Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Siyasət / İsa Qəmbər erməni ilə debata çıxdı, darmadağın etdi – VİDEO

İsa Qəmbər erməni ilə debata çıxdı, darmadağın etdi – VİDEO

Azərbaycan Milli Məclisinin sabiq sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Ermənistan parlamentinin keçmiş vitse-spikeri, İrəvanın Qazaxıstandakı keçmiş səfiri Ara Saakyanla debata çıxıb.

Debatı “Exo Baku” Yutub kanalı təşkil edib. Kanalın “Dvoynoy uqol” verilişində erməni siyasətçi Qarabağın guya Stalin tərəfindən Azərbaycana verilməsi kimi iddialar səsləndirib, eyni zamanda Sumqayıt hadisələrini prosesin başlanğıcı kimi göstərməyə çalışıb.

İsa Qəmbər isə ona cavabında bildirib ki, Qarabağdakı ermənilər Ermənistandakı azərbaycanlılardan fərqli olaraq muxtariyyətə sahib idilər:

“Bu, Stalinin sayəsində mümkün oldu. 1988-ci ildə siz bu kampaniyanı başlatdınız və təbliğatçılarınız iddia etdilər ki, guya Stalin Azərbaycanın dostu idi. Baxmayaraq ki, ermənilərin Qarabağda muxtariyyət almasını təmin edən Stalin və onun adamları idi.

Ermənistandakı azərbaycanlılar Qarabağdakı ermənilərdən qat-qat çox idilər və kompakt halda yaşayırdılar, amma onlar bu muxtariyyəti almadılar. Bu, SSRİ-nin, Stalin hakimiyyətinin gələcək üçün qoyduğu bomba idi və hələ də Azərbaycan və Ermənistan bu bombadan əziyyət çəkir, bu siyasət, təəssüf ki, hələ də davam edir.

Siz Sumqayıt hadisələrini qeyd edirsiniz. Birincisi, Sumqayıta qədər Ermənistanda hadisələr baş vermişdi, onlarla azərbaycanlı öldürülmüşdü və bu, tarixi faktdır, hamısı da artıq qeydə alınıb. İkincisi, Ermənistanda baş verən hadisələrin (azərbaycanlılara qarşı qətliamlar – red.) erməni millətçiləri və ya sovet xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həyata keçirildiyinə əmin deyiləm. Ancaq tam əminliklə bildirirəm ki, Sumqayıt hadisələri KQB-nin təxribatı idi. Sumqayıtda çoxlu sayda ermənini məhz erməni mənşəli cinayətkarın öldürdüyü artıq sübut edilmiş faktdır.

Həmin vaxt o, erməni müstəntiqləri tərəfindən dindirilib və o, möcüzə nəticəsində sağ qalan Sumqayıtda yaşayan ermənilər tərəfindən tanınıb. O sağ qalan ermənilər məhkəmədə Qriqoryan olduğu təsdiqlənən şəxsin erməni olduğunu bilmirdilər, hamısı əminliklə o şəxsin qətliama rəhbərlik etdiyini bildirirdi. Məhkəmədə isə onun erməni olduğu üzə çıxdı.

Təəssüf ki, siz və digər erməni ictimai xadimlər bu həqiqətlərə gözlərinizi bağlamağa çalışırsınız”.

Laçın dəhlizindəki vəziyyətdən danışan siyasətçi erməni opponentinin blokada ilə bağlı iddiasını manipulyasiya adlandırıb:

“İndi də Laçın dəhlizindən danışırsız və deyirsiz ki, orada blokada var. Orada blokada yoxdur, aksiya var. Humanitar xarakterli bütün missiyalar keçir, xəstələr buraxılır. Bu isə blokadanın olmaması deməkdir.

