Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / İraqdakı iğtişaşlarda İran izi – TƏHLİL

İraqdakı iğtişaşlarda İran izi – TƏHLİL

XXI əsrin əvvəllərindən başlayaraq Yaxın Şərqdə siyasi və iqtisadi durum get-gedə öz axarından çıxmağa başladı. Baş verən hadisələrin tam mərkəzində ərəb dünyasının aparıcı ölkələrindən olan İraq dururdu. Regionda həssas siyasi vəziyyəti ilə seçilən İraqda son günlərdə vəziyyət daha kəskin hal almağa başladı. Bir həftədir İraqın paytaxtı Bağdadda işsizlik, rüşvətxorluq və artan kasıblıq səbəbi ilə başlanan genişmiqyaslı aksiyalar nəzarətdən çıxmağa başlamışdır. Bağdadda başlanan hakimiyyətə qarşı etiraz aksiyaları tez zamanda ölkənin digər bölgələrinə yayılaraq, mühüm şəhərlərə sirayət edib. İlk başdan sadə görünən aksiyalar qısa zamanda qanlı qırğınlara gətirib çıxartdı. Ölkənin əsas şəhərlərində insanların etiraz dalğası yaratması hal-hazırki hakimiyyəti qorxu və təşvişə salıb. Etirazların qarşısını almaq üçün hər cür vasitə və metoda əl atmaqdan çəkinmirlər. Ölkədə polis qüvvələri ilə etirazçılar arasında ciddi toqquşmalar baş verib. İraqın baş naziri Adil Əbdülmehdi etirazçıları sakitləşdirmək üçün çıxışlar etsə də bunların heç biri fayda verməyib. Hökumət ölkədə komendant saatı elan edib və xalqa qarşı silahlı müqavimət göstərir.
Yaxın Şərqdə İŞİD-in meydana çıxmasını və Suriya məsələsini bəhanə edən İran regionda öz aktivliyini artırmaq üçün İraqda geniş dövlət dairələri içərisində özünə mövqe qazanmağa çalışır. İraq hakimiyyəti etirazları yatırmaq üçün İranın hərbi birləşmələrindən və “Həşd Şəbi”nin hərbi dəstələrindən istifadə edir. KİV-də yayılan video çarxlarda insanların İrana qarşı nifrəti açıq aşkar özünü göstərir. Etirazçılar İran bayraqlarını yandırır, Kərbəlada İranın Ali dini lideri Ayətullah Əli Xamneyinin şəkillərini cıraraq yandırırlar. İraq hakimiyyətinin əsas dayağı olan İran xalqın səsini kəsmək üçün ölkə əhalisinə qarşı silah ilə güc nümayişi göstərir.
Etirazçılar arasında əsas yer tutan şiə iraqlılar yaranmış vəziyyətə görə İİR-i ittiham edirlər. Etirazçıların əsas tələblərindən biri də İran hökumətinin İraqın daxili işlərinə qarışmasını və Sepahın “Qüds” briqadasının ölkədə yaratdığı “Həşd Şəbi” qruplaşmasının özbaşınalığına son qoyulmasını tələb edirlər. İraqda anti-İran ab-havasının güclənməsi rəsmi Tehran üçün gözlənilməz olub. İran rəsmiləri İraqda baş verənləri iki ölkə arasında xarici düşmənlərin nifaq salma planı kimi qiymətləndiriblər. Ayətullah Əli Xamneyi isə İraqdakı hadisələri “düşmənin məkrli planı” adlandırıb.
İraqın şiə liderlərindən biri olan Ayətullah Sistani də öz növbəsində baş verənləri qınayaraq İraq hökumətinin xalqa qarşı etdiklərinin səhv addım olduğunu bildirib. İraq parlamentinin iki deputatı nümayişlər zamanı etirazçılara atəş açanların İrana bağlı olan muzdur snayperlər olduğunu deyib. Deputatlardan biri Əhməd Əl-Cəburi bildirib ki, etirazçıların ölümünə görə Sepahın “Qüds” briqadasının generalı Qasım Süleymaninin məsuliyyət daşıdığını bildirib. Digər bir millət vəkili Faiq Əl-Şeyx Əli isə bildirib ki, İran İraq xalqını qətlə yetirir. Tehranın imam cüməsi də açıq-aşkar: “iraqlı etirazçılar Amerikanın əlaltıları olduğuna görə, onları öldürün” deyə çıxış edib. İllərdi yığılan və nahayət partlayan etirazlarda sosial-iqtisadi böhrana görə İran ittiham olunur. Dünyada neft ehtiyatlarına görə dördüncü yeri tutan İraq faktiki olaraq, İran tərəfindən zəbt olunub. Hökumətin siyasətini Sepah yönləndirir. Ona görə də iraqlılar yaranmış yoxsulluq və işsizliyin əsas səbəbi kimi Tehran rejimini günahlandırır.
İraqlı etirazçıların verdiyi məlumata görə ölkədə baş verənlərin böyük bir əksəriyyəti hakimiyyət qüvvələri tərəfindən gizlədilir. İraqda bir həftə ərzində 200-dən artıq insanın öldürülməsi və 6000-dən çox insanın yaralanmasının səbəbi ordu və polis qüvvələrinin real güllələrdən istifadə etməsidir. Etirazçıların 1000 nəfərdən artığının saxlanılması və 2000-dən çox adamın zəhərli qazlardan xəsarət alması barədə məlumat verilir.
 //bizimdovr.az//

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …