Bazar ertəsi , May 23 2022
Ana səhifə / Siyasət / İranlı “araşdırmaçı” Prezidentdən nə eşitmək istəyirdi?

İranlı “araşdırmaçı” Prezidentdən nə eşitmək istəyirdi?

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidentinin 44 günlük müharibə dövründə Ermənistana hərbi yardım göstərilməsində, silah-sursatların çatdırılmasında iştirak edən ölkələrin adlarını sadalaması təsadüfi deyildi. Bu, bir daha Azərbaycan cəmiyyəti üçün dostuyla düşmənini tanımaq üçün ipucları vermiş oldu. Bu zaman işğalçı Ermənistanın “xilasına” çalışan ölkələr sırasında İranın adının çəkilməsi isə əlbəttə ki, heç kimi təəccübləndirmədi…

Konfransda Tehrandakı “Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzi”nin baş elmi işçisi qismində iştirak edən Vəli Kaleci adlı şəxs ölkə başçısına ünvanladığı sualla bir daha İran tərəfinin müxtəlif QHT-lər, “ekspertlər”, “jurnalistlər” və s. adlar altında Azərbaycanda hansı fəaliyyətlə məşğul olduğunu ortaya qoymuş oldu. Heç kimə sirr deyil ki, belə “araşdırma mərkəzləri” əslində İran xüsusi xidmət orqanlarının cəsus mərkəzlərindən başqa bir şey deyil.

Adını çəkdiyimiz həmin V.Kaleci artıq ikinci dəfədir ki, Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edir və bu, həm də o deməkdir ki, İranın məlum şəbəkəsi Azərbaycanda azad, gen-bol fəaliyyətlə məşğul olmaqdadır. Hətta Azərbaycan Prezidentinin iştirak etdiyi konfransa qatılmaq və onunla diskusiya aparmaq imkanına malikdir…

Deməli, həmin bu iranlı “araşdırmaçı” Azərbaycan Prezidentinə bir növ irad bildirib ki, bəs Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı zamanı iranlı azərbaycanlılar İranın ərazi bütövlüyünə qarşı çıxışlar ediblər və niyə Azərbaycan tərəfi rəsmi qaydada buna etirazını bildirmir? 

Söhbət iranlı Azərbaycanlıların qədim tarixi məskənimiz, vətənimiz olan Arazın o tayı ilə bu tayı barədə fikirlərindən gedir. 

Marqlıdır ki, bu şəxs verdiyi suala Prezidentdən hansı cavabı gözləyirdi? Heç kim cənubdakı soydaşımızın bizimlə bir xalq, bir millət olduğuna dair doğru qənaətini inkar edə bilməz. Buna baxmayaraq, Azərbaycan dəfələrlə beynəlxalq hüquqa və qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edib. İransa dəfələrlə öz əməllərilə sübut edib ki, Azərbaycana hansısa irad bildirməyə mənəvi və hüquqi əsası olan ən axırıncı dövlətdir!

Əlbəttə ki, Azərbaycan Prezidenti lazım olan qaydada, tam arqumentli cavablarla iranlı “araşdırmaçı”nı yerinə oturtdu. Lakin bu məqam istər-istəməz bir daha İran-Ermənistan-Rusiya üçbucağının Azərbaycana qarşı mövqeyi, fəaliyyəti və bu “triada”nın bizim üçün yaratdığı təhlükələri gündəmə gətirmiş oldu. Bu, ilk dəfə deyil ki, İrandan “jurnalist”, “araşdırmaçı” və digər adlarla gələn xüsusi xidmət orqanları əməkdaşları, yaxud bu orqanların nəzarətində olan şəxslər Azərbaycanın dövlət başçısına təxribatçı suallarla müraciət edirlər.

Məsələn, ötən il Azərbaycan Prezidentinin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında İranın Mehr agentliyinin xanım əməkdaşı “Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların fəaliyyət göstərməsi barə”də təxribatçı sual vermişdi. 

Həmin suala da ölkə başçısı lazım olan cavabı verdi və Prezidentin əks-sualları, arqumentləri qarşısında iranlı “jurnalist” çıxılmaz vəziyyətdə qaldı. Bu da təbiidir. 

Ən azından regionda terrorizm və separatizm mənbəyi olan Qarabağdakı qondarma qurumun əsas dəstəkçiləri və himayədarları, onları müxtəlif vasitələrlə dəstəkləyən, onlarla əməkdaşlıq edən ölkələr bəllidir və bu ölkələrdən ermənilərə ərazi və mənəviyyat baxımından ən yaxın olan dövlətin də adı bəllidir – İran!

Qarabağın erməni-rus hərbi birləşmələrinin nəzarətində qalan hissəsinə gecə-gündüz yanacaq və separatçıların ehtiyacı olan başqa avadanlıqları daşıyan da İran şirkətləri, İran vətəndaşları və deməli, İran dövlətidir!

İran Azərbaycanda cinayətlər törətmiş, ölkəmizə qarşı xəyanət mövqeyi tutan, dövlətimizin dayaqlarına yönələn fəaliyyətlərlə məşğul olan anti-milli ünsürlərə sığınacaq, həm də geniş meydan verir. Bu adamlar bir İran telekanalının efirindən düşüb, digərinə çıxırlar, müxtəlif internet kanallarında Azərbaycana qarşı açıq düşmənçilik təbliğatıyla məşğuldurlar və bu nakəslərin İranda kimlər, hansı qurumlar tərəfindən maliyyələşdirildiyini hamı yaxşı bilir. Bütün bunları bilə-bilə Azərbaycan tərəfini guya Qarabağda hansısa terrorçuların xidmətindən istifadə etdiyini iddia etmək ən azı erməni separatçıları qədər həyasız, abırsız, təxribatçı və şər dağarcığı olmaq deməkdir.

Təsəvvür edin ki, ötən günkü konfransda ermənilərin ən qatı himayədarlarından olan Fransanı təmsil edən nümayəndə belə iranlı “araşdırmaçı”dan daha adekvat və normal təsir bağışladı. Fransanın “La Gazette” jurnallarının baş icraçı direktoru Jan-Mişel Brön konfransda deyib: “Fransa və Azərbaycan iki yüksək mədəniyyətə sahib ölkələrdir. Şuşa və Paris möhtəşəm mədəni paytaxtlardır. Beş əsr öncə Didro və Russo, böyük şair və filosof Nizami Gəncəvi maarifləndirmə fəlsəfəsinin nümayəndələri olmuşlar. Beləliklə, mənim sualım belədir – Siz Fransa və Azərbaycan arasında güclü mədəni münasibətləri inkişaf etdirməyi planlaşdırırsınızmı?”

Bu yanaşma hətta Fransanın da regiondakı reallıqla barışması və Azərbaycanla təxribatlar, təhdidlər, ziyanlı təbliğat , təzyiqlər yolu ilə danışmağın mənasız olduğunu anlamasının nümunələrindən biri sayıla bilər. İran tərəfi isə deyəsən, hələ də bunu anlamaq və bununla barışmaq istəmir.

Azərbaycan təbii ki, xaricdən gələn jurnalistlər, beynəlxalq qurumlar və QHT nümayəndələrinə hər zaman açıq olmağa çalışır və bu, müsbət haldır. 

Lakin belə görünür ki, bu istiqamətdə daha diqqətli olmağa ehtiyac var və ölkəmizə, dövlətimizə qarşı təxribatla məşğul olanların özlərini və daşıqıqları mənfur təbliğatı reklam etmələrinə imkan verməmək üçün müəyyən işlər görülməlidir. İran kimi dövlətlərin Azərbaycandakı məlum şəbəkələrini zərərsizləşdirmək isə həmin işlərin sırasında ən başda duranlardan biridir!

AzPolitika.info

Həmçinin oxuyun

“Kreml Paşinyanı Moskvaya çağırıb qulaqburması verəcək”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırıb. O, Avropa İttifaqının …