Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / “İş adamının “dərisi soyulursa”, dövlət qurumları ona pul kisəsi kimi yanaşırsa…” – DEPUTAT

“İş adamının “dərisi soyulursa”, dövlət qurumları ona pul kisəsi kimi yanaşırsa…” – DEPUTAT

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məhkəmələri sərt tənqid edib.

Deputat yayımladığı videoda məhkəmələrin işində ciddi nöqsanlar olduğunu deyib:

“Bu günə qədər qazandığım siyasi və beynəlxalq təcrübə deməyə əsas verir ki, ölkənin inkişafı müstəqil ədalət məhkəməsindən keçir. Məhkəmələr barədə danışacağam.

Əgər iş adamı bu qədər zülm çəkirsə, haqqını bərpa edə bilmirsə, iş adamının “dərisi soyulursa”, dövlət qurumları, məhkəmə, ona pul kisəsi kimi yanaşıb əlindəkini də almaq istəyirsə, kim bu ölkəyə sərmayə qoymaq istəyəcək? Kim bu ölkədə işləyəcək, kim iş yeri açacaq, kim vergi ödəyəcək?

“Biləcəri təmir quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “Cənnət Park” MTK-nın 6 ildən artıq məhkəmə çəkişməsi ilə bağlı xeyli danışmışam. Ali Məhkəmənin sədrinə və digər aidiyyəti dövlət qurumlarına məktub da ünvanlamışam. Dastanlara, həm də gülüş obyektinə çevrilən məhkəmə qərarları məhkəmə sisteminə bütövlükdə ciddi kölgə salır. Geniş məlumat verəcəyəm. Amma deməliyəm ki, əgər iş adamı bu qədər zülm çəkirsə, haqqını bərpa edə bilmirsə, iş adamının “dərisi soyulursa”, dövlət qurumları, məhkəməsi, ona pul kisəsi kimi yanaşıb əlindəkini də əlindən almaq istəyirsə, kim bu ölkəyə sərmayə qoymaq istəyəcək, kim bu ölkədə işləyəcək, kim iş yeri açacaq, kim vergi ödəyəcək? Kim, deyin, kim?

Axı niyə iş adamları gözünüzə yağlı kabab, dadlı paxlava və Napoleon tortu kimi görünür? A kişilər, bütün dünyada iş adamlarına az qala dövlətin yüksək çinli məmurlarından belə çox hörmətlə yanaşırlar. Çünki iş yerini o açır, büdcəyə vergini o ödəyir, yenilikləri, innovasiyaları gətirir. Çünki pul qazanmaq istəyir. İmkan verək ki, pul qazansınlar. Niyə onların təşəbbüslərini, projelərini boğub məhv edirsiniz?”

O bildirib ki, 8 yanvar tarixində Konstitusiya Məhkəməsi Ali Məhkəmənin Kommersiya Kollegiyasının “Biləcəri təmir quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “Cənnət Park” MTK-nın xeyrinə qəbul etdiyi 23 iyul 2021-ci il qərarını ləğv edib:

“Konstitusiya Məhkəməsinin qərarında deyilir ki, Ali Məhkəmənin qərarı Azərbaycan Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin İX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4,65-69-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli qərarənda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılsın.

İndi sizlərə ən maraqlı məqamları çatdırım. Konstitusiya Məhkəməsinin eyni işlə bağlı artıq üçüncü qərarıdır və bu qərar o qədər sərt verilib ki, gərək ölkə bir-birinə dəyə. Konstitusiya Məhkəməsinin qərarından sonra aşağı instansiya məhkəmələri hansı cürətlə onun qərarından tam fərqli yeni qərarlar verə bilər? Daha bundan üst qurum yoxdur axı. Bəs onda novruzəlilər, tükəzbanlar nə etsin? Əgər Azərbaycanın ən qüdrətli və güclü məmurlarından biri olan Konstitusiya Məhkəməsinin hörmətli sədri Fərhad Abdullayevin haqqı bərpa edən iki qərarı ilə bağlı alt məhkəmələr o qərara söykənərək qərar çıxarmırsa, sonunda Konstitusiya Məhkəməsi 3-cü qərarını verirsə və qərarda artıq son xəbərdarlığını edirsə, biz hansı hüquqi müstəvidə danışaq? Konstitusiya məhkəməsi deyir ki, 7 il süründürməçilik olar? 7 ildir ki, iş adamı süründürülür və bunu Azərbaycan görür. İndi hansı iş adamını inandıraq ki, sən bu dövlətin ədalətinə inan?

Qısaca olaraq deyim ki, iki qurum arasında olan dava idxal olunan boruların kimə məxsus olması barədədir. 2017-ci ildə Ali Məhkəmə, 2018-ci ildə isə Konstitusiya Məhkəməsi plenumunun qərarı “Biləcəri” SC-nin xeyrinə verilib. Bundan sonra 1 saylı İqtisad Məhkəməsi boruların “Cənnət” MTK-ya verilməsi barədə qərar qəbul edib. Amma 2015-ci ildə həmin boruların Biləcəri təmir-tikinti şirkətinə aid olması barədə qərarı da eyni hakim eyni məhkəmədə verib.

Ardınca Bakı Aplelyasiya və Ali məhkəmə həmin qərarları qüvvədə saxlayıb. 2020-ci ildə Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını qüvvədən salan qərar qəbul edir.

Bunun ardınca Ali Məhkəmənin plenumu özünün və Bakı Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edərək yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. 2021-ci ildə Apellyasiya Məhkəməsi Konstitusiya və Ali Məhkəmələrin qərarlarına rəğmən, yenidən qarşı tərəfin xeyrinə qərar qəbul edib.

Bu multfilm kimə lazımdır? Bu boruların “Biləcəri təmir quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə aid olması təsbit edilib. Daha nə istəyirsiniz? Hə, yəqin 6 milyon manat yuxuları qarışdırıb, kimlərsə yuxusunda, Nyu-York şəhərindən Madaqaskara qaçan şir Aleks kimi ləzzətli toyuq görür. Bu toyuğun da qiyməti nə az nə çox, düz 6 milyon manatdır”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu …