Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İşgəncələrə Qarşı Komitədə möhür davası – FOTO

İşgəncələrə Qarşı Komitədə möhür davası – FOTO

İşgəncələrə Qarşı Azərbaycan Komitəsində möhür qalmaqalı böyüyür. Komitə sədri Elçin Behbudovun vəfatından sonra onun yerinə həyat yoldaşı, qurumda sədr müavini işləyən Elmira Behbudova təyin olunub. Komitənin qanuni sənədlərinin və möhürlərin E.Behbudovanın nəzarətində olmasına baxmayaraq, əvvəllər komitədə ekspert kimi fəaliyyət göstərən Elşad Həmidov da sədrliyə iddialıdır.

“Yeni Müsavat”ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün E.Behbudova ilə görüşüb. E.Behbudova dedi ki, özünü komitənin sədri elan edən E.Həsənovun saxtakarlıq edib: “1995-ci ildən Elçin Behbudov təşkilatı yaratdığım gündən onun birinci müavini olmuşam. Bu sənədlərdə də öz əksini tapır. 2015-ci ilin noyabr ayında Elçin Behbudov rəhmətə getdikdən bir ay sonra toplantı keçirdik və komitənin idarə heyətinin səs çoxluğu ilə sədr seçildim. Özünü saxta sədr kimi qələmə verən Elçin Behbudov Elşad Həmidovu 2005-ci ildə komitəyə ekspert götürüb. 2007-ci ildə isə müəyyən qüsurlarına görə komitədən xaric edildi. Onun xaric edilməsinə dair sənədlər var. Elçin müəllim rəhmətə getdikdən sonra Elşad Həmidov dekabr ayının 25-də toplantı keçirərək saxta şəkildə özünü sədr elan etdi. Orada iştirak edənlər arasında komitənin heç bir üzvü və yaxud idarə heyətinin üzvləri olmayıb. Komitədən bixəbər olan adamları toplayıb ki, çoxluq olsun”.

E.Behbudovanın sözlərinə görə, Elşad Həmidov saxta möhür də düzəldib və nazirlikləri saxta sənədlərlə aldadır: “Bizim təşkilat hər iki ildən bir, qeydiyyatdan keçir. İndi yeni sədrin təyin olunması üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir. Elşad Həmidov komitənin saxta möhürünə oxşar möhür düzəldib, saxta sənədlər hazırlayıb Baş İdarəyə göndərib. Komitənin hüquqi ünvanı hazırkı yaşadığımız yer olduğu üçün ona rədd cavabı gəlib. Mübahisəli olduğu üçün iş məhkəməyə göndərildi. Məhkəməyə isə komitənin bütün sənədlərini göstərdim, hər bir sənəd qanuni şəkildə qaydasında idi. Mən başa düşə bilmirəm, bu insan kimə arxalanır, bu cür qanunsuz əməllər törədir”.
E.Behbudova bildirdi ki, təşkilatın bütün qanuni sənədləri onda olduğu halda, E.Həmidovun sədrliyə iddia etməsi və dövlət qurumlarını aldatması cinayət əməlidir: “Bütün QHT-lərin vacib sənədləri olur. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin də Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi ilə bağlı sənədi var. Bu gün həmin sənəd məndədir. 10 ildən artıq fəaliyyəti olan təşkilatın sənədlərini saxtalaşdırmaq absurddur. Qeydiyyat, reyestr yoxdursa, bu adam necə fəaliyyət göstərir? Bunun özü də cinayətdir. Elşad Həmidov özünü sosial şəbəkələrdə, xəbər portallarında sədr kimi qələmə verir. Mən Baş İdarə ilə əlaqə saxlamışam. Elşad Həmidov adına qeydiyyata alınan sənəd yoxdur. Deməli, bu adam saxtakarlıqla monitorinqlər aparır. İdarələri də qınamaq olmaz. Çünki görürlər ki, möhür var, vəsiqənin üzərində komitənin adı da var. Özü açıqlama verib ki, Müdafiə Nazirliyində monitorinqlər keçirib. Təşkilat yaranandan möhür evdə olub, mən saxlamışam. Noyabr ayının 11-də, rəhmətlik Elçin müəllim Sabirabadda, Füzulidə, Saatlıda, Zərdabda monitorinqlər aparıb. Həmi zaman da möhür üzərində olub və orada xəstələnən zaman sənədləri və möhürü də evə gətirib. Elşad isə deyir ki, guya mən möhürü o zaman oğurlamışam. Mən öz möhürümü özümdən niyə oğurlayım? O, özünün hazırladığı saxta möhürlə Ədliyyə Nazirliyinin Baş İdarəsini aldadıb. Komitənin möhürünə bənzədib, ancaq yanaşı qoyub müqayisə etsək tamamilə fərqlidir. Bu, qeydiyyatdan keçirmədən, başqasının təşkilatını oğurlamaqdır”.

Məsələ ilə bağlı İşgəncələrə Qarşı Komitənin qadınlarla iş üzrə müavini vəzifəsində çalışan Sevil Allahverdiyeva ilə əlaqə saxladıq.

S. Allahverdiyeva də bildirdi ki, idarə heyəti üzvləri sədr kimi Elmira Behbudovanı seçsə də, Elşad Həmidov saxtakarlıqla komitəni onlardan almaq istəyir: “2006-cı ildən Elçin Behbudovla birgə çalışmışıq. Komitənin fəaliyyəti illərdir ki, göz qabağında olub. Son zamanlar xoşagəlməz hadisələr yaşanıb. Təşkilatı qanunsuz yolla saxtalaşdırıb ələ keçirmək istəyənlər peyda olub. Yeni sədrin təyin olunması üçün idarə heyəti toplaşıb, səs çoxluğu ilə Elmira Behbudovanı seçdik. İndi tanımadığımız şəxs özünü sədr kimi təyin edir. Elşad Həmidov özünü sədr kimi qələmə verir, bölmələrdə öz əlaqə nömrələrini qaynar xətt kimi lövhələrə asır. Halbuki həmin şəxs sıradan bir üzv kimi çalışıb. İdarə heyətində və yaxud məsul şəxs olmayıb. Heç bir layihədə, tədbirlərdə iştirak etməyib. Mətbuat danışır ki, guya monitorinqlər edib. Biz DİN-də zəng edib, bu barədə öyrənmişik. Nazirlikdə də onu heç kim tanımır. Bir sözlə, Elşad Həmidov saxtakarlıqla məşğuldur”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İşgəncələrə Qarşı Komitədə möhür davası

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın