siyasi situasiyanı dəyişə bilərmi? “Məxməri inqilab”ın bir yaşı təzəcə tamam olub və adətən avtoritar rejimlərdən demokratiyaya keçid tarixən bütün ölkələrdə ağrılı keçir, hakimiyyətlər dəyişə bilir, amma ən əsası odur ki, demokratiya geri dönmür. Bu gün “ərəb baharı”nı yaşayan müsəlman ölkələri belə daxili çəkişmədən boğulsa belə, demokratiya ağır günlərini yaşasa da, keçmiş rejimlər geri dönmür. Mövcud avtoritar rejimlər bu vəziyyətdən öz təbliğatlarında istifadə edib, keçid dövründəki kataklizmləri bəhanə gətirməklə, diktatura sabitliyinə önəm verirlər və düşünürlər ki, xalq da bu problemləri görüb, avtoritar rejimi dəstəkləyəcək. 

Ermənistanda da Koçaryanın azad edilməsini az qala köhnə rejimin, konkret olaraq Qarabağ klanının yenidən hakimiyyətə qayıdacağı kimi düşünənlər var və Rusiya liderinin bu istiqamtdə israrını yada salıb, Moskvanın təzyiqi ilə azadlığa çıxanın, eyni təsirlə hakimiyyətə qayıdacağını proqnozlaşdıranlar tapılır. Amma, bu belə olmayacaq.  Koçaryanın azad olunmasına zaminlik edən keçmiş və indiki separatçı rejimin prezidentləri Arkadi Qukasyanın və Bako Saakyanın xahişi əvvəlcə Nikol Paşinyana şəxsən Saakyan tərəfindən müraciət edilmişdi. Paşinyan bu addımı “mənəvi cəhətdən başa düşdüyünü, amma siyasi baxımdan bir sıra suallar yaratdığını” deməklə, suyun şimaldan bulandığının fərqində olduğuna işarə vurdu və Rusiya jurnalistləri qarşısında çıxış edərkən Qarabağda müharibənin qarşısını almağa “Rusiyanın rıçaqları çoxdur” ifadəsini boşuna işlətmədi. Paşinyan bununla ona təzyiq vasitəsi kimi Qarabağda müharibə olarsa, Rusiyanın razılığı ilə olacağına işarə vurub və özünü şimaldan bir növ sığortalayıb.  Ən əsası, Ermənistan əhalisi bu keçid dövründə müəyyən sosial – iqtisadi problemlər yaşasa da, 20 illik Qarabağ klanının avtoritar, korrupsioner, rüşvətxor hakimiyyətinin geri dönməsinin tam əleyhinədir və Paşinyan hakimiyyətdən getsə belə keçmiş rejimin nümayəndələrinin, konkret olaraq Qarabağ klanının yenidən hakimiyyətə gəlməsinə heç cür imkan verməyəcək. Bu cür klan hakimiyyətləri adətən qalan əhaliyə qarşı o qədər qəddarlıq edirlər ki, perspektivdə hətta onların içərisindən çıxacaq dürüst bir siyasətçiyə belə səs verməzlər. Ermənistan əhalisi də hal-hazırda bu cür əhval-ruhiyyəyə kökləniblər. Xalqın bu günədək Paşinyanı dəstəkləməsi indiki hakimiyyətin ən güclü silahıdır, həm də yalnız bu yox. Ermənistanda əhalinin əksəriyyətinin Qərbə və qərb dəyərlərinə meyllənməsi, diasporanın təsiri, indiki hakimiyyətin də Avropa ilə son bir ildə daha sıx əməkdaşlığı Paşinyanın ikinci böyük silahıdır. ABŞ və Avropa ölkələri Ermənistandakı mövcud hakimiyyəti tam dəstəkləyir və eyni zamanda təlimatlandırır. Həbsdə olarkən Koçaryanın “Reuters” agentliyinə göndərdiyi məktubda onun müxalifətə qoşulub mübarizə aparmaq barədə niyyətlərini bildirməsi də Qərbə mesaj idi. Koçaryan Rusiya ilə yanaşı Qərblə də əməkdaçlıq edəcəyinə işarə vurmaqla Qərbdən dəstək almaq məqsədini gizlətməmişdi. Koçaryana cavab gecikmədi və ABŞ-ın İrəvandakı yeni səfiri Linn Treysi iki gün əvvəl fəaliyyət proqramı haqqında danışarkən – “Ermənistanda demokratiya indiki kimi möhkəm olmayıb”- dedi və əlavə etdi ki, “Ermənistan coğrafi və tarixi baxımdan Rusiya ilə əlaqəli olsa da, dəyərlərinə görə Qərbə bağlıdır”. Paşinyanın ikinci güclü silahı Qərbin dəstəyini qazanmasıdır.  Üçücü prezident Serj Sarkisyan necə, Koçaryanla birləşib Paşinyan hakimiyyətdən uzaqlaşdıra bilərmi? Serj Sarkisyan Ermənistanda o qədər mənfi imicə malikdir ki, onun kimisə dəstəkləməsi əks-effekt verəcək və burda Koçaryanın əleyhinə işləyəcək. Bu adamların ümidi nə İrəvan erməniləridir, nə də Qarabağ erməniləri. Uzaqbaşı hər ikisinin bel bağladığı yer Moskvadır. Kremlin gücü burda yetərli ola bilərmi?Rusiya faktoru nə qədər təsirli olsa da Koçaryanı və onun tərəfdarlarından kimisə, hətta Paşinyanı saya salmayan indiki prezident Armen Sarkisyanı da hakimiyyətə gətirə bilməsi, yuxarıda qeyd olunan iki güclü silah qarşısında zəifdir.  Kremldə mövcud vəziyyəti təhlil edənlər Paşinyanla dil tapmağa daha çox üstünlük verirlər və hələ ki, buna da nail olublar. İkincisi, “şeytan təsvir etdikləri qədər də qorxulu deyil”(не так страшен чёрт, как его малюют). Burda bir haşiyəyə çıxmağı vacib hesab edirik. Təəssüf ki, bizdə belə bir qorxunu yaradıblar və hər zaman belə bir zərərli təbliğat aparırlar: “Biz Qarabağı azad etməyə başlasaq, Rusiya qoşunları Yalamadan daxil olacaq”. Bu təslimçi təbliğata “ələbaxan media”da tez-tez rast gəlmək olar və belələri fikirlərini əsaslandırmaq üçün-”aprel döyüşlərində Rusiya qoşunları Yalamada sərhəddə toplaşmışdı”-yalanını uydurur və xalqı Qarabağı azad etmək tələbindən çəkindərməklə məşğuldurlar.Koçaryanın zaminliyinə qalxan Qukasyan və Saakyanı müttəhim kürsüsündə Koçaryanla yanaşı oturdub başa saldılar ki, zamin durduqları şəxs qanunu pozan hərəkətlər etdikdə onların belə bir kürsüdə əyləşməsi mümkündür. Ona görə də Koçaryanın azadlığa çıxan kimi partiya yaradıb, siyasətə qatılması qanunla məhdudlaşdırılıb.Koçaryan da, Paşinyan da bir-birlərinə düşmən ola bilərlər, amma onların hər ikisinin ümumi düşməni bizik-Azərbaycandır. Qarabağı işğal etmiş düşmən ölkədə baş verən siyasi kataklizmlər onları zəiflədir və bu hal bizi gücləndirməlidir. Biz necə, güclənirikmi? Bizim gücümüzü xalqa arxalanan diplomatiyamız və ordumuz göstərməlidir. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyətə gəldiyi vaxtdan indiyədək, Azərbaycan onun hakimiyyətdə möhkəmlənməsi üçün Qarabağ cəbhəsində gərginlik yaratmayıb. Həzərə alınıb ki, Qarabağ müharibəsinin quzğunları ilə müqayisədə yeni hakimiyyətlə fərqli danışıq prinsipləri ola bilər və Qərbin də Paşinyan hakimiyyətinə dəstəyi açıq bilindiyindən, bütövlükdə düzgün siyasi xətt aparılıb. Amma, zaman dəyişir və özü ilə neqativ sürprizlər gətirir. Düşmənin zəif yerini və zamanı düzgün qiymətləndirib, hər an həlledici addımlar atmağa hazır olmaq lazımdır. (Moderator.az)

Həmçinin oxuyun

Surət Hüseynov kimin agenti olub?

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirin bu günlərdə 4 İyun Gəncə olaylarıyla bağlı  Azpolitika.info saytına …