Digər məsələ: bir neçə dəqiqə bundan əvvəl siz Qarabağdakı ermənilərin hüquqlarından danışanda soruşdum ki, Ermənistandan qovulmuş azərbaycanlılara belə hüquqlar verməyə hazırsınızmı? Amma mənə cavab vermədiniz. Mən yenə sizdən soruşuram: əgər siz Laçın dəhlizinin – hansı ki, bu yolla Azərbaycanın təbii sərvətləri daşınır, silahlar gətirilir – maneəsiz olmasını, Azərbaycanın o yola nəzarət etməməsini istəyirsinizsə, niyə Zəngəzur yolunun fəaliyyətinə razılaşmırsız? Niyə sizin xadimlər, hökumət və müxalifətiniz fəxrlə, sevinclə deyirlər ki, Ermənistan ərazisində dəhliz məntiqi ola bilməz? Niyə düşünmürsünüz ki, Zəngəzur yolunun fəaliyyətinə razılaşmasanız, Laçın dəhlizi də daim açıq qala bilməz. Əgər siz Azərbaycandan nəsə istəyirsizsə, Azərbaycana da nəsə verməyə hazır olmalısınız. Əgər ermənilərin Azərbaycanda yaşamasını istəyirsinizsə, azərbaycanlıların da Ermənistanda öz yurdlarında yaşamasına razı olmalısınız; əgər Laçın dəhlizini istəyirsinizsə, Zəngəzur dəhlizini verməyə hazır olmalısınız”.

İsa Qəmbər opponentinin Azərbaycan Ordusunun Ermənistana aid yüksəklikləri tutması barədə iddiasına bu cür cavab verib:

“Siz faktiki olaraq Azərbaycan ərazisinə iddia edirsiniz. O ərazilər ki, bütün dünya, BMT, beynəlxalq təşkilatlar oranı Azərbaycan torpağı kimi tanıyır, amma siz tanımırsınız. Sonra da deyirsiniz ki, Ermənistanla Azərbaycan sərhədindəki hansısa balaca yüksəklik Ermənistan ərazisidir və Azərbaycanın o yüksəkliyə nəzarət etməyə haqqı yoxdur. Əgər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin həqiqətən də Azərbaycan ərazisi olması ilə razı deyilsinizsə, o zaman hansı əsasla deyirsiz ki, hansısa yüksəklik Ermənistan ərazisidir?! Mən istəyirəm ki, biz bu məsələlərə simmetrik yanaşaq. Siz öz problemləriniz, ağrılanız, gözləntilərinizdən danışırsız. Və bizim də problemlərimizin, ağözrlarımızın, gözləntilərimizin olmasını anlamaq istəmirsiz. Siz tərəfdən heç bir empatiya yoxdursa, o zaman Rusiya uzun müddət bu vəziyyətdən istifadə edəcək, Ermənistanı nəzarətdə saxlayacaq, Azərbaycan üzərində nəzarəti artırmağa çalışacaq. Çox absurddur, Azərbaycanla Ermənistan döyüşür, qazancı isə Rusiya və yaxud hər hansı başqa qüvvələr əldə edir.

Doğrudanmı biz belə sadəlövh insanlar, sadəlövh xalqlarıq ki, bundan sonra da bu vəziyyəti davam etdirəcək, vuruşacağıq, münaqişə edəcəyik, Moskva və ya başqa mərkəzlər də bundan istifadə edəcəklər?! Tarix tarixdə qaldı – min il əvvəl burda kim yaşayıb, 100 il əvvəl bura kim köçüb – bunları bir kənara qoymaq, indidən danışmaq lazımdır – baxmayaraq ki, tarixin də önəmi var və bura köçənlər sizsiniz. Doğrudanmı bizim ikitərəfli qaydada, vasitəçilər olmadan masa arxasında oturub məsələlərimizi birbaşa həll etmək üçün kifayət qədər müdrikliyimiz yoxdur? Tiflisdə başlayaq, İrəvan və Bakıda davam edək. Niyə görə siz buna hazır deyilsiniz? Bu barədə düşünmək lazımdır”./Axar.azhttps://www.youtube.com/embed/OedEIqIgWdo

Həmçinin oxuyun

“Danışıqların uzanması növbəti müharibəyə səbəb ola bilər” – Beynəlxalq Böhran Qrupu

Sülh sazişinin imzalanmaması, danışıqları uzanması Ermənistanla Azərbaycan arasında böyük insan itkisiylə sonuclana biləcək yeni müharibəyə səbəb ola bilər. Beynəlxalq Böhran Qrupu …