Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / “İrandakı teokratik rejimin 20 faizə yaxın səsvermə hüququ olan tərəfdarı var”

“İrandakı teokratik rejimin 20 faizə yaxın səsvermə hüququ olan tərəfdarı var”

İranda 11-ci parlament və Ekspertlər Şurasının 5-ci dövri seçkilərində seçicilərin iştirakı 42,5 faiz olub. Bunu İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani mətbuat konfransında deyib. Ə.Rəhmaninin sözlərinə görə, ümumilikdə, 24,5 milyon nəfər (24 512 404 nəfər) seçkilərdə iştirak edib. O əlavə edib ki, seçici fəallığında 48%-i qadın, 52%-i kişi olub.

İranın Daxili İşlər naziri səsvermə hüququna malik şəxslərin 57,9 milyon nəfər olduğunu və onun 2,93 milyon nəfərinin ilk dəfə səsvermədə iştirak etdiyini deyib.

Rəhmaninin sözlərinə görə, parlament seçkilərində 5 233 nəfər, Ekspertlər Şurasının dövri seçkilərində 53 nəfər mübarizə aparıb. Ölkədə prezident və parlament seçkilərində siyasi mübarizə, əsasən, siyasi arenanın iki böyük qüvvəsi – mühafizəkarlar və islahatçılar arasında aparılır. Bu il seçkilərdə mühafizəkarlar parlamentdə yerlərin daha çoxunu qazanıblar. Əslində, bu vəziyyət gözlənilən idi. Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi islahatçılar Qərblə danışıqlar apararaq sanksiyaları aradan qaldırmağa çalışdılar. Nəticədə İran daha sərt sanksiyalarla üzləşdi ki, bu da ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlaşması ilə nəticələndi. Mühafizəkarlar isə hər zaman ABŞ başda olmaqla, Qərblə yumşaq danışmağın əleyhinə olublar. İranın Ali rəhbəri Ayətullah Əli Xamneyi 2015-ci ildə Qərblə danışıqlara başlamaq istəyən Prezident H.Ruhaniyə ABŞ-a inanmaq olmaz, deyərək xəbərdarlıq edib. Çox yox, düz 2 il keçəndən sonra zaman Ali rəhbərin haqlı olduğunu göstərdi. Rəsmi Vaşinqton “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” sazişə imza atsa da, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və sazişdən çıxdığını bəyan etdi. Bu azmış kimi, ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaları daha da sərtləşdirdi. Bütün diplomatik səylərə baxmayaraq, H.Ruhani hökuməti sanksiyaları ortadan qaldıra bilmədi. Bütün bunların nəticəsi olaraq İran ictimaiyyəti parlament seçkilərində mühafizəkar düşərgənin nümayəndələrinə daha çox səs verdi.

Ən maraqlısı budur ki, bu, İslam inqilabının 41 illik tarixində İranda seçici fəallığının ən aşağı olduğu seçki kimi yadda qalıb. Bunun səbəbi nə ilə izah edilə bilər?

  • Cahandar Bayoğlu: “Burada ABŞ və Qərbin sanksiyalarının da böyük rolu var”

Yeni yaradılan Turan Partiyasının sədri Cahandar Bayoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu nəticə doğrudan da diqqətçəkəndir: “Səbəbini onunla izah etmək olar ki, İran xalqı artıq oradakı dini idarəetməni qəbul etmək istəmir. İranı idarə edən rejim get-gedə nüfuzunu itirir. Daxildəki qüvvələr demokratiya, açılım istəyirlər. Bir müddət əvvəl İranda baş verən narazılıqların fonunda cərəyan edən hadisələri biz gördük. Xalqın idarəetməyə münasibəti özünü orada daha qabarıq göstərdi. Həmin parametr özünü seçkidəki aktivlikdə də göstərir. Burada ABŞ və Qərbin sanksiyalarının da böyük rolu var. Bunun nəticəsində xalqın iqtisadi vəziyyəti pisləşib, maddi rifah halı aşağı düşüb. Sadə əhali seçici deməkdir. Onlar hesab edirlər ki, ölkəni bu vəziyyətə düzgün olmayan idarəetmə, yəni ruhani rejimi salıb. Bu səbəbdən də seçkiləri boykot edirlər, getmirlər. Seçkidə iştirak edənlərin belə 20 faizi də rejimi istəmir. Deməli, belə çıxır ki, İrandakı teokratik rejimin 20 faizə yaxın səsvermə hüququ olan tərəfdarı var. Hesab edirəm ki, bu göstərici gələcəkdə daha da artacaq. Çünki İranda ümumən vəziyyət get-gedə pisləşir. Son parlament seçkiləri dindar rejimi silkələmiş oldu”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüsləri davam edir

Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə …