Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / “İşğal altında olan torpaqların azad olunması üçün hərbi əməliyyatlara başlamaq dövlətimizin təbii hüququdur”

“İşğal altında olan torpaqların azad olunması üçün hərbi əməliyyatlara başlamaq dövlətimizin təbii hüququdur”

“İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun”.

Bunu Prezident İlham Əliyev üç yerli telekanala verdiyi müsahibəsində deyib. Prezident ilk dəfə olaraq beynəlxalq hüquqa əsalanaraq Azərbaycanın müharibə etmək hüququndan danışdı və danışıqların getmədiyini dedi: “Nədir bunların bəyanatında əsas tezis – hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk Qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

Bütün bu deyilənlərin fonunda, ölkə Prezidentinin beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın müharibə etmək hüququndan danışmasını ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadə Prezidentin məlum yanaşmasına müsbət prizmadan yanaşdı: “Ermənistan xarici havadarlarının, xüsusilə də forpostu olduğu üçüncü tərəfin bilavasitə dəstəyi və iştirakı ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib. İşğal nəticəsində tarixən bu ərazidə yaşayan soydaşlarımız didərgin salınaraq uzun illərdir ki, qaçqınlıq həyatı yaşamağa məhkum ediliblər. Baş verənlərə dünya ictimaiyyətinin, eləcə də beynəlxalq təşkilatların etinasız yanaşmasının nəticəsi olaraq, azyaşlı uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, yüzlərlə dinc mülki əhali erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib, minlərlə insan əsir və girov götürülüb, nəhayət, müasir dövrün ən qəddar qətliamlarından biri – Xocalı soyqırımı törədilib. 

Bildiyimiz kimi, Ermənistanın etnik təmizləmə aparması faktı sonradan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələrlə pislənib və erməni qoşunlarının qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməsi də tələb edilib. Lakin bütün bunlara baxmayaraq, Ermənistanın təcavüzkar rejimi işğalı legitimləşdirmək üçün hələ də davamlı olaraq canfəşanlıq edir, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, beynəlxalq ictimaiyyətə və demokratik dünyaya etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərini azad etmək barədə BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrini də icra etməkdən boyun qacırır”. A.Əlizadənin fikrincə, Qarabağ probleminin həllinə bilavasitə cavabdeh olan ATƏT-in Minsk Qrupunun həmsədrləri isə, əslində, faktiki olaraq, bu illər ərzində öz cinayətkar fəaliyyətsizliyi ilə işğal faktını legitimləşdirməyə xidmət edirlər: “Belə olan halda, əlbəttə ki, işğal altında olan torpaqların azad olunması üçün hərbi əməliyyatlara başlamaq Azərbaycan dövlətinin təbii hüququdur. Beynəlxalq hüquq da, Prezident İlham Əliyevin istinad etdiyi BMT Nizamnaməsi də bu hüququ tanıyır. Ölkə başçısının yanaşması tamamilə beynəlxalq hüquqa əsaslanır və düzgün mövqedir. Ermənistanın, eləcə də Dağlıq Qarabağın bugünkü separatçı marionet rejiminin mahiyyət etibarilə terrorçu bir qurum olduğu da məlumdur. Azərbaycan dövləti, həmçinin, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə görə işğal altında olan ərazilərində antiterror əməliyyatları keçirmək hüququna da malikdir. Hər kəsə, eləcə də ermənilərə məlumdur ki, Azərbaycan xalqı heç bir halda işğal faktı ilə barışmayacaq və əvvəl-axır, torpaqlarını işğalçılardan təmizləyəcək. Azərbaycan Ordusu da buna qadirdir. 2016-cı il Aprel döyüşləri də bunu təsdiq etdi”.

Görünən odur ki, ATƏT-in Minsk Qrupunun davamlı olaraq müharibə variantını istisna etməsinin heç bir hüquqi əsası yoxdur. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Hətta qələbəmizi də məğlubiyyətə çevirdik” – Jirayr Liparityan

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu …