Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “İşdən azad olunmuş Elnur Nağızadənin yerini başqasından niyə soruşurlar?”

“İşdən azad olunmuş Elnur Nağızadənin yerini başqasından niyə soruşurlar?”

Son günlər mediada, ictimai müzakirələrdə test imtahanlarının ləğvi ilə bağlı məsələnin gündəmə gətirildiyi müşahidə olunur. Bununla bağlı həm rəsmi şəxslər, həm də ictimaiyyət nümayəndələri müxtəlif fikirlər irəli sürürlər. Test sisteminin əleyhinə olanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK), onun sədri Məleykə Abbaszadəyə qarşı da müxtəlif ittihamlar irəli sürürlər.
Belə bir vaxtda TQDK-nın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadənin adı hallanan 150 min dollarlıq qalmaqalda da Məleykə Abbaszadənin adının hallandırılmasına başlanıb. Elnur Nağızadənin yaxınları Bakı şəhər sakinlərinin 2015-ci ilin avqust ayında ona işə düzəlmək məqsədilə 150 min dolları vermələrini Məleykə Abbaszadələ bağlamağa cəhd edirlər. Artıq bu barədə mətbuatda da bəzi məlumatlar dərc olunub.
Bütün bunlarla bağlı təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin fikirlərini öyrəndik.
– Etibar müəllim son zamanlar bəzi KİV-lərdə TQDK sədri Məleyə Abbaszadənin adı ətrafında müxtəlif söz – söhbətlər gəzir. Onun adını Elnur Nağızadənin əməlləri ilə bağlayırlar. Bu hadisə test imtahanlarının ləğvinin gündəmdə durduğu vaxta təsadüf edir. Sizcə nə baş verir?
– Mən elə bilirdim ki, Məleykə Abbaszadənin Elnur Nağızadə haqqında səsləndirdiyi fikirlərdən sonra KİV-lər bu mövzunu qapadacaq. O, bildirdi ki, Elnur Nağızadənin fəaliyyətinə münasibətini ötən ilin noyabrında bildirib və onu işdən azad edib. Hətta sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya göndəriblər. Bu faktın özü onu göstərir ki, TQDK sədri işçisinin əməllərindən xəbərdar olan kimi tədbir görüb.
Bəzi KİV-lərdən oxudum ki, hətta onu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə yanaşı qoyurlar. Bu absurd iddiadır. Hicran Hüseynova ilə bağlı hadisəni bir vəkil ortaya qoyub. Məleykə Abbasadə isə işçisnin dələduzluq əməllərini ifşa edib. Məncə KİV-lər belə məsələlərdə bir qədər məsuliyyətli olmalıdırlar.
O ki, qaldı testin ləğvi haqqında söz – söhbətlərin çoxalması ilə bu işin üst-üstə düşməsi məsələsinə, bu da bir xülyadır. Testin ləğvindən söhbət gedə bilməz və yaxın 10 illərdə bu mübahisə mövzusu olmayacaq. Xanım Abbaszadə vicdanlı, savadlı və təmiz məmurdur. Onun həm də ictimaiyyət arasında böyük nüfuzu var. KİV-lər bunları nəzərə alıb, dedi-qodu yazmamalıdırlar.
– Etibar müəllim, Elnur Nağızadənin qohumları da bu məsələdə Məlekə Abbaszadəni günahlandırır. Onun əmisi Tahir Nağıyev TQDK sədrini ittiham edərək dediklərini yaxın günlərdə keçirəcəyi mətbuat konfransında əsaslandıracağını bildirib.
– Elnurun əmisi çox şey deyə bilər. O, bildirir ki, Elnur yoxa çıxıb. Ötən ilin noyabr ayından TQDK-dan işdən azad olunmuş Nağızadənin yerini başqasından niyə soruşurlar? Maraqlıdır, bir nəfərdən 2-3 gün xəbər olmayanda, dərhal hüquq mühafizə orqanlarına müraciət edilir. Məncə onlar əvvəldən ona nəzarət etməli idilər. Belə çıxır ki, Məleykə xanımın keçmiş işçisi haqqında fikir bildirməsi onu qohumlarının yadına salıb?
Xatırlayırsınızsa vaxtilə TQDK sədri rəhbərlik etdiyi qurumda testlərin imtahanlardan qabaq satılması ilə bağlı faktları aşkar edən kimi özü hüquq mühafizə orqanlarına müraciət etmiş və bunu ictimailəşdirmişdi. Bunun özü də onu göstərdi ki, Məleykə xanım korrupsiya ilə barışmazdır. Bu iş də belədir, dələduzluq faktı aşkarlanıb, ölçü götürülüb və ictimailəşib. Elnur Nağızadə ilə bağlı Məleykə Abbaszadənin adının hallandırılmasını düzgün hesab etmirəm. Qərəz və böhtan elementləri dərhal görünür.
– Sizcə, Elnur Nağızadə faktoru Məleykə Abbaszadənin nüfuzuna təsir edəcəkmi?
– Bu məsələdə Məleykə xanım düzgün hərəkət edib. Həqiqət onun tərəfindədir. Ona görə də, bu cür yalan xəbərlərlə Məleykə xanımın nüfuzuna təsir göstərmək mümkün deyil. (AzPolitika.info)

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın